image-qanunla-reklam
image-1674108119_1661168197-pul

Büdcədən ayrılan subsidiyalar bir çox hallarda qənaətlə xərclənmir – Palata

image-lady-day-az

Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı subsidiya ayrılan bəzi qurumlar tərəfindən ehtiyac olmadığı halda bu vəsaitdən istifadə edildiyi müəyyən edilib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Hesablama Palatasının “2022-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata” verdiyi rəydə bildirilib.

Sənəddə qeyd olunub ki, “Bakı Metropoliteni” QSC üzrə dövlət büdcəsindən ayrılan subsidiya məbləğlərinin real tələbatdan artıq həcmdə müəyyənləşdirilməsi və icra olunması səbəblərindən subsidiya hesabına investisiya fəaliyyəti ilə əlaqədar xərc istiqamətlərinə (əsaslı təmir, tikinti və s.) vəsait yönəldilir ki, belə vəziyyət də dövlət büdcəsinin tərtibi və icrası prosesi üzrə mövcud qanunvericiliyin və iqtisadi təsnifatın tələblərinə uyğun gəlmir.

Eyni zamanda, təhlillər göstərir ki, bəzi hallarda yönəldilmiş subsidiya məbləğləri istifadəsiz saxlanılır. Məsələn, dövlət büdcəsinin icrası barədə məlumatlarda “Hüquqi şəxslərə digər subsidiyalar” paraqrafından “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə fəaliyyətinin təmin edilməsi üçün 89,5 mln. manat məbləğində vəsait ayrıldığı və tam məbləğdə icra olunduğu göstərilib. Qurumdan təqdim edilmiş məlumatlara əsasən isə hesabat ilində faktiki olaraq 63,1 mln. manat məbləğində vəsait xərclənmiş və 2022-ci ilin sonuna 26,4 mln. manat Səhmdar Cəmiyyətin bank hesabında qalıb.

Ümumiyyətlə, Hesablama Palatası tərəfindən bir çox dövlət müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti tədbirləri dövlət büdcəsindən ayrılan subsidiyaların bir çox hallarda qənaətlə xərclənmədiyini, bu vəsaitin cari məqsədlər üçün ayrılmalı olduğu halda, bəzi hallarda birbaşa və yaxud dolayı yolla investisiya fəaliyyəti ilə əlaqədar xərc istiqamətlərinə (əsaslı təmir, tikinti və s.), kreditlərin ödənilməsinə və s. yönəldildiyini göstərir. Beləliklə, həm analitik təhlillər, həm də kənar dövlət maliyyə nəzarəti tədbirləri subsidiyaların verilməsi mexanizmini tənzimləyən aydın meyarların və konkret qaydaların olmasının vacibliyini ön plana çəkir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki