image-qanunla-reklam
image-1654935993_heyder_aliyev

Azərbaycanın yüksəlişinə nail olan Ümummilli Lider

image-lady-day-az

Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya ölkələri sırasında layiqli yerə çıxarıb.

Azərbaycanın müasir tarixi Ümummilli lider Heydər Əliyevdən ayrılıqda təsəvvür edilmir. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı, ölkəmizin uzunmüddətli və dinamik inkişafının ideya müəllifi sayılır. Onun adı ölkəmizin həm dünəni, həm bu günü, həm də gələcəyi ilə birlikdə çəkilir, xalqımızın dərin hörmət və ehtiram ünvanı kimi tanınır.

Dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan o vaxt dünyada yetərincə tanınmır, beynəlxalq arenada ilk kövrək addımlarını atırdı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu burada da köməyə gəldi, Azərbaycanın dünyaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər gənc dövlətin xarici siyasətinin uğurlarını təmin etdi.

Ulu öndər Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq” deyən Ümummilli lider həm də böyük optimist idi. Tale onun  optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.

Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki