image-qanunla-reklam
image-16657381375953947718_1000x669

Azərbaycan Xəzər regionunun enerji ehtiyatlarının Avropaya nəqlində əsas həlqədir

image-lady-day-az

Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun işində yaxından iştirak etməsi Azərbaycanın yeni imkanlarının təqdimatı, investisiyaların cəlb olunması, ölkəmizin təşəbbüskarı olduğu layihələrə dəstək verilməsi baxımından böyük əhəmiyyət daşıyır. Davos Forumunda Azərbaycan Prezidentinin fəal iştirakı ölkəmizin irəli sürdüyü layihələrə investisiya və siyasi dəstəyi daha da gücləndirəcək, ölkəmizin beynəlxalq birlikdə mövqeyini daha da möhkəmləndirəcək.

Azərbaycan 1995-ci ildən başlayaraq Davos Dünya İqtisadi Forumunda iştirak edir. Geridə qalan 28 il ərzində Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etməsi, Forumun ölkəmizin nailiyyətlərinin, üzləşdiyi çətinliklərin, strateji hədəflərinin beynəlxalq ictimaiyyətə təqdimatının əsas platformalarından birinə çevirib. Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ötən il fevral ayında ölkəmizə səfər edib. Dördüncü Sənaye İnqilabı Şəbəkəsi ilə əməkdaşlığın uğurlu nəticəsi olaraq, şəbəkənin Azərbaycan mərkəzi fəaliyyətə başlayıb. 2020-ci ildə Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasının əsas məruzəçisi olub. Dünya İqtisadi Forumu tərəfindən 2019-cu ildə nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycan 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabatın son nəşrinə əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yerləşib. Həmçinin ölkəmiz bu hesabatda Cənubi Qafqaz regionunda birincidir.

Dövlətimizin başçısı Davos İqtisadi Forumunda Azərbaycan həqiqətlərinin bir daha səsləndirilməsinə nail olacaq. Xüsusən nəzərə almaq lazımdır ki, builki forum “Parçalanmış dünyada əməkdaşlıq” devizi ilə keçirilir və ölkəmiz regional və beynəlxalq əməkdaşlığı dəstəkləyən layihələri ilə tanınır. Azərbaycan həm Şərq və Qərb, həm də Şimal və Cənub arasında dəmir yolu nəqliyyatı şəbəkəsi qurmağı bacarıb, ölkəmiz Çin-Qazaxıstan-Xəzər-Gürcüstan-Türkiyə dəhlizi ilə yanaşı, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa dəmir yolu xətlərinin də mühüm həlqəsi kimi çıxış edir. Böyük İpək Yolunun bərpası ideyasına uyğun olaraq Azərbaycan bütün nəqliyyat infrastrukturunu, eləcə də avtomobil yollarını bu zəncirin aparıcı həlqəsinə çevirməyə səy göstərir. Yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdədir.

Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlığı yaxın perspektivdə daha da genişlənəcək və rəsmi Bakı köhnə qitənin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşlarından birinə çevriləcək. Ölkəmiz Xəzər regionunun enerji ehtiyatlarının Avropaya nəqlində də əsas həlqədir və bütün bunlar Azərbaycanı Avropa üçün əhəmiyyətli tərəfdaşa, region ölkələri üçün isə əsas istinad nöqtəsinə çevirir. Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi və regiondakı hərbi-strateji üstünlüyü də ölkəmizin strateji dəyərini artırır. Bu baxımdan Prezident İlham Əliyevin Forumun işində yaxından iştirak etməsi Azərbaycanın yeni imkanlarının təqdimatı, investisiyaların cəlb olunması, ölkəmizin təşəbbüskarı olduğu layihələrə dəstək verilməsi baxımından böyük əhəmiyyət daşıyır. Davos Forumunda dövlətimizin başçısının fəal iştirakı ölkəmizin irəli sürdüyü layihələrə investisiya və siyasi dəstəyi daha da gücləndirəcək, ölkəmizin beynəlxalq birlikdə mövqeyini daha da möhkəmləndirəcək.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki