image-qanunla-reklam
image-370482619_855749315904848_473098486047267261_n

Azərbaycan-Özbəkistan münasibətlərinin  tarixində yeni səhifə açılır

image-lady-day-az

Bu gün böyük ailə olan türk dünyası birliyi, həmrəyliyi ilə diqqətdədir. Reallıq budur ki, tarixi Zəfərimizdən sonra bu birlik daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir.

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Məlum olduğu kimi Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən prezident seçkilərində xalqın növbəti dəfə etimadını qazanaraq yenidən Prezident seçildi. Bu səfərin özəlliyi ondadır ki, Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki, Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.

Səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir. Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Etibarlı tərəfdaş, sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni reallıq yaradıb. Regionda və dünyada nüfuzu durmadan artan Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.

İki ölkə arasında diplomatik münasibətlərin 1995-ci il oktyabrın 2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında mədəni əlaqələrə toxunaraq demişdir ki, Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, Azərbaycan paytaxtının küçələrindən birinə dünyaşöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələridir.

Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib.

Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar da yaxından iştirak ediblər. Bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. Xüsusilə xatırlatmaq lazımdır ki, Azərbaycan və özbək xalqları SSRİ rəhbərliyi, ələlxüsus Mixail Qorbaçovun hakimiyyəti zamanı məqsədyönlü şəkildə müxtəlif sahələrdə ayrı-seçkiliyin qurbanı olublar. 1989-cu ilin iyununda baş vermiş Fərqanə hadisələri SSRİ rəhbərliyinin, ələlxüsus M.Qorbaçovun türk düşmənçiliyinin bariz nümunəsidir. 20 Yanvar və Sumqayıt hadisələrində də eyni dəst-xətti görmək mümkündür. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütun partiyasının hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib. Təkcə üç gün ərzində bu şəhərdə 10 minə yaxın dinc sakin qətlə yetirilib. Ümumilikdə həmin hadisələr zamanı 35 minə yaxın özbək öldürülüb. Hazırda çoxsaylı erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.

1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Ölkələrin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub.

1997-ci il iyunun 18-19-da Ümummilli Lider Heydər Əliyevin Özbəkistana rəsmi səfərini isə münasibətlərin inkişafında yeni mərhələ kimi səciyyələndirmək olar. Həmin səfər zamanı Daşkənddə ölkələrimiz arasında 19 sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə” böyük əhəmiyyət kəsb edir. Həmin sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün möhkəm fundamental hüquq-müqavilə bazası yaradıb. Sənədlərin imzalanması mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev deyib: “Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin”. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov isə bildirib: “İki ölkə arasındakı münasibətlər məhz strateji əməkdaşlıq səciyyəli olacaqdır”.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki