“Artıq 600 manatlıq birdəfəlik müavinətin verilməsinə başlanılıb. Bu dəstək Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biridir. Belı ki, Əmək Məcəlləsinə edilən dəyişikliklər ilə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər, işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqinə başlanılır”.
“Qanunla.az” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərə çalışan vətəndaşlara aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı 600 manat birdəfəlik müavinət ödənilir:
“Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar. 600 manat birdəfəlik müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş, son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. Prosesə məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.
Şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayət edir. Belə ki, müavinət proaktiv qaydada təyin edilir. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququ varsa, ən geci 10 günə vəsait onun hesabına köçürüləcək”.