image-qanunla-reklam
image-1635522227_natiq-kaspi

11 aydır komada olan azərbaycanlı futbol məşqçisi ilə niyə kimsə maraqlanmır?

image-lady-day-az

 

Onun bölgə futbolunun inkişafında müstəsna xidmətləri var. Tamamilə yerli futbolçulardan qurulmuş “Viləş”lə Azərbaycan çempionatında hər kəsə “əlcək atıb”. Maliyyə cəhətdən daha iddialı klubdan  – “Şəmkir”dən dəvət alıb. Özünü sübut edib, komandası Azərbaycan çempionu olub. Futbolçu karyerası ərzində də “Avtomobilçi”i, Xabarovsk OİK-i və “Neftçi”də top qovub. Yetərincə məşhur simadır Azərbaycan futbolunda Qəhrəman Əliyev.

Futbol mütəxəssisilə bağlı Kaspi” qəzeti material hazırlayıb.

Qəhrəman Əliyev artıq 11 aydır ki, komadadır. Koronavirusa tutulduqdan sonra insult keçirib. Həkimlər onu süni komaya saldılar, amma səhhətində irəliləyiş olmadı. Uzun müddət xəstəxana şəraitində müalicə aldı. Yaxınları xəstəxana xərclərini qarşılaya bilməyincə müalicə ev şəraitində davam etdirilir. Əslində ev şəraitində də müalicə üçün az xərc tələb olunmur. Gün ərzində 500-600 manatlıq dava-dərman lazımdır. Həkimlər hər şeyin möcüzəyə bağlı olduğunu deyirlər.

Bu yerdə “Allah şəfa versin” deyib yazımızın “mustafa”sını bəyan edək. Bu müddət ərzində Qəhrəman Əliyevlə futbol təsərrüfatından kimsə maraqlanmayıb. Azərbaycan futbolunda belə bir məşqçi olmayıb sanki. Baxmayaraq ki, çempionatda ən çox oyun keçirən məşqçilərdən biridir. Üstəlik, qarşısına süni maneələr qoyulanda, böyük futboldan uzaqlaşdırılanda uşaq futboluna üz tutdu. Heç nədən çəkinmədən, usanmadan gələcək üçün futbolçu yetişdirməyə başladı. Baxmayaraq ki, o ranqda olan mütəxəssislərin hamısı uşaq futbolunda çalışmağı şənlərinə sığışdırmırlar. O isə kimsəyə ağız açmadı iş üçün. Uşaqlarla işi şərəf bildi özünə.

AFFA-nı ataq bir tərəfə. Bəs Futbol Veteranları İttifaqı haradadır? Axı bu qurumun sədri Oqtay Abdullayevin veteranlara “qayğıdan” danışanda ağzına çullu dovşan yerləşmir. Bu qayğı nədən ibarətdir? Hərdən-birdən veteranlar arasında yoldaşlıq görüşü təşkil edib 5-10 manat silməkdən? Axı Qəhrəman Əliyevin həm futbolçu karyerası, həm də məşqçilik fəaliyyəti çox zəngindir. O qədər zəngindir ki, “Neftçi”də cəmisi 5-6 oyun keçirmiş, sonradan klubun sürücüsü işləmiş Oqtay Abdullayev ona bu karyeraya görə yalnız həsəd apara bilər.

Ancaq bu gün Oqtay Abdullayev veteranların təşkilatına rəhbərlik edir. Futbolumuzun adlı-sanlı veteranının ölümlə  çarpışdığından isə heç xəbəri də yoxdur. Dövlətin ayırdığı vəsait əcnəbi mütəxəssislərə verilir, azərbaycanlı veteran isə ağır xəstəliklə mübarizədə tamamilə unudulub. Necə olacaq? Bilmirəm. Qəhrəman Əliyevin xəstəliyə qalib gəlib-gəlməyəcəyini də bilmirəm. Amma onu bilirəm ki, Azərbaycan futbolunun tarixində Qəhrəman Əliyev kimi zəhmətkeşlər qalacaq, Oqtay Abdullayev kimi hazıra nazir olanlar yox.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki