image-qanunla-reklam
image-azpressaz_yap_heyder_eliyev_yeni_azerbaycan_partiyasi

Zəngin ənənələrə malik YAP müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır

image-lady-day-az

Zəngin ənənələrə malik YAP müasir dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır

Martın 5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi kimi nüfuz qazanan, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verən Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayından iki il keçir. Qurultay partiyanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Belə bir mühüm məqamı nəzərə alsaq ki, Azərbaycan beynəlxalq aləmdə, nüfuzlu maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanıb, bu halda ölkənin aparıcı siyasi təşkilatının həmin prosesdən kənarda qalması mümkünsüzdür. O da məlumdur ki, YAP-ın irəli sürdüyü təşəbbüslərdə ölkədə gedən islahatlar prosesinin daha da dərinləşdirilməsi istəyi özünün aydın ifadəsini tapır. Belə ki, partiyanın 2019-cu ilin sonunda ölkədə geniş vüsət alan islahatların parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü də deyilənlərin təsdiqidir. Məhz bu təşəbbüs 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinə yol açdı. Hər bir əlamətdar hadisə keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2020-il sentyabrın 27-də başlayan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar Yeni Azərbaycan Partiyasının qarşısında da mühüm vəzifələr qoydu. Bu vəzifələrin müəyyənləşdirilməsi islahatlar prosesinin tərkib hissəsi kimi Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsini bir tələbə çevirdi. Qurultayda qəbul olunan yeni qərarlar partiyanın müasir çağırışları yüksək səviyyədə cavablandırmasında əhəmiyyətli rol oynadı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövr, zaman dəyişir, qarşıya yeni tələblər çıxır. Partiyanın 1992-ci ildə təsdiqlənən və “Yeni Azərbaycan uğrunda!” çağırışı özündə əks etdirən Proqramı həmin dövrün reallıqlarını cavablandırırdı. Amma artıq bu gün partiya “Biz birlikdə güclüyük!” devizi ilə 2021-ci ilin dekabrında təsdiqlənən yeni Proqramda əksini tapan müddəaların uğurla həyata keçirilməsi istiqamətində mühüm addımlar atır.

Ötən müddət ərzində Yeni Azərbaycan Partiyasının həyatında biri-birindən əhəmiyyətli hadisələr baş verib. Ən əsası YAP qələbələr partiyası kimi böyük nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvanda 550 nümayəndənin iştirakı ilə keçirən YAP bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirir. Yeni Nizamnamənin qəbulu, partiyanın fəaliyyətinin tənzimlənməsi üçün yeni mexanizmlərin müəyyənləşdirilməsi dövrün tələbi idi. Bu mühüm addımlar məhz VII qurultayda atıldı. YAP İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi partiyanın idarəetmə sistemində yeni mərhələnin başlanğıcı oldu. VII qurultayın mühüm hadisələrindən biri YAP Sədri İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci müavini təyin edilməsi oldu. Daim yeniliyə, təkmilləşməyə, Azərbaycanın yüksək səviyyədə təqdimatına xüsusi önəm verən Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas prinsipləri bu gün yeni vəzifələrin uğurlu icrasında öz sözünü deyir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Partiyanın 5 fəsildən ibarət olan yeni Proqramı bu günümüz və sabahımız üçün mövcud çağırışların məcmusudur

Partiyanın VII qurultayının müəyyən etdiyi əsas vəzifələrdən biri də partiyanın strukturunun yenilənməsi, yerli təşkilatların müasir çağırışlara uyğun yenidən qurulması idi. Partiyanın yeni Nizamnaməsinə uyğun olaraq partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırıldı. Son iki ilin uğurları səmərəliliyin yüksək səviyyədə təmin olunduğunu, hər bir rayon təşkilatının qarşıya qoyulan vəzifələri müasir tələblər səviyyəsində həyata keçirdiyini nümayiş etdirir.

Partiyanın 5 fəsildən ibarət olan yeni Proqramı bu günümüz və sabahımız üçün mövcud çağırışların məcmusudur. ötən il 30 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu dövrün hesabatını təqdim etdi. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşması, müstəqilliyinin möhkəmləndirilməsi, dünya miqyasında böyük hörmət və diqqət göstərilən ölkəyə çevrilməsi, bütün sahələri əhatə edən islahatlara, davamlı inkişafa, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunması, vətəndaş həmrəyliyinin, milli birliyin bərqərar edilməsi, ərazi bütövlüyünün təmini, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanması, bunların fonunda Prezident-xalq birliyinin daha da möhkəmlənməsi bu illərin uğurlarının ümumiləşdirilmiş ifadəsidir. Məhz bu uğurlara söykənərək dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda bu inamı ifadə etdi ki, partiya bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Zəngin ənənələri olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.

Yeni Proqramda əsas hədəflərdən biri Böyük Qayıdış proqramının uğurlu icrasına, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına dönüşünə dəstək olmaqdır. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ötən il partiyanın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə uğurlarımızın təhlili fonunda bu fikri böyük qürur hissi ilə qeyd etdi ki, biz Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 31 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib.

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın nail olduğu yüksəliş nümunələri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

2018-ci il Prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiya olan YAP-da islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etmişdir.

YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir. Həmin tarixi gündən sonra keçmiş bir ərzində gedən proseslərin təhlili də göstərir ki, YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar Partiyamızın fəaliyyətinin effektivliyinin artmasına və bu fəaliyyətin xalqın və dövlətin maraqlarına daha səmərəli xidmət etməsinə ciddi zəmin yaratmışdır. Qurultaydan sonra Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir.

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramı isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edir.

Qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal və mətin addımlarla qədəm qoydu. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir.

2021-ci il martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. 2 il öncə keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.

Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.

İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib.

2022-ci ilin yanvarın 28-də keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclasında YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.

VII qurultaydan sonra Yeni Azərbaycan Partiyasına 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunub. 773770 nəfər partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.

VII Qurultaydan ötən 2 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.  YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilib. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir təşkil edilib. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.

Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda,o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir.

YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında 5 fəsildən ibarət YAP-ın yeni Proqramı təsdiq edildi. Proqramda ölkəmizin infişafı üçün mühaüm əhəmiyyət kəsb edən bir sıra məqamlar öz əksini tapıb.  Proqramda həmçinin Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Proqrama YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar müəyyən edilib. Bunlar peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf,  sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlikdir. Partiya hər zaman cəmiyyətdə yeniliyin və müasirliyin tərəfdarı, təşəbbüskarı kimi çıxış edir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi

partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirir. Hər zaman vurğulandığı kimi, bu, sadəcə bir statistika deyil, xalqımızın Azərbaycanın dünəninin, bu gününün və sabahının əsası kimi dəyərləndirilən Heydər Əliyev ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin uğurlu siyasətinə dəstəyinin ifadəsidir.

Yeni Azərbaycan Partiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə Azərbaycanın daha da güclənməsinə, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalqımızın rifahının yaxşılaşmasına öz töhfələrini verməyə səy göstərir. Partiyanın tutduğu yola sadiqliyinə, dövlətə, xalqa bağlılığına və xidmətinə söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Yeni Azərbaycan Partiyasının əsas hədəflərindən biri Azərbaycan həqiqətlərini, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaq, tarixi ədalətin bərpasına, ərazi bütövlüyümüzün təmin edilməsinə nail olmaq idi. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrün uğurlarının, keçilən yolun bələdçisi olan Yeni Azərbaycan Partiyasının hər bir üzvü İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə Azərbaycan Ordusunun yazdığı tarixə  şahidlik etdi. Cəbhədən gələn qələbə müjdələri partiyanın çoxminli üzvləri tərəfindən böyük coşqu ilə qarşılandı. 2020-ci il noyabrın 10-da Yeni Azərbaycan Partiyasının qərargahının qarşısında möhtəşəm Qələbəmiz münasibətilə təşkil olunan tədbirdə bir daha vurğulandı ki, tarixi Zəfərimiz Azərbaycanın gücünün, qüdrətinin, Ordumuzun dünyanın ən güclü ordusu, xalqımızın yenilməz, məğrur xalq olduğunun dünyaya təqdimatı oldu. Bu Qələbə harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların, o cümlədən siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq hər kəsin birliyinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə hənrəyliyinin nümayişi oldu. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyini təmin etməkdir ki, Azərbaycan dövləti də bunu bacardı. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin müəllifi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir.

Bu gün Yeni Azərbaycan Partiyasının hər bir üzvü müstəqilliyimizin xilaskarı, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, qalib Prezident, cənab İlham Əliyevin rəhbərlik etdiyi partiyanın sıralarında təmsil olunmaqdan qürur hissi keçirir, ölkəmizin həyatında başlanan yeni mərhələyə-işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işlərinə öz töhfələrini verməyə səy göstərirlər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Yeni Azərbaycan Partiyasının yarandığı dövrün reallıqları ilə bu günü müqayisə etdikdə tamamilə fərqli mənzərəni görürük

Yeni Azərbaycan Partiyasının regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilməsidir.Xalqın istəyi, zamanın təlıbi ilə yaradılan Yeni Azərbaycan Partiyası gələn ay 30 illik yubileyini qeyd edəcək. Bu mühüm hadisə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında bir hesabatdır. Keçilən yola baxış və gələcək hədəflərin müəyyınləşirilməsi üçün geniş imkanlar açacaq bu tarixi günü Qələbə ovqatında qeyd etməyimiz hər birimiz üçün böyük xoşbəxtlik, qürurdur. Yeni Azərbaycan Partiyasının yarandığı dövrün reallıqları ilə bu günü müqayisə etdikdə tamamilə fərqli mənzərəni görürük. O illərdə Azərbaycan xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, ən əsası torpaqlarının biri-birinin ardınca işğalı dövrünü yaşayır, xalqın sabaha ümidi yox idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə milyonların sevgisini qazanmasının, xalqın partiyasına çevrilməsinin tək bir səbəbi var idi: Ümummilli Liderə xalqın sonsuz sevgisi və inamı! Çünki zaman göstərdi ki, xalq ulu öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etdi, müstəqilliyimiz əbədi, dönməz oldu. Son 19 ilin uğurları isə bu ümumiləşdirməni aparmağa əsas verir ki, Prezident İlham Əliyev Ümummilli Liderin görmək istədiyi Azərbaycanı qurub. Adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtliyini ifadə edir və bu hisslər atılan hər bir addımda, görülən işlərdə aydın mənzərəsini yaradır.

VII qurultayını Zəfərimizin yaratdığı reallıqlar əsasında keçirən Yeni Azərbaycan Partiyası qəbul etdiyi yeni qərarlarla, yeni tərkiblə irəliyə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik yubileyini Zəfər əhval-ruhiyyəsində qeyd edən Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq.

Bu əminliyə əsası verən görülmüş işlər və aparılan islahatlar sayəsində Yeni Azərbaycan Partiyasının regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilməsidir. 800 minə yaxın üzvü sıralarında birləşdirən partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı, 7 430 ərazi partiya təşkilatı mövcuddur. Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul olunmuş qərarlar partiyanın gələcək inkişaf strategiyasını müəyyən edir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

YAP-ın beynəlxalq əlaqələri Azərbaycanın uğurlu xarici siyasətində müsbət rol oynayır

Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amildir. Partiya qısa müddət ərzində ümumxalq partiyasına çevrilmişdir. Ulu Öndərin öz xalqına olan sadiqliyi və ölkənin gələcəyi ilə bağlı olan mütərəqqi baxışları xalqı onun ətrafında birləşdirdi. Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir. Ulu Öndərin azərbaycançılıq ideyası dövlətin müstəqilliyini qoruyub-saxlaması, inkişafı və dünyaya inteqrasiyanı təmin edəcək iki əsas istiqaməti özündə birləşdirirdi: dövlətçilik və milli mənəvi dəyərlərə sadiqlik.

Bir qədər tarixə nəzər salaq, 1992-ci il noyabrın 21-də Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdi. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də Heydər Əliyev dühası ilə bağlı idi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini daim diqqətdə saxlayırdı. “YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır”. Ulu Öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının gələcəyinə istiqamət verir və yol göstərir.

Gənclər sektorunda çalışan bir şəxs kimi əminliklə deyə bilərəm ki, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ulu Öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.

YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyasının qurduğu bu əlaqələr Azərbaycanın uğurlu xarici siyasətində bilavasitə müsbət rol oynayır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Beynəlxalq əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir

1992-ci il noyabrın 21-də yenicə müstəqilliyini bərpa edən gənc respublikamızın tarixində çox əlamətdar bir hadisə gerçəkləşdi. Həmin gün Yeni Azərbaycan Partiyası siyasi həyata vəsiqə aldı. Təsis konfransını 1992-ci il noyabrın 21-də  respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək, 760 minə yaxın üzvü sıralarında birləşdirməklə   ulu öndər Heydər Əliyevin  ideyalarının,  həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Yeni Azərbaycan Partiyasının yaradılması həqiqətən də xalqımızın və dövlətimizin həyatında tarixi hadisə idi.

YAP yarandıqdan bu günə qədər ölkəmizdə ciddi və məqsədyönlü islahatlar aparılıb. Xüsusi qeyd etmək lazımdır ki, respublika ərazisində mövcud olan bütün xoşagəlməz halların qarşısı alınıb, ölkədə daxili sabitlik yaranıb. Önəmli məsələlərdən biri də Yeni Azərbaycan Partiyasının xarici əlaqələridir. Məlum olduğu kimi, bu əlaqələr gündən-günə genişlənir. YAP təsis edildikdən, xüsusilə iqtidar partiyasına çevrildikdən sonra Azərbaycan müstəqil dövlət kimi dünyaya inteqrasiya etməyə başladı. Bu proses həm də xarici siyasətimizdə önəmli rol oynadı. Belə ki, xarici siyasət sahəsində aparılan islahatlardan sonra bu istiqamətdə prioritet məsələlər müəyyənləşdirildi. Bu da öz növbəsində ölkəmizin inkişafına və beynəlxalq arenada nüfuzunun artmasına səbəb oldu.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixindəki müstəsna roluna istinad edərək keçmişlə yaşamır, gələcəyə hədəflənir, dünyada, regionda və ölkədə baş verən proseslərə çevik reaksiya verir, ictimai düşüncənin, bəzən hətta ciddi məntiqi arqumentlərə əsaslanan fərdi baxışların formalaşdırdığı yeni tələbləri daha düzgün qiymətləndirməyə çalışır.  Ekspertlərin qənaətinə görə, Azərbaycanın müstəqil və səmərəli xarici siyasətinin fonunda Yeni Azərbaycan Partiyasının da beynəlxalq əlaqələri mütəmadi olaraq genişlənir və birmənalı şəkildə dövlətin milli maraqlarına xidmət edir.

Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. YAP bundan sonra da ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu vacib amili diqqət mərkəzində saxlayan partiyanın beynəlxalq əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

YAP-ın beynəlxalq əlaqələri həm başqa ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın, həm də beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir

Yeni Azərbaycan Partiyası ən sıx və geniş beynəlxalq əlaqələrə malik olan partiyadır. YAP Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Bu təşkilat 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirir. YAP Konfransın təkcə sıravi üzvü deyil, o, həm də daimi komitənin üzvü kimi də təqdim olunur. YAP-ın Türkiyənin Ədalət və İnkişaf Partiyası ilə həm Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlığı mövcuddur. Onun, həmçinin Rusiyanın “Yedinaya Rossiya” Partiyası, Gürcüstanın, Tacikistanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın da bəzi partiyaları ilə sıx əməkdaşlığı var. YAP Avropa Xalqları Partiyasında da təmsil olunur. Həmin blok çərçivəsində digər partiyalarla  sıx münasibətlər qurur. Bu əməkdaşlıq çərçivəsində həmin partiyalarla YAP arasında bir sıra layihələr həyata keçirilməkdədir. Hazırda YAP-ın ən sıx əməkdaşlıq etdiyi partiyalardan biri isə Çin Kommunist Partiyası və Vyetnam Sosialist Partiyasıdır. Bu partiyalarla həm Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı çərçivəsində, həm də ikitərəfli qaydada sıx əməkdaşlıq münasibətləri qurulub.

Göründüyü kimi, YAP-ın beynəlxalq əlaqələri həm başqa ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın, həm də beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir. Bu əlaqələrdə dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər prioritet istiqamətlərdir. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin əsas siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir. Mütəmadi olaraq bu partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Eyni zamanda, YAP nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Partiya beynəlxalq əlaqələrini bir neçə istiqamətdə inkişaf etdirir. Həm Avropanın, həm də Asiyanın müxtəlif siyasi təşkilatları ilə geniş əməkdaşlıq münasibətləri quran YAP Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı ilə də geniş əlaqələrə malikdir.

YAP-ın təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə müxtəlif konfrans və forumların keçirilməsi, partiyanın nümayəndələrinin Avropada müxtəlif siyasi forumlarda uğurla təmsil olunmaları kimi faktlar da partiyanın əhatəli əməkdaşlıq əlaqələrinə dəlalət edir. Bundan başqa, partiyanın Gənclər Birliyinin nümayəndələrinin Avropanın gənclər təşkilatlarının müxtəlif forumlarında uğurla təmsil olunmaları kimi amillər də çoxşaxəli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir.

Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, YAP fəaliyyət göstərdiyi müddətdə həm də Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayıb və hazırda bu proses uğurla davam etməkdədir. Bu əlaqələr həm də belə bir əminlik yaradır ki, ümumxalq partiyası olan YAP bundan sonra da özünün xarici əlaqələrini ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirəcək.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki