image-qanunla-reklam
image-115171_ssdcp7hoky

Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunmasına xidmət edir

image-lady-day-az

Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir

Ölkəmizin həm siyasi, həm də iqtisadi cəhətdən son dərəcə zəif olduğu və bir çox səbəblərdən yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsilə üz-üzə qaldığı bir vaxtda xalqın ən fədakar və vətənpərvər övladlarının ulu öndər Heydər Əliyevin ətrafında birləşməsindən yaranmış Yeni Azərbaycan Partiyası əsl ümumxalq birliyinin bariz təcəssümü kimi formalaşmış bir siyasi qüvvədir. Prezident cənab İlham Əliyevin 2021-ci il martın 5-də keçirilmiş YAP-ın VII qurultayında söylədiyi giriş nitqində qeyd etdiyi kimi, 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar ulu öndər Heydər Əliyevə müraciət etməklə əslində Azərbaycanı məhv olmaqdan qurtarmış oldular. Bu hadisədən sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi davamlı olaraq öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Çünki bizim əsl müstəqillik tariximizin başlanğıc nöqtəsi məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışıdır.

Bir məqamı da qeyd etmək lazımdır ki, ötən dövr ərzində bir neçə siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasını da dövlət başçısı tərəfindən həyata keçirilən mütərəqqi siyasi islahatların bir nəticəsi və eyni zamanda da hakim partiyaya qarşı olan inam və etimad göstəricisi oldu. Aydındır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti və bu zəmində formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdəndir. Artıq siyasi partiyaların böyük əksəriyyəti dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Diqqətəlayiq haldır ki, müharibədən əvvəl başlamış bu siyasi dialoq müharibə dövründə daha da gücləndi. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun qurulmasına xidmət edən mütərəqqi siyasi islahatların keçirilməsi əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər qurmasına yol açmışdır. Təbii ki, bu zəmində həmin partiyalar arasında bir çox məsələlərdə və ilk növbədə ümummilli maraqlara bağlı məsələlərdə vahid baxış və mövqelərin formalaşması tamamilə məntiqə uyğun bir haldır. O cümlədən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiyasının bariz nümunəsi, dövlət başçısının “Biz birlikdə güclüyük!” konsepsiyasının əsl ümumxalq ideologiyasına çevrilməsinin əsaslı sübutudur.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki