image-qanunla-reklam
image-288651

Xalqımıza qarşı törədilmiş qanlı faciə

image-lady-day-az

Xalqımıza qarşı törədilmiş qanlı faciə

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə Azərbaycan-türk millətinə qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan deyil, bəşər tarixində də ən qanlı faciələrdəndir. Qətliamlar zamanı ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib, 167 kənd dağıdılıb.

“Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 1999-cu il martın 30-da Tədbirlər Planı təsdiq etmişdir. Bu Fərmanın imzalanması aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına stimul oldu. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyev 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“ yaradılmasına qərar verdi. İkinci Qarabağ müharibəsində rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atdı. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması haqqın, ədalətin, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu sübut etdi. Tarixi sahibinə qovuşan torpaqlarımız cənnət məkana çevrilir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Şamaxıda törədilmiş cinayətlər ilə əlaqədar tədqiqat işləri hələ də davam olunur

1918-ci ilin 30 mart tarixndən başlayaraq Bakı şəhərində üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə yetiriblər. Mart soyqırımları zamanı Şamaxıda törədilən cinayətlər xüsusilə diqqət cəlb edir. Belə ki, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar tərəfindən aparılan bir sıra araşdırmalardan sonra müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Ermənilərin kütləvi soyqırımı törətdikləri digər bir bölgə isə Quba olub ki, burada öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb”, – deyə deputat bildirib. Erməni-bolşevik silahlı dəstələrinin 1918-ci ildə azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirilib.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Həqiqətləri ifşa edən prinsipial mövqe

 

Tarixi həqiqətlər, faktlar təsdiqləyir ki, ermənilər müxtəlif dövrlərdə havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçirmişlər. Hər zaman bu reallığı unudublar ki, tarixi saxtalaşdırmaqla, yalanlarına həqiqət donu geyindirməyə cəhdlər etməklə heç nəyə nail ola bilməzlər. Çünki tarix var. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra çoxəsrlik tariximizin hər bir səhifəsinin öyrənilməsi və təbliği qarşıya prioritet məsələ kimi qoyuldu. Ulu Öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması, Ermənistanın əsil simasının dünya ictimaiyyətinə çatdırılması oldu. Ermənilər yalanlarının ayaq tutub yeridiyi, yəni, dünyanın Azərbaycan haqqında məlumatsız olduğu vaxtlarda erməni diasporunun gücü sayəsində özlərini “yazıq, məzlum, döyülən, əzilən” millət kimi təqdim etmişdilər. 1993-cü ildən sonrakı dövr Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan addımlarla zəngin bir dövrdür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman həqiqətlərə işıq salınmasında əhəmiyyətli rol oynadı. Bir daha sübut olundu ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. 1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilib. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıb, onlara qəsdən fiziki qüsurlar yetirilib. Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

Ermənistanın əsassız torpaq iddialarının 1988-ci ildə yenidən baş qaldıraraq Qarabağ münaqişəsinin yaranmasına səbəb olduğunu deyən deputat əlavə edib: “Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. Bəzi dünya gücləri öz maraqlarını həyata keçirmək üçün işğalçı Ermənistandan bir vasitə kimi bəhrələndiklərindən erməni sevgisini nümayiş etdirib onlara dəstəkləri ilə münaqişənin həlli prosesinin 30 il uzanmasına səbəb oldular. Yenə də son sözü tarixi ədalət və beynəlxalq hüquq dedi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi tariximizin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli Azərbaycan Ordusu dünya güclərinin 30 ildə edə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olundu, tarixi ədalət və ərazi bütövlüyümüz bərpa edildi. Ötən ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi.

 

Sevinc İmanova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də ASM-nin müdiri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki