image-qanunla-reklam
image-img_3157

Vəkillər Kollegiyası üzvlüyünə namizədlərin andiçmə mərasimi keçirilib

image-lady-day-az

Aprelin 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Tədbirdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və vəkil marşı səsləndirilib.

Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun son beş ildəki fəaliyyəti, görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. A.Bağırov qeyd edib ki, 2005-2017-ci illərdə vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-2022-ci illərdə keçirilən 10 yazılı test imtahanlarının nəticəsində 1303 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunub. Bu gün ölkəmizdə vəkillərin sayı artıq 2240 nəfərdir.

Mərasimdə iştirak edənlərin 62 nəfəri kişi, 21-i isə qadındır. Vəkillər Kollegiyasının üzvlüyünə yeni qəbul olunan vəkillərdən 4-ü əvvəllər hakim vəzifəsində çalışıb. Onların siyahısını təqdim edirik:

Mustafayev Nofəl Qara oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi

Əmiraslanova Kəmalə Fərman qızı – Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi

Bağırov Məhəmməd Abduləli oğlu – Füzuli Rayon Məhkəməsinin sədri

Bayramov Əmir Novruz oğlu – Bakı Apellyasiya Məhkəməsinin hakimi.

Vəkilliyə namizədlər çıxışlarında bu peşəyə yiyələndikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv keçirilməsi üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş namizədlərin andiçmə mərasimi keçirilib. Vəkilliyə namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə and içiblər. Onlara vəkil vəsiqələri və ilk dəfə olaraq vəkil reyestrindən çıxarışlar təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki