image-qanunla-reklam
image-edliye

Vəkil Rüstəm Rəhimov AR Ədliyyə naziri Fikrət Məmmədova və DİN-i Vilayət Eyvazova müraciət ünvanlayıb

image-lady-day-az

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən hazırkı paylaşımı rəsmi müraciət kimi qəbul etmələrini xahiş edirəm.

Hüquqlarını müdafiə etdiyim Allahverdiyev Allahverdi Abdulhüseyn oğlunun konstitusion hüquq və azadlıqarı, o cümlədən azadlıq hüququ Ədliyyə və Daxili İşlər Nazirliklərinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri və özbaşınalığı nəticəsində kobud şəkildə pozulmuş və hazırda pozulmaqda davam edir.
Oğuz Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli 2(054)-349/2018 saylı qətnaməsi ilə Mikayılov Aydın Baxış oğlunun mərhum Mikayılova Qəribə Allahverdi qızı ilə birgə nikahından 26.10.2014-cü il tarixdə anadan olmuş Mikayıllı Timur Aydın oğlu və 05.04.2016-cı il tarixdə anadan olmuş Mikayıllı Aidə Aydın qızı adlı uşaqların Allahverdiyev Allahverdi Abdulhüseyn oğlundan alınaraq iddiaçı Mikayılov Aydın Baxış oğluna verilməsi qət edilmişdir. Bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır (Şəki Apellyasiya Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 23.09.2020-ci il tarixli qərarı).
Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi üzrə Oğuz rayon icra və probasiya şöbəsində icraata başlanılmış, müxtəlif tarixlərdə keçirilmiş icra prosesi zamanı uşaqlar atanın yanında qalmaqdan imtina etmişlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04.08.2021-ci il tarixli 11/203 nömrəli rəyində az yaşlı uşaqların baba və nənənin himayəsində qalması məqsədəuyğun hesab edilmişdir.
Sonradan borclu yaşayış yerini Bakı şəhərinin Nizami rayonuna dəyişdiyinə görə icra sənədi Nizami rayon icra şöbəsinə göndərilmişdir.
Borclu Nizami rayon icra şöbəsinin icra məmurunun çağırışlara gəlmiş, izahatında uşaqların yoldaşı Səlbinaz Allahverdiyevanın yanında Oğuz rayonunda yaşadığını və qərarın icrasının tərəfindən mümkün olmadığını bildirmişdir. Hətta 2 dəfə yoldaşından xahiş edərək uşaqların Nizami rayon icra şöbəsinə gətirilməsini təmin etmiş, icra prosesləri zamanı uşaqlar ataya getməkdən imtina etmiş, ağlamış, nəticədə böyük psixoloji sarsıntı və stress keçirmişdir ki, bu da öz növbəsində azyaşlıların sağlamlıqları üçün təhdiddir. İcra proseslərinin video çəkilişi aparılmış və müvafiq aktlar tərtib olunmuşdur.
Nizami rayon icra şöbəsində müvəkkilimə qarşı olan haqsızlıqlar sonradan davam etdirilmiş, borclu olduğu icra işi heç bir hüquqi əsas olmadan icra məmuru Fəxrəddin Şahhüseynovun 27.05.2022-ci il tarixli qərarı ilə Oğuz rayon icra və probasiya şöbəsinə göndərilmişdir.
Həmin qərarda qeyd olunur ki, guya borclunun Bakıda olduğu ünvana getmiş, lakin onun həmin mənzildə olmadığı müəyyən edilmişdir. Borclu necə həmin ünvanda yaşamır ki, dəfələrlə Nizami rayon icra şöbəsində olmuş, izahat vermiş, tərtib olunan aktları imzalamış, şöbə rəisinin qəbulunda olmuş, Ədliyyə Nazirliyindən dəvət olunan psixoloqla söhbət etmiş və s.
Daha sonra qərarda qeyd olunur: “Borclunun yaşayış yerinin müəyyən edilməsi üçünTəhsil Nazirliyi Oğuz rayon təhsil şöbəsinin N.Süleymanov adına Zərrab kənd tam orta məktəbi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, azyaşlılar dərslərdə davamlı olaraq iştirak edir və nənəsinin yanında qalırlar”. Siz təsəvvür edin prosessual sənəddə bu abzası xüsusi rütbə daşıyani ədliyyə qulluqçusu yazıb. Qərarda bu cür fikirlər ifadə edən məmurdan hansı qanuni tələbi gözləmək olar? Borclunun yerinin müəyyən edilməsi üçün məktəbə sorğu verilir…. “İcra haqqında” Qanunda göstərilir ki, borclunun yaşayış yeri məlum olmadıqda onun axtarılması haqqında qərar qəbul olunur. Lakin icra məmuru borclunun yerinin məlum olduğunu bildiyindən axtarış qərarı qəbul etmir, işi ərazi aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə göndərir.
Həmin abzasda qeyd olunub ki, uşaqların nənənin yanında qaldığı müəyyən olunmuşdur. Uşaqların nənənin yanında olmağını müəyyən etmək üçün sorğuya ehtiyac yoxdur, borclunun izahatlarını diqqətlə oxusaydı yetərli idi.
Həmin qərarda növbəti abzasda qeyd olunur ki, borclunun Oğuz rayonunda “Malik-M” MMC-də işlədiyi müəyyən edilmişdir. Hazırda yerli icra qurumlarında tətbiq olunan “Elektron icra” informasiya sistemi vasitəsi ilə müəyyən etmək olar ki, “Malik-M” MMC uzun illərdir fəaliyyətini dayandırıb və borclu orada işləmir.
Məhz bundan sonra qərarda qeyd olunur ki, göstərilənlər nəzərə alınaraq, “İcra haqqında” Qanunun 10 və 24-cü maddələri rəhbər tutularaq icra sənədi ərazi aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə göndərilir.
İndi isə qərarda qeyd olunan qanunun maddələrinə nəzər salaq. “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu Oğuz rayonunda yaşamırsa, borclu olduğu icra sənədi hansı əsaslandırma, qanun və “məntiq”lə Nizami icra şöbəsindən Oğuz rayon icra və probasiya şöbəsinə göndərilmişdir?
İcra işi Oğuz rayon icra və probasiya şöbəsinə daxil olduqdan və Tural adlı icra məmuru icra sənədini icraatına qəbul etdikdən sonra heç bir yazılı və şifahi məlumat vermədən, tələbkarın nümayəndəsi Hüseynov Elxan Xanbaba oğlu, rayon polis şöbəsinin əməkdaşları ilə birlikdə müvəkkilimin yaşlı anasının və övladlarının yaşadığı Oğuz rayonu Top kəndində yerləşən evə, baxış keçirmək adı ilə, qanunsuz daxil olmuşlar.
13.06.2022-ci il tarixdə baş tutmuş “icra prosesi” zamanı borclunun anası, oğlu Elməddin bildirmişdir ki, Allahverdi Allahverdiyev burada yaşamır, Bakıda yaşayır və işləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarında olur. Bu barədə akt tərtib olunur.
Həmin icra prosesi uşaqların atasına təhvil verilməsi məqsədilə təyin edilir, lakin tərtib edilmiş aktdan görünür ki, uşaqların atası olan tələbkar icra prosesində özü deyil, onun nümayəndəsi iştirak etmişdir. Halbuki Ailə Məcəlləsinin 74.3-cü maddəsində göstərilir ki, uşağın alınıb başqa bir şəxsə verilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin məcburi icrasında müvafiq icra hakimiyyəti orqanının, uşağı götürən şəxsin, zəruri hallarda isə polis orqanı nümayəndəsinin iştirakı vacibdir.
Qanunverici bu tip icra proseslərində uşağı götürən şəxsin, yəni tələbkarın iştirakının vacibliyini vurğulasa da, icra məmuru tələbkarın iştirakını təmin etmədən, onun nümayəndəsinin iştirakı ilə borclunun yaşamadığı evə qanunsuz daxil olmuş, tələbkarın nümayəndəsinə evdə çəkiliş aparmağa, müvafiq məhkəmə qərarı olmadan saxlanc yerlərini açaraq baxış keçirməyə şərait yaratmışdır.
Tutaq ki, həmin vaxt uşaqlar qeyd olunan ünvanda olsaydı, icra məmuru iki azyaşlı uşağı kimə təhvil verəcəkdi? Atalarının tanımadıqları nümayəndələrinə?
Bundan sonra isə icra məmuru Tural Abdurahmanov 14.06.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 109, mənzil 14 ünvanında qeydiyyatda olan və yaşayan Allahverdiyev Allahverdi Abdulhüseyn oğlunun axtarılması haqqında qərar qəbul edərək Oğuz rayon polis şöbəsinə göndərmiş, sonuncu borclunun Bakı şəhərində qeydiyyatda olmasını əsas götürərək qərarı geri qaytarmışdır. Daha sonra 20.06.2022-ci il tarixdə təkrarən borclunun axtarılması haqqında qərar qəbul edərək Oğuz rayon polis şöbəsinə göndirmiş, bu dəfə Oğuz RPŞ qanunun və müvafiq təlimatın tələblərini pozaraq müvəkkilim barəsində 24.06.2022-ci il tarixdə axtarış işi açmışdır.
Məsələnin gülməli tərəfi odur ki, müvəkkilim Bakı şəhərində qeydiyyatda olmaqla yaşasa da, Oğuzda yaşayan ailə üzvlərinə baş çəkərkən tövsiyəmə uyğun olaraq Oğuz RPŞ-nin çağırışına getmiş, polis əməkdaşları onu aidiyyəti üzrə Oğuz rayon icra və probasiya şöbəsinə təhvil versələr də, icra məmuru onu qəbul etməyərək uşaqların gətirilməsini tələb etmişdir. Bu hal isə nə az, nə çox -4 dəfə təkrarlanmışdır. Yəni axtarışda olan şəxs rahat şəkildə polis şöbəsinə, icra şöbəsinə və digər qurumlara daxil olur, onun axtarışda olmasına heç bir əsas olmadığı halda barəsində açılan axtarış işinə xitam verilməmişdir.
Bununla bağlı dəfələrlə Oğuz PRŞ-nin əməkdaşlarına hərəkətlərinin qanunsuz olduğunu izah etməyimə, hüquqi maarifləndirmə aparmağıma, DİN-in rəhbərliyinə və 102 xidmətinə borclu tərəfindən məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəblərdən qanunsuz olaraq açılmış axtarış işi hələ də xitam olunmamışdır.
Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilmiş “Borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili və həyata keçirilməsi haqqında Təlimat”ın 1.3-cü bəndində qeyd olunur ki, borclu fiziki şəxslərin və cavabdehlərin axtarışı qanunçuluq, humanistlik, insan hüquq və azadlıqlarına hörmət prinsipi əsasında həyata keçirilir.
Həmin Təlimatın 3.5-ci bəndində qeyd olunur ki, dövlət yol polisi qurumunun əməkdaşı yol hərərkəti qaydalarının pozulmasına görə və ya sənədlərin yoxlanılması üçün stasionar postlarda saxlanılan nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri, sürücülük vəsiqaələri alan, nəqliyyat vasitəsinin dövlət qeydiyyatından və texniki baxışdan keçirən əşxslər arasında axtarılanları müəyyən edir.
Təsəvvür edin, şəxsi işi ilə əlaqədar və ya Oğuz rayonundan yaşadığı Bakı şəhərinə qayıdarkən yol hərəkəti qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılır, sənədləri yoxlanılarkən axtarışda olduğu müəyyən edilərək Oğuz rayonuna geri qaytarılır. Oğuz RPŞ həmin şəxsi icra qurumuna təhvil verir, icra qurumunun şəxsi qəbul etməməsi əsas gətirilərək axtarış işinə xitam verilmir. Və bu hal dəfələrlə təkrarlanır, nəticədə şəxsin konstitusion hüququ olan sərbəst hərəkər etmək hüququ pozulur.
Digər bir misal. Borclu hüquqlarının həyata keçirilməsi üçün başqa bir vəkilə və ya etibar etdiyi şəxsə etibarnamə vermək istəyir, notariat orqanı şəxsin axtarışda olduğunu əsas götürərək onun etibarnamə vermək hüququnu təmin etmir.
Halbuki, icra qurumunun şəxsi qəbul etməməsi axtarış işinin xitam edilməsi üçün əsas deyildir. Belə ki, “Borclu fiziki şəxslərin və cavabdehlərin axtarışının təşkili və həyata keçirilməsi haqqında Təlimat”ın 3.20.1 və 3.21-ci bəndlərində göstərilir ki, borclu saxlanılaraq icra orqanına təhvil verildikdə axtarış işi rayon polis orqanlarının rəsiləri və xidmət üzrə rəis müavinləri tərəfindən xitam edilir.
Qeyd olunanları nəzərə almağınızı, müraciətin nəzarətə götürülərək ətraflı araşdırılmasına, qanun pozuntusuna yol vermiş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsinə, qanunsuz olaraq ərazi aidiyyəti üzrə göndərilmiş icra işinin Nizami rayon icra şöbəsinə geri qaytarılmasına və Allahverdi Allahverdiyev barəsində açılmış axtarış işinin xitam olunmasına göstəriş verilməsini aidiyyəti qurumların rəhbərliyindən xahiş edirəm.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki