image-qanunla-reklam
image-ulu-c3b6ndc999r-haydar-aliyev

 Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

image-lady-day-az

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı son həddinə çatmışdır. Təsadüfi deyil ki, XX əsrin sonlarında ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.

1993-cü ilin ortalarında baş verən hadisələr Azərbaycanı bir dövlət olaraq dünya xəritəsindən silməyə hesablanmışdı. Həmin dövrdə ölkə hakimiyyətində olan insanların səriştəsizliyi, şəxsi düşüncələrini və fikirlərini irəli çəkməsi ölkəni yox olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ümummili Lider Heydər Əliyevin simasında görürdü.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, XX əsrin son rübündə hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.Ulu Öndər  həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.

Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə doğru aparır.

Azərbaycan Respublikasının inkişaf səviyyəsinə nəzər salsaq bir daha aydın olar ki, ötən 30 il ərzində dünya dəyişib, lakin  başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb .Bu məqsədlərə dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı daxildir. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar.

Gülər Ağayeva- Zərdab rayon Alıcanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Peşəkar rəhbər

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Prinsipiallıq və Vətənə sədaqət nümunəsi

Ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolu yaddaşlarda iz buraxmışdır. Ulu öndər Heydər Əliyevin ömür yolu yalnız və yalnız doğma Vətənimizin inkişafına və əziz xalqımızın rifahına, onun yüksəlməsinə həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətidir.

Azərbaycan xalqının ən ağrılı, acılı günlərində Ulu Öndər Heydər Əliyev daim xalqının yanında olmuşdur. Ümummilli Lider Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə kəskin şəkildə etirazını bildirmiş və bununla əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, açıq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət aktının təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

O ağır günlərdə ağır faciələr yaşayan xalqımızın dayağı Ulu Öndər  Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir. Ümummilli    lider Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı,onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

Ulu öndər Heydər Əiyevin Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi  üçün bütün dünyaya nümayiş etdirdiyi misilsiz fəaliyyətləri,  xalqına , vətəninə bağlılığı tarixin danılmaz faktıdır. Hər bir azərbaycanlı Ümummilli Lider Heydər Əliyevlə daim fəxr edir və onun əziz xatirəsini hər zaman  qəlbində yaşadır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi

Azərbaycan və Çin arasında əlaqələri hələ ötən əsrdən başlayaraq  öz inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişafı yüksək qiymətləndirən Cənab  Prezident İlham Əliyev eyni zamanda, Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında ölkəmizin də olduğunu xatırladıb. Azərbaycan bu gün  beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var.

Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovşağında yerləşir,həmçinin də  Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir.  Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanmışdır ki, bu da layihəyə üstünlüyün yüksək olmasının bariz nümunəsidir.

Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir.Bu gün Azərbaycan texniki imkanlarını  artırır, ticarət limanını  genişləndirir. Çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükdaşırma baxımından problemlər yaradacaq. Azərbaycanın  dəniz ticarət limanı bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatacağı güman olunur.Həmçinin  gəmiqayırma zavodunun genişləndirilməyi də nəzərdə tutulur. Statistik hesablamalara əsasən  ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Bütün bu göstəricilər  Azərbaycanın hazır infrastruktura malik olmasının əyani sübutudur.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq

Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.

Zəngəzur dəhlizinin açılması bu layihənin əhəmiyyətini daha da artıracaq. Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışılır. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malikdir. Bu, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında nəqliyyat-logistika şəbəkəsini genişləndirəcək dəhlizin gələcəkdə regional ticarətə müsbət təsir göstərərək Cənubi Qafqazda iqtisadi əməkdaşlığın qurulmasında mühüm rol oynayacağını deməyə əsas verir. Dəhliz Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan və İran arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi imkanını təmin edəcək və bir çox ticarət yolları açılacaq.   Bu dəhliz  “Şərq–Qərb” , “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini və Xəzər Nəqliyyat Şəbəkəsini daha da gücləndirəcək. O, həmçinin Xəzərdən Avropaya qədər uzanan Neft və Qaz Boru Kəməri Sisteminin istisma­rını asanlaşdıracaq. Dəhlizin açılması Avropa İttifaqı, ABŞ, Rusiya və Çinin enerji təchizatı xətləri üçün mühüm rol oynayan regionun tranzit imkanlarını artıracaq.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki