Turla Lerik rayonuna gedən 62 yaşlı qadın hündürlükdən yıxılaraq xəsarət alıb.
“Unikal”ın məlumatına görə, hadisə Lerik rayonunun Sıvakəran kəndi ərazisində baş verib. Qax rayon sakini 1963-cü il təvəllüdlü Elmira Vaqif qızı Abbasova turla Lerik rayonuna səfər edib. Qrup üzvləri Sıvakəran kəndi ərazisində olan şəlaləyə baxmağa gedərkən E.Abbasovanın ayağı sürüşərək hündürlükdən yıxılıb.
Dərhal əraziyə FHN Cənub Regional Mərkəzinin 6 nəfərdən ibarət xilasediciləri cəlb olunub. Xilasedicilər meşənin 500 metr dərinliyinə piyada yol qət ediblər və xəsarət alan şəxsə elə yerindəcə ilkin tibbi xidmətlər göstəriblər. Sonra xüsusi avadanlıq vasitəsilə E.Abbasovanı hündürlükdən çıxarıb aidiyyəti üzrə təhvil veriblər.