Türkiyə S-400-lər sayəsində hava məkanında mütləq üstünlük əldə edib.
QANUNLA.AZ xəbər verir ki, bu açıqlama ilə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko çıxış edib.
Ekspert Türkiyədə S-400-lərin istehsalı ilə bağlı isə bunları qeyd edib:
“Türkiyədə hava hücumundan müdafiə sisteminin lisenziyalı istehsalına gəlincə, bu məsələni bir neçə səviyyədə həll etmək lazımdır. Birincisi, müqavilənin kommersiya tərəfidir. Türkiyə bu səviyyədə Rusiya texnologiyalarının alınması üçün lazımi məbləği ödəməyə hazırdırmı? Çünki təbii ki, bu, ucuz məsələ deyil və burada hər şey Türkiyə büdcəsinin bu cür əməliyyatları maliyyələşdirmək imkanından asılıdır.
İkinci aspekt Türkiyə hərbi sənaye kompleksinin belə texnologiyaların alıcısına çevrilməyə hazır olma dərəcəsi və Türkiyə müdafiə sənayesinin onları müstəqil şəkildə istehsal etmək qabiliyyətidir.
Üçüncüsü, biznesin siyasi tərəfidir. Çünki lisenziyalı istehsalın təhvil verilməsi ilə bağlı əməliyyatlar həm xarici siyasətdə, həm də müdafiə siyasətində problemi olmayan bir ölkə ilə edilə bilər. Burada hər şey Rusiya və Türkiyənin maraqlarının gələcək yaxınlaşmasının dinamikasından asılıdır. Mümkünsüz bir şey yoxdur”.
Qeyd edək ki, ötən gün Türkiyənin Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir açıqlamasında ölkənin hava məkanının təhlükəsizliyinin S-400-lər sayəsində təmin olunduğunu və müdafiə sisteminin bəzi komponentlərinin Türkiyədə istehsalının vacibliyini bildirib.