image-qanunla-reklam
image-724-qurtulu-gn-3_1560594235_1591553209

Tariximizin qürur səhifəsi – Milli Qurtuluş Günü

image-lady-day-az

Tariximizin qürur səhifəsi – Milli Qurtuluş Günü

 

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, müstəqilliyin qorunması, onun əldə edilməsindən çətindir. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma cəmi iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos və anarxiya Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənməkdəydi. Bütövlükdə isə, dövlətlə xalq arasında yaranmış uçurum ölkəmizdə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Yəni Ümummilli Liderin dediyi fikirlər bu mənada özünü hələ o zaman təsdiq etmişdi. Şimalda, Cənubda yaradılan və xarici kəşfiyyatların əli ilə idarə olunan separatçı qurumlar yenicə müstəqillik əldə etmiş ölkəmizi, dövlətimizi məhvə doğru sürükləyirdi. Dövlətin ərazi bütövlüyünün qorunmasına məsul olan orduda və o zamankı hakimiyyət daxilində baş verən daxili çəkişmələr, kreslo davaları onsuz da ağır vəziyyətdə olan xalqımızı daha çətin duruma doğru aparırdı. Bazar və dükanlarda strateji qida məhsullarının yoxa çıxması, çörək növbələri, silahlı reketçilik, cinayətkar qanunlarının dövlət qanunlarını üstələməsi kimi hallar Azərbaycanı xəritədən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Düşdüyü xaosdan xilas olmaq istəyi Azərbaycan xalqı və dövləti üçün qaçılmaz zərurətə çevrilmişdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası inkişaf edir, cəmiyyət quruculuğu sahəsində də qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə 15 iyun 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla, xilaskarlıq missiyasını həyata keçirdi, inkişaf və tərəqqi tarixinin əsasını qoydu. Bununla da, ölkəmizdə Milli Qurtuluş hərəkatının əsası tariximizə qızıl hərflərlə həkk olundu. 15 iyun müstəqil Azərbaycan dövlətinin və xalqının taleyinə “Milli Qurtuluş Günü” kimi daxil oldu.

Təbii ki, heç bir ölkədə siyasi və iqtisadi islahatları sabitlik olmadan həyata keçirmək mümkün deyil. Ona görə də qısa zamanda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, uzaqgörənliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu, Dağlıq Qarabağ cəbhəsində atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi layihələr icra olunmağa başladı. Dünyanın aparıcı dövlətləri və şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” və bunun nəticəsi olaraq xarici investisiyaların ölkəmizə cəlbi Azərbaycanın iqtisadi böhrandan çıxarılmasında mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordunun yaradılmasına start verildi, Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının dünya ölkələri ilə ikitərəfli əlaqələrinin qurulması, ölkənin xarici siyasət strategiyasının müəyyən olunması böyük dövlət xadiminin həm də mahir diplomatik bacarığının əməli ifadəsi idi. Bir sözlə, 1993-2003-cü illər müstəqil Azərbaycanın Milli Qurtuluşdan başlanan intibahının birinci mərhələsinə çevrilmişdir.

Bu baxımdan, vurğulamaq lazımdır ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün də müstəqil Azərbaycanın uğur modelidir və həmin model Onun layiqli davamçısı, siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Əgər bu gün Azərbaycan dünya dövlətləri sırasında öz mühüm, əhəmiyyətli mövqeyini tutursa, bu Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının yaşaması, yaşadılmasıdır.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki