image-qanunla-reklam
image-aqshin

Aqşin Fateh restoranın “altını üstünə gətirib”, əməkdaşlara xəsarət yetirib…

image-lady-day-az

Qanunla.az: – Tanınmış meyxanaçı Aqşin Fatehin adı növbəti qalmaqalda hallanır. Bu haqda “Hürriyyət”ə açıqlama verən Bakı şəhər sakini Rəhimov Vüsal Arzuman oğlu deyir ki, meyxanaçı 20 nəfərlik dəstə ilə işlətdiyi restorana hücum edib, onunla yanaşı, restoranda çalışan xanımlardan birinə xəsarət yetiriblər.

Vüsal Rəhimovun sözlərindən belə məlum olur ki, söhbət Əhməd Rəcəbli küç,1120-də yerləşən, keçmiş adı “By FATEH” olan, indiki “Music hall” restoranına basqından gedir. Şikayətçi deyir ki, həmin restoran onun qohumu, “Kamal” ləqəbli iş adamı Füzuli Alıyevə məxsusdur. Bir neçə ay Aqşin Fateh də restoranın şəriklərindən olsa da, sonradan restoranın gəliri hazırda həbsdə olan F.Alıyevdən gizlədildiyindən, o, Aqşini və üçüncü şəriki olan İlqar adlı keçmiş dostunu ortaqlıqdan uzaqlaşdırıb. Sözügedən qalmaqal da məhz bundan sonra baş verib.

V.Rəhimov deyir ki, restoranın şəriklərindən biri olan İlqar vaxtilə qohumu Kamalla Moskvada birgə biznes sahəsində çalışıblar. Sonradan Kamal Bakıya gələrək, burada özünə restoran açıb və işləri də pis getməyib. Bir müddət sonra Rusiyada müflis olan İlqar da Bakıya qayıtmalı olub. O, dostu Kamalla görüşərək, çətin vəziyyətdə olduğunu, bir iş qurmaq istədiyini bildirib. İlqarın əlində sərmayəsi olmadığından, dostu Kamal ona deyib ki, restoran işində yaxşı pul var, bacarırsansa restoran açaq, mən pul qoyaram, sən işlədərsən. Kamal onu da deyib ki, qoyduğu pulu 1 ilə hissə-hissə geri qaytarar. Lakin İlqar 1 ilə deyil, 2 ilə qaytaracağına söz verir və nəticədə onlar 2019-cu ildə həmin restoranı icarəyə götürürlər. Bundan sonra Kamal restoranın təmirinə 250 min pul xərcləyir və dərhal sonra işə salırlar. Lakin bundan az sonra Kamalın öz restoranında kütləvi zəhərlənmə hadisəsi baş verdiyindən, o, həbs olunur.

Füzuli Alıyev təxminən 2 il gözləsə də, şəriki nə ona olan borcunu ödəyir, nə də gəlirdən bir qəpik belə pul verir. Bundan sonra Kamal onu çağıraraq pulunu tələb etdikdə, İlqar pandemiyanı bəhanə gətirərək, restoranın gəlirsiz işlədiyini deyir. Nəticədə Kamal qərara gəlir ki, tanışı, meyxanaçı Aqşin Fatehi də restorana şərik etsinlər, bəlkə qazanc gətirər. Kamalın düşündüyü kimi də olur və 14 noyabr 2021-ci ildə Aqşin Fateh qazancın 30 faizinə şərik edilməsindən sonra restoranın “Everest” adı dəyişdirilərək “By FATEH” olur və yaxşı gəlir gətirməyə başlayır.

Maraqlıdır ki, buna baxmayaraq şəriklər həbsdə olan F.Alıyevə yenə də bir qəpik də olsun pul vermirlər. Bu zaman o, yenə İlqarı çağıraraq, pulunu tələb edir. İlqar bu dəfə də restoranın qazanc gətirmədiyini bildirdikdə, Kamal şəriklərinin onu aldatdığını başa düşdür. Çünki restoranın mühasibi onun öz adamı olduğundan, o, öncədən noyabr ayından sonra “By FATEH”in təxminən 800 min gəlir gətirdiyini sənədlərlə müəyyən edib. Odur ki, aprelin 15-də müqavilənin vaxtı da bitdiyindən, o, İlqar və Aqşini şəriklikdən kənarlaşdıraraq, restoranı işlətməyi yaxın qohumu Vüsal Rəhimova həvalə edir. V.Rəhimov da restoranın adını dəyişərək, “Music hall” kimi fəaliyyətə başlayır. Lakin elə həmin gün – aprelin 15-də keçmiş şəriklər İlqar və Aqşin ətrafında təxminən 20 nəfərlik dəstə ilə restorana hücum edərək, Vüsal Rəhimova və işçilərdən birinə – Kərimova Fəridə Fərhad qızına xəsarət yetirirlər.

Vüsal Rəhimov deyir ki, restorana hücum olan zaman DİN-in 102 xidmətinə zəng vururlar. Polislər hadisə yerinə gələn kimi basqınçılar aradan çıxıblar. Sonradan polislər onları bölməyə aparıb, izahat yazmaq adı ilə gecə saat 3-dək onları bölmədə saxlayıblar.

Onu da qeyd edək ki, hadisə baş verən gün Vüsal Rəhimov polis bölməsində izahat verərkən keçmiş şəriklər restorana daxil olaraq bütün avadanlıqları və içəridə olan bahalı içkiləri daşıyıb aparırlar.

Məlumata görə, polislər restoranın video-kameraları qoşulan DVD aparatını da özləri ilə aparsalar da, sonradan deyiblər ki, içində SD – yaddaş kartı yoxdur. Halbuki hadisədən az müddət əvvəl DVD-lərin çəkiliş apardığı əməkdaşlar tərəffindən yoxlanılıb.

O da maraqlıdır ki, hadisədən bir gün sonra Vüsal Rəhimov və Fəridə Kərimova yenidən polis idarəsinə çağırılıb və nədənsə, basqınçıların deyil, onların barmaq izləri götürülüb.

Şikayətçi deyir ki, hazırda restoranın əməkdaşları Aqşin və İlqar tərəfindən hədələndiyindən, işçilərin 6 nəfəri gedib izahat vermək istəmirlər. Deyilənə görə, Aqşin onları hansısa polkovniklə hədələyib, deyib ki, “mənim arxamda polkovnik durur, gedin nə bilirsiniz edin…”.

Sonda onu da qeyd edək ki, hadisə ilə bağlı Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə də müraciət olunsa da, hazırda cinayətkar dəstəyə başçılıq etməkdə ittiham olunan Aqşin Fateh və şəriki İlqar sərbəst şəkildə gəzirlər, onlara “gözünün üstündə qaşın var” deyən də yoxdur.

Hazırladı: KƏNAN

Redaksiyadan: Mözunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki