image-qanunla-reklam
image-1612354631-prezident

Sülhün zamanı çatıbdır

image-lady-day-az

Sülhün zamanı çatıbdır.

Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri tarixi həqiqətlərimizin, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rola malikdir. Artıq ölkəmiz iki ildən çoxdur ki, tarixi Zəfərinin sevincini və yaratdığı yeni reallıqları yaşayır. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində döyüş meydanı ilə yanaşı, informasiya cəbhəsində də üstünlüyünü beynəlxalq aləmə çatdırdı. Tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğat uğurlu və uzunömürlü olur. Ölkəmiz tarixi Qələbəsi ilə bunu bir daha təsdiqlədi. Hazırkı dövrdə cənab İlham Əliyev xarici ölkələrə səfəri zamanı işğal dövrü ilə yanaşı, postmünaqişə mərhələsinin reallıqlarını da təbliğ edir, əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin martın 13-14 tarixlərində Almaniya Federativ Respublikasına işgüzar səfəri olduqca əhəmiyyətli və diqqətçəkən oldu.

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında keçirilən görüşlərdə regional təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyini önə çəkərək bildirdi ki, Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı Azərbaycanın mövqeyini bildirdim. Almaniyanın mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizə yaxını işğal altına düşdü və bir milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür. İki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistan məğlub oldu və məcbur edildi ki, torpaqlarımızdan çıxsın. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı oldu.

Cənab İlham Əliyev bu mühüm məqama da diqqət yönəltdi ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə Ermənistanın hazırkı baş naziri demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi. 44 günlük Vətən müharibəsi zamanı sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsini 2020-ci il noyabrın 8-də Şuşada qoyduq.

Azərbaycan tarixi Zəfərimizdən dərhal sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi və bu bəyanatı da səsləndirdi ki, təklif uzun müddət masa üzərində qalmayacaq. Ermənistan ona yaradılan bu son şansdan səmərəli istifadə edib sülh müqaviləsinin imzalanması prosesini tezləşdirmək əvəzinə, iki ildən artıqdır ki, məqsədli şəkildə prosesin uzanmasına səy göstərir. Əksər dünya gücləri yeni reallıqları qəbul edir, sülh müqaviləsinin imzalanması istiqamətində səylərini əsirgəməyəcəklərini bildirirlər. Emənistan hələ də gözləyir. Dövlət başçısı İlham Əliyev mətbuat konfransında “İndi isə sülhün zamanı çatıbdır. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik. Ümid edirəm ki, Ermənistan bu şansı qaçırmayacaq, nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır” çağırışı ilə Ermənistana son şansını xatırlatdı.

 

 

A.Şərqiyə

Saatlı Rayon Dəllər kənd ümumi məktəbin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki