image-qanunla-reklam
image-1685171911_6471ae32b21916471ae32b21921685171762b00e18aa519cd578d4b242e376e70331

Sülh gündəliyi öz aktuallığını qoruyur

image-lady-day-az

Son günlərdə  Ermənistanın  qanunsuz silahlı birləşmələri tərəfindən  Azərbaycanın  Kəlbəcər və Gədəbəydəki mövqeləri  intensiv atəşə məruz qalır.  10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərini pozan işğalçı dövlət  üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.  İşğalçıya kifayət qədər təzyiq göstərilmədiyi üçün həmişə olduğu kimi yenə də bölgədə sabitliyi pozmaqla sülh prosesinə əngəl törədən Ermənistan təxribatlarını davam etdirir.   Azərbaycanın işğalçı dövlətə sülh sazişinin imzalanması üçün təklif etdiyi  prinsipləri sözdə qəbul etdiyini bildirən Ermənistanın bu cür təxribatları, üstəlik işğalçı ölkədə yeni müharibəyə təhrik,  hazırlıq çağırışlarının səslənməsi dünya siyasətinin   gündəmində  aktuallığını qoruyan əsas məsələlərin həllini arxa plana keçirir.
30 il ərzində  yaratdığı  «qüdrətli  ordusu»nun  44 gündə  Azərbaycan Silahlı Qüvvələri tərəfindən  darmadağın edilməsindən nəticə çıxarmayan Ermənistanın qısa müddətdə  güc toplamaq iqtidarında olmadığını  işğalçı kimi, himayədarları da  yaxşı bilirlər. Erməniləri  mifik orduya malik olduğunu  inandıranlar  belə yeni müharibənin Ermənistan üçün daha ağır nəticələr verəcəyini bilirlər. Çünki Azərbaycanın 44 gün davam edən İkinci Qarabağ müharibəsində  qazandığı Zəfər 30 il susanlara da tarixi dərs oldu.  Artıq  Azərbaycan siyasi, hərbi, diplomatik  sahədə Ermənistanı dəfələrlə üstələdiyini  beynəlxalq aləmdə güclənən mövqeyi, bölgədə yaratdığı reallıqlarla  təsdiqləyib.
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında intensivləşən münasibətlər, ölkəmizin postmüharibə dövründə həyata keçirdiyi  yeniliklərin beynəlxalq səviyyədə dəstəklənməsi  Prezident İlham Əliyevin  özünü doğruldan siyasətinin təsdiqidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli Brüssel görüşündə  tərəflər arasında sülh sazişinin imzalanması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qruplarının yaradılmasında  qurumun göstərdiyi səylər postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə töhfə olmaqla bölgədə sabitliyin təminatı üçün atılan inamlı addım idi.
Azərbaycan və Ermənistan arasında etimad mühitinin möhkəmləndirilməsi,  «Brüssel gündəliyi»ndə nəzərdə tutulan məsələlərin həlli naminə önəmli addımların atılması Cənubi Qafqazda  davamlı sabitliyin yaranmasını təmin edəcək  sülh müqaviləsi üçün çox önəmlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası üçün  Birgə Sərhəd Komissiyasının yaradılması ilk addım  kimi dəstəkləndi.  Azərbaycanla Ermənistan arasında    münasibətlərin normallaşması, nəqliyyat və kommunikasiyaların açılması üçün qətiyyət göstərən  dövlət başçımızın səyləri  yüksək qiymətləndirilir.
Azərbaycan tərəfindən təqdim olunan və  beynəlxalq hüquqa əsaslanan 5 prinsipin  beynəlxalq səviyyədə  dəstəklənməsi, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyi ilə bağlı məsələlərin aktuallaşması  önəmli məsələ kimi diqqətdə saxlanılır.  Tərəflər arasında keçirilən görüşlərdə  irəli sürülən təkliflərə,  bölgədə sabitliyin təminatı üçün qəbul olunmuş bəyannamələrdə  qeyd olunan öhdəliklərə əməl edən ölkəmizdən fərqli olaraq 10 noyabr 2020-ci il Bəyanatı da daxil olmaqla digər sənədlərdən  irəli gələn vəzifələri yerinə yetirməyən Ermənistan sülh sazişinin imzalanmasında maraqlı olmadığını tərəddüdləri, son zamanlarda intensivləşən təxribatları ilə bildirir. Görünən odur ki,  Ermənistanın bu cür mərkəzdənqaçma hərəkətləri əvvəlinci olmadığı kimi sonuncu da deyil. Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  30 ildə aparılan danışıqları bəhanələri, siyasi etikaya sığışmayan əməlləri ilə  kobud şəkildə pozan, bir dövlət kimi təkmil xarici siyasəti olmayan Ermənistan yenə də  başqalarının təhriki, göstərişi ilə  hərəkət edir,   Cənubi Qafqazda regional maraqları olanların istəklərinə uyğun   addımlar atır, bəhanələri ilə bölgədə sabitliyin təminatına xələl gətirir. İkinci Qarabağ müharibəsindən sonra  keçirdiyi bütün görüşlərdə, yerli və xarici KİV-lərə müsahibələrində bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığın,  dünyada sülhün tərəfdarı olduğunu bildirən,  Azərbaycanın açıq  və beynəlxalq aləmdə   qəbul olunan sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldildiyini, sülh sazişinin imzalanması naminə göstərdiyi  səyləri  diqqətə çatdıran Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi,   regionda təcrid edilmiş ada kimi yaşaya bilməyəcəyini unudan, kapitulyasiya  aktını imzalayan  Ermənistan təxribatları ilə sonunu yaxınlaşdırır. İqtisadi, siyasi böhran  məngənəsində boğulan,  sülhə daha çox ehtiyacı olan Ermənistan rəhbərliyinin tərəddüdləri,  revanşist qüvvələrin təsiri və təzyiqi, xarici ölkələrin təhriki ilə sülh sazişini əngəlləmək niyyəti  işğalçı dövlətin  bir ölkə kimi  yoxluğu ilə nəticələnə bilər.
Buna görə də  masa üzərində olan  təkliflərlə razılaşmaqdan başqa seçimi  olmayan Ermənistan bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bu sonsuzluğun verə biləcəyi nəticələri isə Ermənistan daha yaxşı bilir.  Buna görə də reallığı dərk edib sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. Sülh müqaviləsinin imzalanması  ilə Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün  yeni imkanlar yaranacaqdır.  Ermənistanın beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təklifləri qəbul etməsi müsbət hal olsa da, hələ də  konkret addımlardan danışmağa əsas yoxdur.
Vətən  müharibəsindən  uzun müddət  ötməsinə baxmayaraq Ermənistanın tərəddüdlər labirintindən çıxmaq istəməməsi, önəmli  məsələlərin həllindən boyun qaçırması, qanunsuz  erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması öhdəliyinə əməl etməməsi daimi sülhə yaranan təhlükə riskini qoruyur.
İkinci Qarabağ  müharibəsindən sonra  Azərbaycan müdafiə qüdrətini daha da möhkəmləndirib. Ordumuzun gücü, təchizatı,  döyüş qabiliyyəti daha da möhkəmlənib. Ən müasir silahların alınması üçün  yeni müqavilələr imzalanıb.  Son model silahlar, ən müasir texnika Azərbaycana gətirilir. Sərhədlərin müəyyən edilməsində  köhnə taktikasına sadiq qalan, vaxtı uzadan Ermənistan artıq başa düşməlidir ki, sərhədlərdə törətdiyi təxribatlar,  mövqelərimizə açılan atəşlər bumeranq  kimi geriyə dönəcək. Nəticədə  daha ciddi peşmançılıqlarla üzləşəcək yenə də Ermənistan olacaq.
«Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları – Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb – necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq?» söyləyən Prezident İlham Əliyev cavabı da özü müəyyənləşdirib: «Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”!»

Muradova Ülkər
Saatlı rayonu Kamallı kənd ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki