image-qanunla-reklam
image-baku-bulvari

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

image-lady-day-az

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir.

Siyasətdə etibarlı və davamlı münasibətlər mühitini təmin edən əsas amillərdən biri də dialoq prinsiplərinin bərqərar olunmasıdır. Ölkəmizdə demokratik ənənələrin formalaşması prosesini şərtləndirən dialoqun inkişafı naminə Azərbaycan iqtidarı son bir neçə il ərzində müxtəlif təşəbbüslərlə çıxış edir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların prinsipial istiqamətlərindən biri siyasətdə peşəkar və demokratik münasibətlərin bərqərar olunmasından ibarətdir. Bu mənada siyasi dialoqun şaxələnməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli maraqlar və dövlətin rifahı naminə ölkədə dialoq mühitinin dəstəklənməsi strateji əhəmiyyətə malikdir.

Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı çıxışında qeyd edib ki, “Müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.”, “Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır.”

Son zamanlar iqtidarın şahidi olduğumuz dialoq təşəbbüsləri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərqərar olunmasına xidmət edir. Bu mənada heç də təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmrəyliyin inkişafı ilə bağlı fərqli təşəbbüslərin artım dinamikası müşahidə olunur. Hökumətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik ənənələrin formalaşmasının təzahürüdür. Siyasi dialoq mühitinin təşviqi, eləcə də konkret məsələlərin, o cümlədən qanun layihələrinin, sosial problemlərin, siyasi və digər təzahürlərin müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz xüsusiyyətlərindəndir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Xanım İmanova

 

 

Açıq və demokratik rəqabətə çağırış.

Siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir. Keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunmuş, 2020-ci ildəki Vətən Müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilmişdir. Bu dövrdə vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi. 2020-ci il parlament seçkilərindən sonra cənab İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: “Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var”. Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı.

Hazırda ölkəmiz yeni bir dövrə qədəm qoymuşdur. Torpaqlarımız işğaldan azad olmuş, 30 illik konflikt başa çatmış, ordumuz bütün strateji mövqelərə sahib olmuş, iqtisadiyyatımız daha da güclənmişdir. Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır. Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hər bir vətəndaşın istəyidir.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil.

Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi proseslərin düzgün tənzimlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, hazırkı “Siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdi:

“Siyasi partiyalar haqqında” yeni Qanun bir sıra vacib məqamlarla diqqəti xüsusi çəkir. Yeni Qanuna əsasən Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Eyni zamanda, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycanın qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.
Bununla yanaşı Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə, irqi, dini və ya etnik düşmənçiliyin salınmasına, Azərbaycanın ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, Siyasi partiyanın bütün xalqın adından danışması və bütün xalqın adından müraciət etməsi qadağandır.
Həmçinin, siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq. Heç şübhəsiz ki, Qanunda Siyasi partiyaların təsis edilməsi prosesi də tam və geniş şəkildə əksini tapıb.

 Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı  Alagöz Namazova

 

 

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar təmin edilib:

Son  illərdə ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verildiyi, bu istiqamətdə ardıcıl və sistemli addımlar atıldığı beynəlxalq aləmdə də etiraf olunur. 2018-ci ildə xalqın böyük əksəriyyətinin etimadını qazanıb növbəti dəfə Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. Siyasi sistemin daha da təkmilləşdirilməsi, iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması islahatlar kursunun prioritetini təşkil etdi. Bununla da Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və bu istiqamətdə bütün imkanlardan istifadə olundu. Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyaların Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi tarixi Qələbəmizin qazanılmasında mühüm əhəmiyyət kəsb etdi. İslahatlar qanunların daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması zərurətini də yaratdı. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi prioritet vəzifələrdən biri idi. Çünki bu qanun ilk dəfə 30 il bundan əvvəl qəbul edilmişdi. Bu müddət ərzində respublikamız sürətlə inkişaf edərək dünya birliyində yüksək tribuna qazanmış, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilmiş, əlaqələri daha da genişlənmiş, ən başlıcası, dünyada qalib Azərbaycan kimi tanınmışdı. Belə bir şəraitdə siyasi partiyaların da öz işlərini müasir tələblər səviyyəsində qurmaq zərurəti yarandı. Dünyanın 20 –dən çox aparıcı ölkəsinin təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alınaraq qanun layihəsinin hazırlanması prosesi başlandı. Venesiya Komissiyasının tövsiyəsi əsasında əvvəlcə layihənin geniş ictimai müzakirələri keçirildi. Əlliyə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada Milli Məclisə təqdim etdi. Şəffaflığın maksimum səviyyədə təmin olunması məqsədilə qanun layihəsi parlamentin saytında yerləşdirildi. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən qanun layihəsində əksini tapmış əsas məsələlərlə bağlı 40 sualdan ibarət ictimai rəy sorğusu keçirildi və Milli Məclisin komitələrində müzakirə olunduqdan sonra plenar iclasda üç oxunuşdan sonra qəbul edildi.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması zamanı demokratik prinsiplərin qorunmasına üstünlük verildiyini deyib: “Yeni Qanunda diqqət çəkən əsas məqamlardan biri hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olmasıdır. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. O cümlədən dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir”.

Siyasi şərhçi dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsi məsələsində də yenilik olduğunu diqqətə çatdıraraq deyib ki, bu vaxta qədər yalnız Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı verilirdi. “Yeni Qanunun qəbulundan sonra isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar da dövlət büdcəsindən yardım alacaqlar. Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilməyəcək.

Yeni Qanun siyasi partiyaların təsis edilməsində və fəaliyyətində də ciddi vəzifələr qarşıya qoyulur. “Məsələn, yeni Qanunda birmənalı olaraq göstərilib ki, siyasi partiyaların Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi, həmçinin terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin, o cümlədən sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması məqsədilə təsis edilməsinə yol verilmir. Bu Qanun ölkədə keçirilən növbəti seçkilərdə partiyalararası rəqabəti daha da gücləndirəcək”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir.

Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar- müxalifət dialoqu davamlı şəkildə inkişaf edir. Siyasi partiya nümayəndələrinin, cəmiyyətin fəal üzvlərinin bu prosesdə qabaqcıl mövqe tutması mühüm əhəmiyyət kəsb edir. Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyalar mövcuddur. Bu partiyalar cənab Prezident İlham Əliyevin dialoq təşəbbüslərində yaxından iştirak etməklə ölkədə demokratik ənənələrin dərinləşməsinə xidmət edirlər. Ayrı – ayrı vaxtlarda bu dialoq alınıb, birgə əməkdaşlıq fəaliyyəti ortaya qoyulub və bu əməkdaşlıq həqiqətən də ölkəyə çox böyük fayda gətirib. Xalqın və dövlətin mənafeyinin ən üst səviyyədə təmininə aparan əməkdaşlıq və dialoq iqtidar və müxalifət üçün hər zaman vacib və maraqlı olmalıdır.İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. İqtidar – müxalifət arasında dialoq dövlətin və cəmiyyətin inkişafını şərtləndirən ən vacib elementlərdən biridir. Azərbaycan hakimiyyəti hər zaman siyasi mədəniyyət nümunəsi olan dialoqun tərəfdarı kimi addımlar atmışdır. Siyasi partiyaların cəmiyyətdə rolunun artırılması üçün Prezident tərəfindən verilmiş göstərişlər var və bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin inkişafına xidmət edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə bütün iştirakçı tərəflər cəlb olunmuşdur. Bu da, sözsüz ki, ölkədə sağlam siyasi mühitin olmasından xəbər verir.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür.

Azərbaycanın siyasi sistemi milli və tarixi şəraitin xüsusiyyətlərini əks etdirməsi ilə səciyyəvidir. Siyasi sistemin formalaşmasında, fəaliyyətində müxtəlif amillər rol oynayır.

Azərbaycan Respublikasının siyasi sisteminin struktur formalaşması əsasən 1995-ci il noyabrın 12-də ölkənin yeni Konstitusiyasının qəbul edilməsi ilə başa çatmış oldu. Konstitusiyaya uyğun olaraq Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublika kimi müəyyənləşib. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da – siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər.

Bütün müasir siyasi sistemlər kimi Azərbaycanın siyasi sisteminə də çoxpartiyalılıq, plüralizm xasdır. Siyasi partiyalar qanunverici və yerli özünü idarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak etmək imkanına malikdirlər.

Azərbaycan dövlətinin ali məqsədi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsidir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil.

Vətəndaş cəmiyyətinin inkişafı üçün insan həyatının bütün sahələrin fəaliyyət sisteminin düzgün qurulması və düzgün tənzimlənməsinin vacib olduğunu bilirik. Bu sahələrin hər birində münasibətlərin inkişafi vətəndaş cəmiyyətinin daha təkmil olmasına xidmət edir. Böyük inkişaf yolu keçən ölkələrin təcrübəsinə əsasən qeyd etmək olar ki, cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklər əsasən siyasi sahədə mövcud olan vəziyyətdən daha çox asılıdır. Yəni, cəmiyyətin siyasi həyattəkmil olduqda, burada münsaibətlər sistemi ədalətli olduqda insan həyatının  bütün sahələrində inkişaf baş verir və bu inkişafdan ümumi cəmiyyət faydalanır.

Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir.

Siyasi münasibətlər sisteminin digər elementi siyasi partiyalardır. Siyasi partiya cəmiyyətin müəyyən bir sosial təbəqəsinin maraqlarını ifadə edən, eyni zamanda mənafeyini müdafiə edən və həmçinin hakimiyyət uğrunda mübarizə aparan təşkilatdır. Siyasi münasibətlər sisteminin demokratik olması vacib şərtlərdəndir. Çünki demokratik rejimlərə xas olan xüsusiyyət vətəndaş cəmiyyəti və hüquqi dövlət formalaşdırmaqdır. Demokratiya çoxluğun hakimiyyətinə əsaslanan bir rejimdir. Demokratiyanın mənbəyi xalqın hakimiyyətidir, hakimiyyət orqanlarının seçkili olmasıdır, söz və mətbuat azadlığının hökm sürməsidir, cəmiyyət üzvlərinin hər birininin hüquq və azadlıqlarının qorunması, qərarların çoxluq tərəfindən qəbul edilməsi vacib şərtləridir. Vacib demokratik  prinsiplər vətəndaşların hüquqları və azadlıqlarının qorunmasıdır.Hərbir insan irqindən, milliyyətindən, dinindən, cinsindən mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,  əqidəsindən asılı olmayaraq doğulduğu gündən toxunulmaz, pozulmaz hüquqları və azadlıqları vardır. Dövlətində hər kəsin hüquq və azadlıqlarına təminat verilməsi vacib şərtdir. Söz və mətbuat azadlığı vacib demokratik şərtlərdəndir.

Demokratik mühitdə cəmiyyət üzvlərinin  siyasi hadisələrə, müxtəlif sosial qrupların fəaliyyətinə münasibətin ifadə olunması siyasi təsisatların aktivləşməsinə, cəmiyyətin inkişafına müsbət təsir göstərir. Bütün siyasi münasibətlər sistemində insan mərkəzdə dayanır. İnsan siyasi fəaliyyətin həm obyekti, həm də subyektidir. Müasir dövrdə elm və texnikanın inkişafı insan problemlərini aradan qaldırmaq üçün əhəmiyyətli rol oynayır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Günay Şirinova

 

 

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Ölkənin ayrı-ayrı siyasi partiyalarının rəhbərləri ilə keçirilən görüşlərdə bir çox məsələlər müzakirə edilir. Belə ki, görüşlər zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, müharibə zamanı tətbiq olunan yeni hərbi strategiyanın xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti və bu müstəvidə qazilərə, habelə şəhid ailələrinə göstəriləcək yardımlar, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işləri, Azərbaycanın artan geosiyasi statusu, Türkiyənin dəstəyi və ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin perspektivləri, milli həmrəylik mühitinin qorunmasında siyasi partiyaların rolu, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili kimi aktual mövzular müzakirə edilib.

Ölkənin siyasi sisteminin əsas təsisatlarından olan siyasi partiyalar sözügedən proseslərdə fəal iştirak etməli, milli və siyasi birliyin, həmrəyliyin qorunması naminə bütün zəruri tədbirləri görməlidirlər. Görüşlər və gündəlik fəaliyyət dövründə iqtidarla siyasi partiyalar arasında gələcək fəaliyyətin səmərəliliyi naminə yaranmış qarşılıqlı əlaqələrin dərinləşməsində tərəflər maraqlıdırlar. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”.

Beləki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

Qeyd edilməlidir ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

Siyasi dialoqu, onun əhəmiyyətini bir çox partiya rəhbərləri də qeyd edərək, Ölkədə milli dövlətçiliyik və demokratik ənənələrin inkişafı, habelə sağlam dialoq mühitinin dəstəklənməsi naminə irəli sürülən təşəbbüslərdə hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil.

Siyasi partiyalar – daimi əsasda fəaliyyət göstərən, təşəkkül tapmış təşkilati quruluşa malik birliklərdir. Siyasi partiyalar – öz üzvlərinin siyasi mənafelərini ifadə edən, xalqın siyasi iradələrinin formalaşdırılmasında yardımçı olan, əsas məqsədi dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilində və habelə dövlət orqanlarına seçilən nümayəndələri vasitəsilə hakimiyyətin həyata keçirilməsində iştirak etməkdən ibarət olan ictimai birliklərin bir növüdür . Azərbaycan Respublikasında bütün partiyalar qanun qarşısında bərabərdirlər.

Azərbaycandakı bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. 1992-ci ildə qəbul olunmuş bu qanuna ötən 25 il ərzində müxtəlif əlavə və dəyişikliklər edilib. Hansı ki, edilmiş əlavə və dəyişikliklərin hamısı siyasi partiyaların fəaliyyətinə münbit şərait yaradılmasına xidmət edir.

“Siyasi partiyalar haqqında” qanunda “Siyasi partiya” anlayışı aşağıdakı kimi verilir:

Bu Qanunda siyasi partiya dedikdə ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası  vətəndaşlarının  birlikləri nəzərdə tutulur. Siyasi partiyalar Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğun olan vəzifələrini və məqsədlərini əsas götürərək  Azərbaycan Respublikası vətəndaşlarının siyasi iradəsinin formalaşdırılmasında fəal iştirak edirlər .

Siyasi partiyaların təşkilinin və fəaliyyətinin  qanunvericilik əsası Azərbaycan Respublikasının Konstitusiyasından, “Siyasi partiyalar haqqında” qanunundan və bunlara uyğun olaraq qəbul edilən Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Siyasi partiyalar assosiasiyalar azadlığı, könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq prinsipləri əsasında yaradılır və fəaliyyət göstərirlər.

Hüquqi dövlət olan Azərbaycan Respublikasında siyasi partiyaların fəaliyyəti və inkişafı üçün şərait yaradılıb. “Siyasi partiyalar haqqında” qanunda da göstərilir ki, dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir.

Ötən dövr sistemli islahatlara hazırlıq, habelə siyasi sistemin güclü və zəif tərəflərinin müəyyən olunması, regionda formalaşan yeni reallığa adaptasiya, “siyasi dialoq” məfhumunun demokratik siyasi mədəniyyətin ayrılmaz göstəricisinə çevrilməsi, siyasətdə xalqın və xarici qüvvələrin dostlarını bir-birindən ayırd etmək dövrü idi.

“Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

“Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Yeni Qanun, eyni zamanda siyasi dialoqu atributiv müstəvidən konstruktiv əməkdaşlıq müstəviyə çıxardan ali siyasi iradənin təzahürüdür. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir.

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir. Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni Qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.

Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını vermişlər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır.

Dialoq mühiti siyasi münasibətlərdə iştirak edən tərəflər arasında mövqelərinin balansına xidmət edir. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.

Dialoq prosesi keyfiyyət etibarı ilə artıq yeni və fərqli müstəvidə inkişaf edir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq yeni daha təkmil və konstruktiv modelə transformasiyaya uğrayıb. Belə ki, qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun “dialoq” məfhumunu siyasi aktorlar arasındakı münasibətlərin legitimliyini şərtləndirən əsas amillərdən birinə çevirib. Odur ki, sağlam dialoqu inkar edən qüvvələr siyasi münasibətlərdə irrasional tərəf kimi çıxış edir.

Siyasi dialoq fəlsəfəsinin transformasiyası. Ölkəmizdə təşviq olunan dialoq siyasətinin məzmunu dialoqu sadəcə siyasi dəyər kimi təşviq olunması formatından, dialoqu siyasətdə demokratik münasibətləri şərtləndirən işlək mexanizm kimi qəbul etdirmək formatına qədər transformasiyaya uğrayıb.

Siyasi sabitliyin qorunması və siyasi sistemin dayanıqlı inkişafı üçün təhdid yaradan önəmli amil. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.

İnkişafında durğunluq dövrünü yaşayansiyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni Qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Siyasi dialoq fəlsəfəsinin transformasiyası.

Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.

Təcrübə göstərir ki, siyasi dialoq bütün səviyyələrdə zəruridir. Partiyadaxili münasibətlərdə dialoq mühiti bir partiyanın bütün üzvləri tərəfindən vahid ideologiyanın, vahid fəaliyyət istiqamətinin və platformasının yaradılmasını təmin edir və belə bir partiya rəqabət meydanında daha güclü olur. Bir qədər geniş miqyasda – partiyalar arası münasibətlərdə siyasi dialoq mühitinin doğurduğu konstruktivizm daha çox siyasi fikir mərkəzlərinin bu və ya digər məsələ ətrafında vahid mövqeyinin formalaşmasını təmin edir və beləliklə konsensus yolu ilə birləşmiş siyasi güc mərkəzi formalaşır. Eyni məntiqlə bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bu tezisin əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.

Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır.

Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır.

Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.

Siyasi dialoqla bağlı olan təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçan qüvvələr öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar.

Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.

Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrinin marağına xidmət etməyinin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir.

Dialoqu inkar edən radikalların tək amacı küçə etirazlarıdır. Bu cür yanaşma rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz.

“Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə etməsi üçün əsaslı çətinlik yaradır.

Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür. Açıq müzakirələri tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar etməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.

Yeni dünya nizamının gətirdiyi yeniliklərlə ayaqlaşmaq istiqamətində vaxtla yarışarkən, zamanın nəbzini tutaraq yeni reallıqlar yaratmaq və dünyanın qlobal çağırışlarına adekvat cavab vermək, demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki