image-qanunla-reklam
image-c5c1bda1156032335822306879210869832

Sabitliyin təminatı

image-lady-day-az

Sabitliyin təminatı.

Xalqımızın Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Onu bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb. Müasir  həyatımızda Azərbaycana marağın artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Belə də oldu. Prezident İlham Əliyevin çıxışlarının birində “Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir” – deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycan sürətli inkişaf dövrünü yaşayıb.2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz çətin və məsuliyyətli yollar keçib. İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır.

Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir. Qısa bir zamanda işğaldan azad olunan ərazilərdə reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın təntənəsini yaşadı. Bu gün Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Bu gün artıq biz Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik. Dövlətimiz dünyaya sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Bugünkü Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Yeni reallıqlar yaratmış Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru cənnətməkana çevirmək məqsədi ilə genişmiqyaslı bərpa-quruculuq işlərini davamlı olaraq həyata keçirir.

Vüsal Rəhimov

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki