image-qanunla-reklam
image-img_20210612_101511

“Rusiya sülhməramlıları Qarabağdan heç vaxt getməyəcək” iddiasına SƏRT REAKSİYA

image-lady-day-az

Ermənilər ümid edirlər ki, sülhməramlılar heç vaxt Qarabağın dağlıq ərazilərini tərk etməyəcəklər. Onlara elə gəlir ki, bu, ermənilərin Xankəndi və ətraf ərazilərdə yaşaması üçün yeganə qarantdır. 

“Yeni Müsavat”ın xəbərinə görə, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da belə düşünür. O hətta daha da irəli gedərək Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyib. İrəvanda keçirdiyi mətbuat konfransında o bildirib ki, Rusiya hərbçiləri Qarabağı tərk etsə, orada bir erməni də qalmaz.

Sitat: “Nəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. Amma bu belə deyil. Müqavilədə hər şey yazılıb. Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər”.

Ter-Petrosyan nə dərəcədə həqiqəti deyir? O, bununla nəyə işarə vurur? Axı müqavilədə aydın yazılıb ki, 5 il sonra Azərbaycan razı olmasa, sülhməramlılar çıxıb getməlidirlər. Sözsüz ki, Rusiyanın da könlündən Qarabağda uzunmüddətli qalmaq keçir. Məlum məsələdir ki, onlar 5 illiyə gəlməyiblər. O baxımdan müqavilənin bitməsinə 6 ay qalmış bölgədə süni gərginlik və təxribat yaradılmasıyla, necə ki, elə indi də ermənilər seçkiqabağı Kəlbəcər və digər istiqamətlərə atəş açır, üçtərəfli bəyanatı pozurlar, həmin zaman da bölgədə stabilliyin olmadığını bəhanə etməklə sülhməramlıların xidməti daha 5 il uzadıla bilər.

Buna Azərbaycanı təhrik etməklə nail ola bilərlər. Sadəcə, 2025-ci ildə vəziyyətin necə olacağını, Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsini gözləmək lazım gələcək. Bundan öncə də Qəbələ RLS-də rus hərbi kontingenti olub və müqaviləyə əsasən ərazidən çıxıblar. Ona görə əgər regionda sabitlik olsa, Zəngəzur dəhlizi açılsa, Rusiyanın özünün də iqtisadi cəhətdən nəqliyyat-kommunikasiyaların açılmasından mənfəəti olsa, habelə Türkiyənin sülhməramlıların birdəfəlik getməsində siyasi-diplomatik yollarla təsir imkanları yaransa, onda Petrosyanın arzusu gözündə qalacaq. O başqa məsələdir ki, sülhməramlıların gedişindən sonra ermənilər Azərbaycanın qanunları ilə yaşamaq istəyəcəklər, yoxsa gedəcəklər. Çünki Araik Arutunyanın və onun silahlı dəstələrinin hələ də ərazilərdən çıxmaması arxasında məhz ruslara olan güvən dayanır. Bəs sülhməramlı qüvvələr bölgədə nə qədər qala bilər?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Petrosyanın sözündə bir həqiqət var: “O da sülhməramlılar çıxsa, ermənilərin yaşamaq imkanlarının azalmasıdır. Onlar Azərbaycan qanunlarına hörmət etmək və bizim vətəndaş kimi yaşamaq istəmirlər. Ona görə sülhməramlı qüvvələr çıxanda, ermənilərin də orada qalmayacağını düşünürəm”.

Q.Əlibəyli dedi ki, Rusiyanın bölgədən çıxıb-çıxmayacağını indidən söyləmək çətindir: “Moskva çalışır ki, müxtəlif bəhanələrlə Qarabağda hərbi sayını artırsın. Onsuz da qeyri-rəsmi şəkildə hərbi mövcudluqlarını artırırlar. Bu mənada Rusiya Moldova nümunəsinə hazırlaşa bilər. Ancaq Azərbaycanla bağlı başqa problem də var. Söhbət Türkiyədən gedir. Türkiyənin hərbi iştirakı Rusiyanın provokasiya imkanlarını məhdudlaşdırır. Əlbəttə ki, Kreml müqavilənin bitməsinə az qalmış gərginlik yaranmasında maraqlı ola bilər. İndi də vaxtaşırı hərbi təxribatlar olur. Diversantların ərazimizə keçməsinə sülhməramlılar tərəfindən göz yumulur ki, gərginlik qalsın”.

Partiya sədri hesab edir ki, Türkiyənin iştirakı rus sülhməramlılarının bölgədə uzunmüddətli qalmaq perspektivlərini azalda bilər.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, sülhməramlıların bölgə yerləşdirilməsinin əsas səbəbi münaqişənin qarşısını almaq, Azərbaycanla Ermənistan arasında münasibətləri yaxılaşdırmaqdır: “44 günlük müharibə dövründə bir neçə dəfə atəşkəs üçün cəhd edildi, amma erməni tərəfi pozdu. Lakin Rusiya prezidentinin iradəsi ilə atəşkəsə razılıq əldə olundu, üçtərəfli bəyanat imzalandı. Ondan sonra da ermənilər sərhədi pozublar, təxribat xarakterli addımlar atıblar. Bu da sülhməramlıların qalmasını zəruri edib. Məncə, 5 il ərzində Azərbaycanla Ermənistan arasında münasibətlər tam normallaşmayacaq. Çünki ermənilərin destruktiv addımları davam edir”.

Ekspert hesab edir ki, bu baxımdan sülhməramlıların orada qalması zəruri olacaq: “Ermənistandakı radikalların açıqlamaları da bunu deməyə əsas yaradır ki, onlar dinc dayanmayacaqlar. Müqaviləyə görə tərəflərdən narazılıq olarsa, buna baxıla bilər. Əgər sülhməramlılar missiyasını yerinə yetirməsə, Azərbaycan bu məsələni qaldıra bilər. Eyni zamanda, Ağdam Monitorinq Mərkəzi fəaliyyət göstərir və Türkiyə silahlı qüvvələri də prosesə nəzarət edir. Hər hansı ədalətsizlik olsa Türkiyənin də müdaxilə haqqı var. Hesab edirəm ki, proses uzun müddətə hesablanıb. Çünki ermənilər dənizdən dənizə ideyasından əl çəkməyiblər”.

Siyasi təhlilçi Ramiyə Məmmədova güman edir ki, rus sülhməramlıları yerləşdikləri ərazilərdən indiyə qədər çıxmayıblar: “Bu nümunələr bizim də pessimist olmağımıza əsas yaradır. Petrosyan yaxşı bilir ki, ruslar olmasa, ermənilər bir gün də orada yaşamazlar. Müharibə vaxtı qaçmışdılar, sülhməramlıların müşayiəti ilə Xankəndinə qayıtdılar. Dağlıq Qarabağ ərazisində 30-40 min erməni olar, ya olmaz. Onlar qeyri-müəyyənlik içindədirlər, sabaha ümidsiz baxırlar, əhali kasıbdır, diasporun pulu ilə bəzi tikinti işləri aparıb onları həvəsləndirirlər, amma ”artsax” arzuları puç olub. Onlar sülhməramlılardan asılı yaşayırlar”.

Ekspertin sözlərinə görə, Rusiya bölgəni tərk etmək istəmir: “Kremlin 30 illik arzularından biri elə bölgəyə yerləşmək idi. Ona görə sülhməramlı kontingent daha uzun müddət orada qalmağa çalışacaq. Buna necə nail olacaqlar, onu biz qarşıdakı dövrdə görəcəyik. İndidən hiss olunur ki, ermənilər atəş açmaqla vəziyyəti gərginləşdirmək istəyirlər. Müqavilənin xitam verilməsinə az qalmış daha böyük atəşkəs pozulması halları mümkündür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki