image-qanunla-reklam
image-sulhmeramli-qarabag

Rusiya MN Qarabağ açıqlamasında hansı maddələri pozdu?

image-lady-day-az

Rusiya Müdafiə Nazirliyinin ötən gün Qarabağ iqtisadi rayonunun rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonası haqda açıqlaması və orda işlədilən bəzi ifadələr beynəlxalq hüququn kobud şəkildə pozulması ilə yanaşı, həm də Azərbaycan və Rusiya arasında müttəfiqlik haqda 22 fevral 2022-ci il Moskva Bəyannaməsinə də qəti şəkildə ziddir.

Qanunla.Az xəbər verir ki, Rusiya MN-in açıqlamasına diqqət çəkən politoloq Elçin Mirzəbəyli də bu məqama toxunub.

“Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ münaqişəsi zonası”nda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenində qeyd olunur ki, martın 24-dən 25-dək Azərbaycan Silahlı Qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub və “Dağlıq Qarabağ” ərazisində müşahidə məntəqəsi qurub. Sitat: “Bayraqdar-TB2” tipli pilotsuz uçuş aparatı Fərrux yaşayış məntəqəsi ərazisində “Dağlıq Qarabağ silahlı birləşmələri”nin bölmələrinə 4 zərbə endirib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.

Göründüyü kimi, Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözügedən bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub. Sözügedən Bəyannamənin 1-ci bəndində qeyd olunur: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəyannamənin 11-ci bəndində isə bildirilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Eyni sənədin 18-ci bəndində deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.

Rusiya Müdafiə Nazirliyinin bülleteninin ilk cümləsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə daxil olan, Azərbaycanın qanuni əraziləri sayılan yaşayış məntəqələri “Dağlıq Qarabağ ərazisi” adlandırılır ki, bu da həm BMT Nizamnaməsinin, həm də iqtibas gətirdiyim Bəyannamənin müvafiq müddəalarına ziddir və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yolverilməz davranış kimi qəbul olunmalıdır”, – politoloq qeyd edib.

O bildirib ki, Azərbaycan ərazisində müvəqqəti müşahidə missiyası həyata keçirən Rusiya sülhməramlıları erməni hərbi birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması ilə bağlı öhdəliklərinə əməl etmək əvəzinə, qanunsuz hərbi birləşmələri “Dağlıq Qarabağ silahlı birləşmələri” kimi təqdim edirlər ki, bu da Azərbaycanla Rusiya arasında və Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı ilə imzalanmış bəyannamə və bəyanatların müvafiq müddəalarının kobud şəkildə pozulması, separatizmin stimullaşdırılması və təşviq edilməsi anlamına gəlir:

“Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alan beynəlxalq hüquqa ziddi ifadələr və iddialar, həmçinin bu ölkənin sülhməramlı missiyasının Azərbaycan qanunlarına və sülhməramlı missiyalarla bağlı BMT Baş Assambleyasının müvafiq tövsiyə və doktrinalarına zidd hərəkətləri, Azərbaycan xalqını Rusiya ilə bağlı beynəlxalq miqyasda mövcud olan rəyin və Rusiyanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, imzasına hörmət etməyən dövlət olduğu ilə bağlı fikirlərin gerçəkliyi barədə daha ciddi şəkildə düşünməyə vadar edir.

Rusiya Müdafiə Nazirliyinin mövqeyi və sülhdən başqa hər şeyə xidmət edən sülhməramlı missiyasının davranışları bu ölkənin Azərbaycandakı etimad limitini də sıfırın altına endirir”.

Politoloq bütün ictimai-siyasi təşkilatların, həmçinin Rus İcması da daxil olmaqla, bütün icmaların Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla Rusiya arasında imzalanmış müvafiq sənədlərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışlarını qətiyyətlə pisləməli, rəsmi Moskvadan bu kimi əməllərin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etməli olduğunu deyib:

“Xatırladım ki, bir gün öncə Azərbaycanın Rus İcması Respublika Şurasının bəyanatında “Rusiyanı başa düşün” çağırışı da yer almışdı… İndi də Zabelin (Mixail Zabelin, millət vəkili və Rus İcmasının rəhbəri – red.) başda olmaqla, icmanın bütün hörmətli üzvləri Rusiyanın siyasi və hərbi rəhbərliyinə Azərbaycan xalqının Rusiya Müdafiə Nazirliyinin və sözdə sülhməramlıların qanunsuz davranışlarını başa düşmədikləri barədə müraciət ünvanlasalar, pis olmaz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki