image-qanunla-reklam
image-16637707736234012001_1000x669

Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq

image-lady-day-az

Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq.

27 sentyabrda dövlətçilik tariximizin,  hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır.  Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti,  ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı.  Bu Vətən müharibəsi  Azərbaycanın Qələbə salnaməsi kimi tarixdə iz qoydu.   Praqmatik dövlət başçısı cənab İlham Əliyev idarəçilik təcrübəsi,  bacarıqlı təşkilatçılığı,  yüksək intellektual potensialı, optimal və çevik qərarları,  uzaqgörən siyasəti ilə  xalqı səfərbər edərək tarixi qələbəni tezləşdirdi.  44 günlük müharibədə müzəffər ordumuz işğal altında olan ərazilərimizi azad etdi.  Qısa müddət ərzində bu qədər ərazinin azad olunması tarixi bir qələbədir.  Müzəffər Ordumuzun peşəkarlığı  hərbi ekspertlərin əsas müzakirə mövzusuna çevrildi.  Qeyd olundu ki,  Azərbaycan Ordusu XXI əsrin müharibəsini aparır.  Noyabrın 8-də isə Şuşanın azad olunması Vətən müharibəsinin pik nöqtəsi oldu.  Bu,  Azərbaycan Ordusunun xüsusi peşəkarlığı və bacarığı nəticəsində mümkün olmuşdur.  44 gün sürən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan,  Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanatla başa çatdı.  Döyüş meydanında qazanılmış qələbələr diplomatik-siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi.  Bəyanatın şərtlərinə uyğun olaraq,  Ağdam,  Kəlbəcər,  Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarıldı.  Ermənistanın kapitulyasiyası ilə münaqişəyə son qoyuldu,  Azərbaycanın ərazi bütövlüyü,  suverenliyi bərpa olundu.  Bəli,  sentyabrın 27-də başlanan müharibə xalqımızın Vətən müharibəsinə çevrildi.  Həmin gün haqq-ədalət müharibəsinə qalxan Azərbaycan xalqı xalq-ordu birliyi,  xalq-dövlət birliyi,  xalq-Prezident birliyi nümayiş etdirdi.  Cənab Prezident,  Ali Baş Komandan xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrində demişdir: “Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır.  Döyüş meydanlarında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir,  düşmənə sarsıdıcı zərbələr endirir,  düşməni torpaqlarımızdan qovur,  canı-qanı bahasına.  Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.  Bəli,  Azərbaycan əsgəri mərd-mərdanə döyüşdü,  mülki əhalinin məskunlaşdığı əraziləri vurmadı.  Ancaq məkrli və hiyləgər düşmən dinc əhalini nişan aldı.  Gəncə,  Mingəçevir,  Goranboy,  Ağdam və başqa şəhərlərin və yaşayış yerlərinin raket atəşinə tutulması beynəlxalq qanunlara ziddir və müharibə cinayətidir.  Yaşayış yerlərinə atılan ardıcıl raket atəşləri nəticəsində körpə uşaqların və dinc əhalinin vəhşicəsinə məhv edilməsi barbarlıqdır,  hərbi cinayətdir.  Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi bu cinayətləri,  bu vəhşiliyi tarix heç zaman bağışlamayacaq.  Cəbhədən 80-100 kilometr uzaqda yerləşən və müharibə cəbhəsi ilə heç bir əlaqəsi olmayan Gəncə,  Mingəçevir və başqa şəhərlərin dinc sakinlərinin vəhşicəsinə atəşə tutulması dünya tərəfindən qəzəblə qarşılandı.  Gəncənin,  Mingəçevirin,  Tərtərin və başqa ərazilərimizin raket silahları ilə atəşə tutulması nəticəsində çoxlu sayda dinc əhali,  uşaq,  qoca,  qadın şəhid oldu,  yaralananlar oldu,  bir çox yaşayış binaları və mülki obyektlər dağıdıldı.  Ermənistanın faşist rəhbərliyi bir daha sübut etdi ki,  onlar terrorçu dövlətdir,  bölgədə sülh üçün zərərli tərəfdir,  işğalçı dövlət olaraq avantürist niyyətlərindən əl çəkməyiblər,  Azərbaycanın qəhrəman və igid əsgərləri əks-hücuma keçərək  düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını,  silah anbarlarını məhv etdi.  Bununla da düşmən qüvvələrinə sarsıdıcı zərbələr vuruldu.  Azərbaycanın bir çox kəndləri və Zəngilan şəhəri işğaldan azad edildi.  Beləliklə,  Ali Baş Komandanımızın da dediyi kimi,  30 il ərzində bizim torpaqlarımızı istismar edən mənfur düşmənin beli qırıldı.  Ötən illər ərzində Azərbaycan rəhbərliyi,  ölkə Prezidenti cənab İlham Əliyev öz qətiyyəti,  müdrik və uzaqgörən siyasəti ilə münaqişənin beynəlxalq hüquq çərçivəsində həlli üçün ciddi çalışmış və öz mövqeyini ortaya qoymuşdu.  Təəssüflər olsun ki,  Ermənistan rəhbərliyi real addımlar atmamış,  bütün danışıqlar prosesində riyakar fikirlər söyləyərək münaqişənin həllini uzatmış və danışıqları pozmuşdu.  Beynəlxalq müstəvidə ikili standartlarla üzləşən Prezident cənab İlham Əliyev ərazi bütövlüyümüzü bərpa etmək üçün torpaqlarımızı işğaldan azad etməyə başladı.  Xalqın iradəsini ifadə edən Ali Baş Komandanın göstərişlərini bütün Azərbaycan xalqı ürəkdən bəyəndi,  müdafiə etdi və qələbəyə nail olundu.   Məhz bizə bu möhtəşəm qələbə sevincini Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Ordusu,  Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımız yaşatdılar.  Eyni zamanda,  onu xüsusilə qeyd etmək lazımdır ki,  ölkə Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi dövründə və tarixi Zəfərdən sonra Azərbaycan xalqına etdiyi müraciətlərdə,  dünyanın müxtəlif ölkələrinin otuza yaxın aparıcı xəbər agentliklərinə Azərbaycan,  türk,  rus və ingilis dillərində verdiyi müsahibələrdə ifadə olunan aydın məntiq,  sərrast cavablar,  xalqımıza,  ordumuza sarsılmaz inam,  istənilən vəziyyətdə manevr etmə qabiliyyəti müharibənin taleyində xüsusi rol oynamışdır.  8 Noyabr-Zəfər Günü çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir.  Bu,  Ali Baş Komandan İlham Əliyevin,  xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Bəli,   biz hamımız möhtəşəm Qələbədən bir daha ilhamlandıq,  qürurlandıq,  gücləndik,  daha da birləşdik və dostumuzu,  düşmənimizi tanıdıq,  gördük.  Biz bu günləri yaşayırıq və istədiyimiz nəticələri əldə etmişik.  Bu gün bizim rəşadətli Ordumuz və Azərbaycanı dünyada ucaldan,  öz iradəsi,  bacarığı ilə istədiyi hədəfə doğru inamla,  uğurla irəliləyən və Azərbaycan xalqına hər gün sevinc bəxş edən Ali Baş Komandanımız var.  Qoy bu birliyimiz,  qürurumuz,  vüqarımız əbədi olsun!

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki