image-qanunla-reklam
image-thumb

Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır

image-lady-day-az

2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan kompleks bərpa işləri Prezident cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan  torpaqlarında həyata keçirdiyi cinayətlər və onların miqyası heyrət doğurmaya bilmir. Düşmən xalqımızın mədəniyyətinə, irsinə, respublikamızın təbiətinə qarşı tarixdə görünməmiş vandallıq törədib. Bütün bunlar sivil dünyamızda ermənilərin timsalında barbarlığın şüuruna hakim kəsildiyi bir toplumun hələ də qaldığını göstərir. Qısa dövrdə görülən böyük işlər olduqca heyrətamizdir.
Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün əziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizində hərəkətin bərpası üçün Azərbaycan tərəfdə işlər qrafikə uyğun icra edilir.

Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Günay Şirinova

 

 

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.

Azərbaycan-Türkiyə münasibətlərinin minilliklərdən gələn böyük tarixi, davamlı və dayanaqlı ənənələri vardır.  Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxınlığı bütün sahələrdə özünü göstərir. Bu əlaqələrin böyük tarixi var. İki xalq və dövlət yaxşı və çətin günlərdə hər zaman bir-birinin yanında olub. Dövlət başçılarının qardaşlıq münasibətləri ölkələrimiz arasında əlaqələrin inkişafına əvəzsiz töhfələr verir. Ölkələrimiz iqtisadi-siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsi dövründə ölkələrimiz arasındakı əlaqələr bir daha tarixi sınağa çəkildi.

Müharibə başlayan ilk andan Türkiyə dövləti, hər bir türk vətəndaşı Azərbaycanın yanında olduğunu qəti şəkildə bəyan etdi. Müharibənin davam etdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi dəstək inamımızı daha da gücləndirdi və qələbəmizin təmin olunmasında çox böyük qardaşlıq dəstəyi, mənəvi dəstək kimi əhəmiyyətli rol oynadı. Nə qədər beynəlxalq  təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. İnanırıq ki, hər zaman bir-birinin yanında olan ölkələrimiz Qarabağın dirçəlişi ilə bağlı layihələrdə mövcud durumun dəyərləndirilməsi, ən önəmlisi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə çalışacaq, “Bir millət, iki dövlət olmağın verdiyi ortaq şüur və ruhla” hərəkət edəcəklər.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Dilarə Hacızadə

 

 

30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır.

İşğal edilmiş ərazilərimiz Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar.

Bu gün Qarabağda aparılan yenidərqurma, abadlıq quruculuq işləri Azərbaycan iqtisadiyyatının bir daha gücünü göstərir. Erməni vandalları tərəfindən işğaldan azad olunmuş ərazilərdə 67 məsciddən 65-i  tamamilə dağıdılıb. Bu erməni vəhşiliyini dünya öz gözləri ilə gördü. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Erməni vandalları Birinci Qarabağ müharibəsi dövründə xalqımızda çox əzablar vermişdir. Onun nəticəsidir ki, 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi
barədə məlumat verməkdən yayınır. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır. Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır. 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qurulub. Nadir və misligörünməmiş yenidənqurma modeli Azərbaycanın iqtisadi gücünü bir daha göstərdi. Bütün bərpa işləri hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrası başlanıb.

Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov

 

 

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur.

 Türkiyədə baş vermiş  zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılanıb.

Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan  Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirilməkdə və qardaş Türkiyə xalqına humanitar yardım göstərilməkdədir. Eyni zamanda, Azərbaycan xalqının nümayəndələri könüllü olaraq yardım təşəbbüsləri irəli sürür, maddi və mənəvi dəstək göstərirlər. Təbii fəlakətin baş verməsinin ardından  Azərbaycan hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirib, dərhal qardaş ölkəyə öz dəstəyini göstərib. Bütün Azərbaycan xalqı Türkiyə  xalqının yanında olduqlarını nümayiş etdirdi və öz imkanları daxilində köməyini əsirgəmirlər.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci oldu. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarıldı. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edildi. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Bundan sonra da belə olacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib.

Martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir daha bu qardaşlığın aydın mənzərəsini təqdim etdi. Prezident cənab İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edərək digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olundu. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən dəhşətli zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platformadır. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli sıx əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılması, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar. Azərbaycanın qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən göstərdiyi dəstək Türkiyə rəsmiləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycanın maddi, mənəvi və humanitar dəstəyi, azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində əzmlə və fədakarlıqla çalışmaları təqdirlə qarşılandı. Dövlət başçısı cənab İlham Əliyevin zəlzələdən sonra Türkiyəyə işgüzar səfəri dünyanın diqqətindən kənarda qalmadı. Bu, bir daha qardaş dəstəyinin nümayişi oldu. Dünya bu birliyin sarsılmazlığının 44 günlük İkinci Qarabağ müharibəsində və ötən ayın əvvəllində qardaş Türkiyədə baş verən zəlzələ zamanı bir daha şahidi oldu.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər.

XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib.
Azərbaycanlıların hüquqları kobudcasına pozulub, onlara qarşı sərt repressiyalar həyata keçirilib.

1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başlayıblar. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, toponimika tarixində misli görünməyən hadisə – qədim toponimlərin müasir erməni adları ilə əvəzolunma prosesi baş verib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı çıxışında demişdir: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.

44 günlük Vətən müharibəsində xalqın birliyinin, ordunun cəsarətinin şahidi olduq. Bu birlik illərin Qarabağ həsrəti, onu azad etmək arzusu idi. Qələbə zamanı bir daha şahidi olduq ki, illərdir aparılmış siyasət tam da bu günlərin xəbərçisi imiş. Güclü və davamlı iqtisadiyyat bizi Ermənistan dövləti üzərindəki qələbəyə apardı. Xalq – Ordu birliyi bu ərəfədə özünün ən yüksək və ən ideal səviyyəsinə çatdı. Cəmiyyətin bütün təbəqələrindən olan hər kəs Prezidentə etimadını göstərir və indi də onun dəstəkçisidir.

Bu müharibədə Türkiyə dövlətinin dəstəyi danılmazdır. Səksən milyonluq Türkiyə xalqının ürəyi Azərbaycanla döyünürdü. Türkiyə dövləti bütün sahələrdə – iqtisadi, siyasi, informasiya müharibəsində Azərbaycanın yanında idi. Və bütün siyasi masalarda Azərbaycanın yanında olduğunu açıq-aşkar bildirirdi. Bu müharibə dövründə sözün əsl mənasında “Bir millət, iki dövlət” olmuşduq. Təbii ki, bu ifadə hər zaman özünü doğrultmuşdu. Biz dostdan artıq idik, biz qardaş idik. Həm sevincimizdə, həm də kədərimizdə birlik nümayiş etdirirdik, etdiririk və etdirəcəyik!

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Qardaşlıq jesti.

 Mart ayının 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü bir çox dünya ölkələrinində maraqla izlənildi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar məhz Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Ankara Sammitinin məqsədi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında praktiki əməkdaşlığın müzakirəsi, eləcə də qardaş Türkiyəyə baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında dəstəyin nümayiş etdirilməsidir. Eyni zamanda, ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə sözügedən Zirvə görüşündə iştirak edib ki, bu da böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Avropadan uzaq Şərqə qədər təxminən 150 milyon nəfərin yaşadığı coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı müasir dünyanın aparıcı çoxtərəfli platformalarından birinə çevrilib. Qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Bu, sadəcə, ad dəyişməsi deyil, həm də inkişaf vektorunun yenilənməsidir.
Türk İnvestisiya Fondunun yaradılması məsələsi Zirvə görüşündə yüksək dəyərləndirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan adıçəkilən toplantıdan sonra keçirdiyi mətbuat konfransında bu Fondun təsis müqaviləsinin imzalanmasının mühüm əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Fondun Türk dünyasında iqtisadi inteqrasiyanı sürətləndirəcəyinə əminliyini diqqətə çatdıraraq, bərabər sərmayə töhfəsi və Türk dünyasında bərabər səs hüququ əsasında yaradılacaq bu quruma İstanbulun ev sahibliyi edəcəyini söyləyib.

Prezident cənab İlham Əliyev sammitdə işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, bu prosesdə dost, qardaş ölkələrin fəal iştirakından məmnunluğunu ifadə edərək deyib: “Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur”. Dövlətimizin başçısı çıxışında işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə də minnətdarlığını bildirib.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.

Qarabağ münaqişəsi bitsə də, ermənilərin Azərbaycan xalqına qarşı hərbi cinayətləri davam etməkdədir. Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir.

Ermənilər Azərbaycanlılarının öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya çeviriblər. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl vandalizm törədib. Ermənilərin hərbi cinayətlərinin sayı-hesabı yoxdur. Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Vətən müharibəsindən sonra da Ermənistanın mina terrorunu davam etdirməsi, günahsız insanların ölümünə yol açması onun öz terrorçu mahiyyətindən imtina etmədiyini, bu gün də terror dövləti kimi fəaliyyət göstərdiyini göstərir.

Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. Düşmən tərəfindən həmin ərazilərdə milyonlarla mina basdırılıb. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənistanın basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası düşmən tərəfindən həyata keçirilən “mina terroru”nun təzahürüdür.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Nadir və misligörünməmiş yenidənqurma modeli.

Mart ayının 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə – Qarabağda, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma işləri barədə də söhbət açdı. Qeyd etdi ki, biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Bütün bərpa işlərini hökumətin postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirməsi nadir və misli görünməmiş yenidənqurma modelidir.  Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün hazırda “Böyük qayıdış” proqramının icrası başlanıb. Yenidənqurma prosesində Türkiyə şirkətləri də podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Digər türk dövlətləri də bərpa-quruculuq işlərinə müəyyən dəstəkləri ilə qardaşlıq jesti göstərirlər. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilməsi, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzinin inşası buna bir nümunədir.  Türk dövlətləri arasında əməkdaşlıq əlaqələri şaxələnir.

Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib. Öz yurdlarından didərgin düşməyə məcbur edilmiş soydaşlarımızın qayıdışı həm Azərbaycan iqtisadiyyatına töhfə vermiş olacaq, həm gücümüzə güc qatacaq, həm də bu “Böyük Qayıdış” tarixdə iz buraxacaq. Azərbaycan son 100 ildən sonra ilk dəfə öz torpaqlarını qaytarmağa, ərazi bütövlüyünü bərpa etməyə nail oldu. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq dövrdür.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki