image-qanunla-reklam
image-media-3c3689a0e88c6720d396ad69078ece44-ftlv2y5r1uk7omz4i0nj

Qadınlarımızın tərbiyə etdiyi övladlar torpaqlarımızı işğaldan azad etdi

image-lady-day-az

“8 Mart – Beynəlxalq Qadınlar Günü artıq uzun illərdir ki, ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində cənab Prezident İlham Əliyevin 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlaması, onları təltif etməsi ölkəmizdə qadınlara verilən böyük dəyərin təzahürüdür”.

“Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.

Təqdirəlayiqdir ki, qadınlarımız doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərlərinə düşən ağır vəzifəni də şərəflə yerinə yetirdilər. Məhz qadınlarımızın tərbiyə etdiyi övladlar cənab Prezident İlham Əliyevin Ali Baş komandanlığı altında torpaqlarımızı işğaldan azad etdilər. Bu gün qadınlarımızın həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər”.

“Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə- Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı  ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Bundan başqa, həyata keçirilən bir sıra dövlət proqramları, Milli Fəaliyyət Planları, qoşulduğumuz konvensiyalar, qəbul olunmuş qanunlar ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunmasına geniş təminat yaratmışdır.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı isə dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir və mühüm məsələlər müzakirə olunur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirilməklə yanaşı, ölkəmizdə dövlət qadın siyasətinin uğurla davam etdirildiyinin mühüm göstəricisidir”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır

 Heydər Əliyev ölkənin, xalqın taleyi barəsində qərar qəbul edəndə bunu həmişə uzaqgörənliklə, gələcəyə hesablanmış şəkildə edirdi. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. O, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu,  vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir

Geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə əsl nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox  böyük əhəmiyyətə malikdir.

Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olmuşdur. Ulu Öndər 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “….Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır…”

Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. Və bununla da, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı  baş tutmuşdur. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. Çünki qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Ümummilli Liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdı.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

“Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur

Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti ilə, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti ilə və gözəlliyi, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır. Ancaq bununla bərabər, əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhməti də qadın həmişə mərdliklə, cəsarətlə çəkmişdir və heç vaxt bu zəhmətdən inciməmişdir.” Ümumrespublika qadınlarının qurultaylarında irəli sürülən təkliflərin həyata keçirilməsi ölkəni inkişafa və tərəqqiyə doğru yönəldir. Heydər Əliyev o vaxt da vurğulamışdı ki, Azərbaycan qadınlarının XXI əsrin astanasında keçirdiyi qurultay müstəqil respublikamızın tarixində mühüm yer tutacaqdır. Azərbaycan qadınlarının bu qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqi olmaqla yanaşı, Heydər Əliyevin qadın siyasətinin təntənəsi kimi tarixə çevrilib.

Böyük şəxsiyyət Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanı isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxartmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup da yaradılmış və həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir

Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərin  gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir ki, bu sahədə də nailiyyətlər əldə etmişik.

Ölkəmizdə qadın hüquqlarının geniş müstəvidə əks olunması və problemlərin qanunvericilik çərçivəsində həllində Heydər Əliyevin beynəlxalq təşkilatlara qəbul olunmasındakı təşəbbüsü də müsbət nəticə vermişdir. Heydər Əliyevin geniş və  uğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdi və xarici təcrübə öyrənilərək tətbiq edilirdi. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir. Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etməsindən sonra bir sıra təşkilatlara üzv seçilməsi cəmiyyətin inkişafında və dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun daha da artmasına gətirib çıxarmışdı.

Azərbaycan 1992-ci ildə avqustun 4-də “Qadınların siyasi hüquqları haqqında” 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız həyat” Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulmuşdur. Ölkəmiz, həmçinin, Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında” 45 saylı BƏT Konvensiyasını, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında” 100 saylı BƏT Konvensiyasını, “Analığın mühafizəsi haqqında” 103 saylı BƏT Konvensiyasını, “Əmək və məşğulluq sahəsində ayrı- seçkilik haqqında” 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyanı da qəbul etmişdir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdu. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətlədirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, Ümummilli Lider Heydər Əliyev “4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” 15 sentyabr 1994-cü il tarixli Fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşmışdı. Ulu Öndər bu məsələni diqqətində saxlayırdı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20%-i işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Ümumilli Lider xalqa müraciət edərək demişdir. Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmiş, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirilmişdi.  Bu gün  qürurla deyə bilərik ki, həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər.

Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin həyata keçirilməsi onun imzaladığı fərman və sərəncamlarda, xüsusilə, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın ratifikasiya edilməsində və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya – qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılması problemini müasir dövrün ən qlobal problemlərinə aid edir. Bizim bu konvensiyaya qoşulmağımız Ulu Öndərin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Böyük siyasətçi Heydər Əliyevin fərmanı ilə Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulmuşdur. Konvensiya ailə vəziyyətindən, siyasi, iqtisadi, sosial, mədəni vəziyyətindən və baxışlarından aslı olmayaraq, kişi və qadınların bərabər hüquqlara malik olmalarını təsbit etmiş və bununla bərabər Konvensiyanın iştirakçısı olan dövlətlər hüquqi, siyasi və proqram xarakterli tədbirlər həyata keçirməklə qadınlara münasibətdə mövcud olan ayrı-seçkilik hallarını aradan qaldırmağı öhdəlik olaraq öz üzərilərinə götürmüşlər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir

Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun xatirəsini, gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxartmaq mümkün deyil. O, xalqımız qarşısında nümunəyə çevrilib. Heydər Əliyevin müəyyən etdiyi siyasət nəticəsində ölkəmiz inkişaf yolunda inamla irəliləmiş, mühüm nailiyyətlər əldə etmişdir, bunlardan ən uğurlusu isə yürütdüyü siyasi xəttin oğlu cənab Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə, müvəffəqiyyətlə davam etdirilməsidir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bugünədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxaq nüfuza malik olan ölkəyə çevrilib. Başqa sözlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir.  Azərbaycan dövlət olaraq dünyada getdikcə daha möhkəm mövqeyə malik olur, beynəlхalq nüfuzu daha da möhkəmlənir. Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

Ölkə başçısının rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün “Gender bərabərliyinin təminatları haqqında” (2006-cı il), “Məişət zorakılığının qarşısının alınması haqqında” (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır

Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli Liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.

Biz, bu ailəyə – Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu  belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin  həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir. Təsadüfi deyil ki, keçirilən növbəti prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn İlham Əliyev növbəti illər üçün yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızın Prezidentə olan bu etimadı ölkəmizin inkişafının davamlılığını təmin edir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ölkəmizdə dövlət qadın siyasəti uğurla həyata keçirilir

8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində dövlət başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir. Azərbaycan qadını həmişə öz layiqli qiymətini alır. Çünki, qadınlarımız bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir

Qadınlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyırlar. Onların aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

Dövlət müstəqilliyimizin bərpasından sonra ötən iyirmi il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.

​Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır. Azərbaycan Respublikasında qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da  qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki