Prezident İlham Əliyevin 2 fevral 2026-cı il tarixində Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşü Azərbaycanın qlobal müstəvidə genişlənən nüfuzunun növbəti və ən bariz göstəricisidir. Bu səfər sadəcə ikitərəfli münasibətlərin müzakirəsi deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerinin yeni konfiqurasiyasıdır. Təsadüfi deyil ki, bundan qısa müddət əvvəl Davosda ABŞ Prezidenti Donald Trumpla keçirilən təkbətək görüş də Azərbaycanın dünya siyasi arenasında söz sahibi olduğunun əyani sübutu idi. Qərbdən Şərqə uzanan bu diplomatik uğurlar zənciri rəsmi Bakının qlobal güc mərkəzləri tərəfindən bərabərhüquqlu və strateji tərəfdaş kimi qəbul edildiyini təsdiqləyir.

Əbu-Dabidə baş tutan görüş zamanı siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Orta Şərqdə də etibarlı və söz sahibi müttəfiq olduğunun göstəricisidir. Azərbaycan artıq regional çərçivələrdən çıxaraq, qitələrarası əhəmiyyət kəsb edən məsələlərin həllində açar dövlət funksiyasını yerinə yetirir. Görüş zamanı xüsusi diqqət çəkən məqamlardan biri iki ölkənin Silahlı Qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” təlimlərinin əhəmiyyətinə toxunulmasıdır. Bu, təsadüfi xarakter daşımır. Hər iki ölkənin müdafiə sənayesi sahəsində dərinləşən əlaqələri və hərbi təlimlər zamanı nümayiş etdirilən yüksək səviyyəli koordinasiya Azərbaycanın zamanla regionda “subhegemon” dövlətə çevriləcəyinə işarədir. Güclü iqtisadiyyatın güclü ordu ilə vəhdəti Azərbaycanın təhlükəsizlik arxitekturasını sadəcə qorumaqla kifayətlənmir, həm də onu regionda sülhün və sabitliyin əsas qarantına çevirir. İqtisadi sahədə atılan addımlar da bu strateji kursun məntiqi davamıdır. Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) investisiya qolu olan “XRG” ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin alqı-satqısına dair sənədin imzalanması tarixi hadisədir. Bu razılaşma zamanla iqtisadiyyatın daha da təkmilləşməsi, enerji sektorunun şaxələndirilməsi və ən əsası, yeni qlobal investorların ölkəmizə cəlb olunması deməkdir. Dünyanın ən nüfuzlu maliyyə və enerji nəhənglərinin Azərbaycanın strateji aktivlərinə sərmayə qoyması, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətə və ölkəmizin gələcəyinə duyulan beynəlxalq etimadın ən yüksək səviyyədə təzahürüdür. Yekun olaraq, 2026-cı ilin əvvəlində baş verən bu hadisələr istər Trampla görüş, istərsə də Əbu-Dabi səfəri və imzalanan strateji sənədlər vahid bir həqiqəti ortaya qoyur: Azərbaycan qlobal masada öz şərtlərini diktə edən, maraqları nəzərə alınan və gələcəyin enerji-təhlükəsizlik xəritəsini formalaşdıran lider dövlətdir.
Ömər Hüseynli – Ana Vətən Partiyasının sədr müavini





















