image-qanunla-reklam
image-339980597_185124387309044_4316506096062399860_n

“Oğurlanmış adam”ın taleyi… – Kənan Hacı yazır

image-lady-day-az

Hər şey həyatın özüdür, heç nə uydurma deyil. Gənclərin romanıdır “Oğurlanmış adam”. Tədricən açılan, özünü göstərən tiplər düşdükləri mühitin qurbanlarıdır. Qeyri-sağlam atmosferdə bu gənclərin taleyi sual altındadır. Zaur, Fuad, Tural zəhmətsiz gəlir əldə etməklə tüfeyli həyat tərzi keçirirlər. Və biz ətrafımızda nə qədər belə gənclər görürük. Tanınmış vəkil, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Adəm Məmmədov bu gənclərin faciəvi taleyini qələmə alıb.

Bundan əvvəl “Qətlin sonu” detektiv romanı ilə oxuculara tanış olan yazıçının növbəti əsəri kəskin süjet xətti və dinamikası ilə seçilir. Əsərdə hadisələr, konfliktlər və surətlər ustalıqla ümumiləşdirilib, şərti və rəmzi ifadə vasitələrindən romanın bədiiliyinə xələl gətirmədən istifadə olunub.

Müasir ədəbiyyatımızda Leş Kələntər kifayət qədər orijinal və maraqlı bir obrazdır. “Oğurlanmış adam”ın strukturu məhz bu obraz üzərində qurulub. Hadisələr bu adamın evində baş verir, onun oğlu Zaur atasının haram yolla əldə edib evindəki seyfdə gizlətdiyi pulları oğurlayıb dostları ilə kef məclisləri qurur. Təkcə kef məclislərimi? Gənclərin fantaziyalarını gerçəkləşdirmək üçün oğurlanan pullardan istifadə edilir. Onların ehtirasları bu pulların boyunduruğundadır, həyat refleksi onların iştahasını gün-gündən artırdıqca hadisələrin əhatəsi genişlənir, cinayət müstəvisinə çıxır.

Həyata, dünyaya oğurlanmış adamın pəncərəsindən baxan yazıçı onun daxilində baş verən təbəddülatları da izləyir. Pisliklərin məskən saldığı qəlbdə sevgi işartıları görünür və bu hiss Zauru müsbət səmtə çəkir. İki hissin arasında çırpınan təcrübəsiz gənc illüziyalarından xilas ola bilmir.

Hadisələr reallığı çılpaqlığı ilə əks etdirir. Vəkil David qurduğu düzgün taktika nəticəsində günahsız bir gənci on beş il həbsdə çürüməkdən xilas edir. O gənc Zaur deyil, təsadüfən bu oyunun içinə düşmüş saf, sadəlövh bir yeniyetmədir.

Əsərdə ağlasığmaz hadisələr baş verir. Zaurun oğurlanması və bu hadisənin necə baş verməsi vəkil Davidin araşdırmalarında üzə çıxır.

Yazıçı əsərdə həmçinin məhkəmə sistemindəki müəyyən boşluqları da gözardı edir.

Bu, sadəcə, bir tanıtım yazısıdır. “Oğurlanmış adam”ın hekayəsi gerçəkliyin tərs üzüdür. Ən yaxşısı, oxucunu əsərlə baş-başa buraxmaqdır. Bundan sonra kitabın taleyini oxucu müəyyənləşdirəcək.

Kənan HACI


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki