image-qanunla-reklam
image-1498455162_1465898686_18185

Müzəffər Ordu

image-lady-day-az

Müzəffər Ordu

Ərazi bütövlüyümüzün təmin edilməsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əsgər və zabitləri 44 gün davam edən müharibədə hərb tariximizin yeni şanlı səhifələrini yazdılar. Müzəffər ordumuz düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərdi, zəfər uğrunda inadından dönmədi, əzmlə, cəsarətlə son nəticəyə qədər döyüşdü. Şanlı ordumuzun şücaəti ilə 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində 300-ə yaxın yaşayış məntəqəsi, 5 şəhər və 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğalçılardan təmizləndi, qəsbkarın texnikasına, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusu Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli, müzəffər Azərbaycan Ordusu qısa müddətdə gerçəkləşdirdi. Bu qələbə Aprel, Günnüt, Tovuz zəfərlərinin məntiqi davamı, Silahlı Qüvvələrimizin inkişafı ilə bağlı son illərdə həyata keçirilən hərbi siyasətin döyüş meydanında təcəssümü idi.

Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəklədi, onminlərlə Vətən övladı könüllü şəkildə döyüşlərə qoşuldu. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə ordumuzun tam qələbəyə nail olması məqsədilə əlindən gələni etdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözlədi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko­mandanımıza, əzmkar Ordumuza dərin minnətdarlıq ifadə olundu. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Vətən müharibəsindəki möhtəşəm Qələbə də Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Xalq Prezidentimizin, Ali Baş Komandanın ətrafında birləşdi, sosial, siyasi statusundan asılı olmayaraq 10 milyon tək ürək, bir yumruq oldu. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə hər vətəndaşımız bir əsgər, zabit oldu. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı dilimizin ən əziz kəlməsi oldu. Ali Baş Komandanımızın söylədiyi kimi, məhz birlik, əzm, iradə, güc böyük Qələbəmizi reallaşdırdı.

 

Kəmalə Əliyeva – Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki