image-qanunla-reklam
image-1650368531-ilham-aliyev_shusha-numayendesini-qebul-ederken

Müstəqil siyasət kursu

image-lady-day-az

Müstəqil siyasət kursu

Bu gün dünyada gedən ziddiyyətli geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna müvafiq olaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.

Prezident İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirib. Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət həyata keçirən Azərbaycan son illərdə bütün istiqamətlər üzrə böyük uğurlar əldə edib.

İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanı dünyada, ilk növbədə, etibarlı və strateji tərəfdaşa çevirib. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq təşkilatlarda qətiyyətli və müstəqil söz sahibi kimi qəbul edilir. Təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına sədrlik etməsini göstərmək yetərlidir. Bütün bu uğurlar İlham Əliyevin xarici diplomatiyasının təntənəsidir.

Azərbaycan Prezidentinin ən mötəbər tədbirlərə dəvət olunması, aparıcı dövlətlərin rəhbərləri, dünyada nüfuzlu ictimai-siyasi xadimlər və digər şəxslərlə görüşləri həm özünün, həm də ölkəmizin yüksək nüfuzunun göstəricisidir.

İkinci Qarabağ müharibəsindəki şanlı zəfərlə Azərbaycan regionda yeni reallıqlar yaratdı və hazırda bütün addımlar postmüharibə dövrünün reallıqlarına uyğun atılır. Dönüb geriyə baxanda görürük ki, İlham Əliyevin torpaqlarımızın azad edilməsinə istiqamətlənmiş fəaliyyəti kompleks xarakter daşıyıb. Bu illərdə ordumuzun döyüş imkanlarının artırılmasını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayan dövlət başçısı Ermənistanın işğal siyasətinin beynəlxalq səviyyədə ifşa olunması üçün olduqca səmərəli siyasi-diplomatik fəaliyyət həyata keçirib. Bunun nəticəsində dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısı alınıb, onlar tamamilə neytrallaşdırılıb.

Azərbaycanın güclənməsinə xidmət edən ən mühüm məsələlərdən biri də İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Məlumdur ki, dünyada dövlətlərin nüfuzunu müəyyən edən bir sıra səbəblər var. Bunların arasında ən mühümü təbii ki, əhəmiyyətindən asılı olmayaraq hər bir sahədə yürüdülən siyasətin məzmunu və mahiyyətidir. Dövlətin nüfuzu, ona göstərilən beynəlxalq etimad da bununla bağlıdır. Bütün dövlətlər milli maraqlarına cavab verən siyasət həyata keçirməyə çalışır, lakin hamısı buna nail ola bilmir. Azərbaycan ərazi cəhətdən böyük dövlət deyil, amma onun Liderinin yürütdüyü müstəqil siyasətin əhatə dairəsi çox böyükdür. Müstəqil enerji və iqtisadi siyasət yürütmək, qlobal məsələlərdə öz mövqeyini ifadə etmək bugünkü reallıqlar baxımından kifayət qədər mühüm məsələlərdir.

Sabit və uğurlu inkişafı ilə dünya düzənində özünəməxsus yer tutan Azərbaycan həm də tam müstəqil siyasət yürüdən dövlət kimi tanınır.
Cənubi Qafqaz regionu və onun ən perspektivli ölkəsi olan Azərbaycan qlobal, regional və regiondan kənar qüvvələrin böyük diqqət mərkəzində saxladığı məkandır. Bu baxımdan, son illərdə ölkəmizin rolu əhəmiyyətli dərəcədə artmaqdadır. Bu gün qlobal və regional səviyyədə geosiyasi gücə çevrilməyə çalışan hər hansı bir dövlət regionun qabaqcıl ölkəsi olan Azərbaycanla mövcud olan münasibətlərini daha da gücləndirməyi prioritet məsələ hesab edir.

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Dövlət başçısı Azərbaycanı qüdrətli ölkəyə çevirmək məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də mühüm addımlar atır.
Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib. Tarix sübut edir ki, iqtisadi müstəqilliyini təmin edə bilməyən ölkələr tezliklə hansısa təşkilatlardan, dövlətlərdən aldıqları yardımlara görə forposta çevrilirlər. Bu da həmin ölkələrin tam müstəqil siyasət yürütmələrini konkret olaraq məhdudlaşdırır.
Lakin İlham Əliyevin yaratdığı iqtisadi müstəqillik Azərbaycanı etibarlı tərəfdaşa, böyük nüfuza malik olan bir ölkəyə çevirib. Azərbaycanın həm də bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətləri mövcuddur.

Müstəqil  Azərbaycan cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.
Əlbəttə ki, düzgün seçilən yol ölkəni daim inkişafa, tərəqqiyə aparır. İlham Əliyev isə bu yolu dəyərləndirərkən Azərbaycanın daim doğru yolda olduğunu qətiyyətlə vurğulayır: “Biz düzgün yoldayıq. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq”.
Söz yox ki, bunun əsas səbəbi güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Azərbaycanda bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyin tam şəkildə təmin olunması müstəqil Azərbaycanı beynəlxalq arenada öz sözünü deyən, milli maraqlarını qoruyan dövlətə çevirib.

 

Zülfəli Nəsirov

Saatlı rayon Məmmədabad kənd ibtidai məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki