Gürcüstanda parlament seçkilərinə 10 gün qaldı. Diqqətçəkicidir ki, 26 oktyabr seçkiləri yaxınlaşdıqca qərb qonşumuza ABŞ başda olmaqla, Qərbin təzyiqləri artır. Paralel surətdə iqtidara qarşı sanksiyalar çoxalmaqdadır. Avropa Parlamentinin ötən həftə qəbul etdiyi qətnamə bu qəbildəndir və yəqin ki, sonuncu olmayacaq.
Bəs bu təzyiqlər hakim “Gürcü arzusu” partiyasının xeyrinə, yoxsa ziyanına işləyir? Yəni əks-təsir məsələsi.
Seçkiyə (sükut gününə) 10 gün qalmış qüvvələr nisbəti, hakim qüvvənin qələbə şansı necədir? Arzuladığı nəticə olmazsa, ABŞ və Avropa İttifaqı birləşib bu ölkədə daha bir “məxməri inqilab” təşkil edə biləcəkmi? Bu xüsusda Azərbaycan əsas qonşu dövlət olaraq, hansı ssenariyə hazırlaşmalıdır?
Bəhruz Məhərrəmov
Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında Qərbin təcavüzkar maraqlarından söz açdı: “Dövlətlərin daxili işlərinə qarışılmasının yolverilməzliyinin beynəlxalq hüququn ümumtanınmış 10 prinsipindən biri olmasına baxmayaraq Qərb imperializmi Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca bu ölkənin daxili yurisdiksiyasında olan bir çox məsələlərə, o cümlədən vətəndaşların sərbəst iradə ifadəsini realizə edə biləcəyi situasiyaya açıq formada müdaxilə etməkdədir. Ümumiyyətlə, sirr deyil ki, işğal və təcavüzün yeni metod və forması kimi tətbiq olunan və “demokratiya” və “insan haqları” naminə pərdələnərək həyata keçirilən bu tip müdaxilələr Qərb imperializmi üçün xarakterik davranışdır və bir qayda olaraq ayrı-ayrı dövlətlərdə seçkilər, xüsusən parlament seçkilərində Qərb bu cəhdləri daha da intensivləşdirir. Görünən odur ki, 26 oktyabr seçkiləri yaxınlaşdıqca ABŞ başda olmaqla, bu ölkənin çətiri altında olan bir sıra digər beynəlxalq subyektlər siyasi və sosial cəhətdən cari həssas situasiyanı özlərinin təcavüzkar və imperialist maraqları naminə fürsətə çevirməyə çalışırlar. Aydındır ki, məxməri inqilabın ardınca Qərb, ələlxüsus ABŞ Gürcüstanda əsaslı formada möhkəmlənmiş, xüsusən vətəndaş cəmiyyəti institutları üzərində və həmin qeyri-hökumət təşkilatları vasitəsilə Gürcüstan cəmiyyətində, hətta dövlət idarəçiliyi üzərində çox ciddi təsir mexanizmi formalaşdıra bilib. Cari situasiya ABŞ-a Gürcüstanın suveren hüququ olan məsələlərdə bir sıra hallarda söz sahibi kimi çıxış etməyə, hətta Gürcüstan parlamentinin müstəqil şəkildə hansısa qanunu qəbul etməsi üzərində belə təsir və nəzarət mexanizmi formalaşadırmasına imkan yaradıb. Məsələn, qısa müddət öncə Gürcüstan parlamentində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin şəffaflaşdırılması sahəsində qanunvericiliyin müzakirəsi və qəbulu zamanı ABŞ və onun təsirində olan Qərb dairələri qeyd edilən rıçaqları işə salaraq Gürcüstan dövlətçiliyini çox çətin sınaq qarşısında qoymuşdu. Birbaşa Qərbdən maliyyələşən 25 mindən artıq vətəndaş cəmiyyəti institutu, ən azı elə təsisçilər və onların yaxınları qismində meydanlara on minlərlə insan çıxarmış və ölkənin milli təhlükəsizliyini təhdid edən kritik situasiya formalaşdırmışdır. Azərbaycanın Cənubi Qafqazda Qərb imperializminə qalib gələrək özünün ərazi bütövlüyünü və suveren haqlarını tam şəkildə bərqərar etməsi, separatizmə son qoyması fonunda yaranan yeni geosiyasi konfiqurasiyada bir sıra dövlətlər, o cümlədən də qonşu Gürcüstan da düşdüyü real durumu doğru təhlil edərək ABŞ-ın təzyiq mexanizmlərini minimuma endirmək istiqamətində müəyyən səylərə start vermiş və Gürcüstanın suverenliyinə xidmət edən bu təşəbbüslər Qərbin təcavüzkar niyyətlərinin qarşısının alınması istiqamətində təsiredici addımlar kimi çıxış etməkdədir. Yeni tendensiyada situasiya göstərməkdədir ki, Gürcüstan hakimiyyətinin bu gedişləri ölkədə Qərbin işğalçı iradəsinin qırılması ilə nəticələnməkdədir. Lakin Gürcüstan daxilində bu ölkənin hakimiyyətinə faktiki olaraq uduzmaqda olan Qərb təbii ki, təslim olmaq və vəziyyətlə barışmaq niyyətində deyil. Bu mənada, vətəndaş cəmiyyəti institutları ilə birgə Gürcüstan əleyhinə həyata keçirdiyi tədbirlərlə kifayətlənməyərək özünün nəzarətində olan ayrı-ayrı qlobal “insan haqları təsisatları”nı və hətta bəzi peyk dövlətlərini Gürcüstana qarşı qaldırmış və bu ölkəyə münasibətdə ciddi qarayaxma və hücum kampaniyasına start verilmişdir. Seçkilərə qısa müddət qalmış Avropa Parlamentinin ötən həftə Gürcüstan əleyhinə böhtan və digər qəbuledilməz ifadələrlə zəngin qətnaməsinin qəbulu da birmənalı şəkildə məhz bu qəbildəndir və proseslərin gedişatı da göstərir ki, Avroparlament Gürcüstan əleyhinə müxtəlif bəyanat və sənədlər qəbul etmiş sonuncu beynəlxalq subyekt olmayacaq. Bir qayda olaraq, “demokratiya”, “insan haqları”, “azad seçki” və “vətəndaşların seçkilərdə sərbəst iradə ifadəsi”ndən dəm vuran ABŞ Gürcüstanda özünə bağlı siyasi təsisatları və vətəndaş cəmiyyəti institutlarını açıq şəkildə maliyyə və siyasi dəstəklə təmin etməklə əslində seçkinin nəticələrinə qabaqcadan təsir etməyə cəhd göstərdiyini gizlətmir. Bu isə onu göstərir ki, Qərb üçün daha önəmli olan şey özünün pərdələndiyi “ümumbəşəri dəyərlər” yox, təcavüzkar maraqlarıdır”.
Deputat Qərbin Gürcüstanı daxildən qarışdırmaq şanslarının yüksək olmasından da söz açdı: “Gürcüstan hakimiyyətinin cari müqaviməti uğurlu davranış və suverenliyin daha möhkəm bərqərar olunması istiqamətində tarixi addımlar olsa da, təəssüf ki, Qərb dövlətlərinin bu ölkəni müharibəyə və xaosa sürükləmək istiqamətində kifayət qədər şansları var. Yəni Gürcüstanda illərlə möhkəmlənmiş Qərb bu ölkədə hətta qardaş qırğınına səbəb ola biləcək situasiyanı formalaşdırmaq imkanındadır. Lakin Gürcüstan hakimiyyəti qətiyyət nümayiş etdirərək Qərbin bu ölkədəki vətəndaş cəmiyyəti institutlarına, ayrı-ayrı dövlət orqanları və bütövlükdə cəmiyyətə təsir imkanlarının neytrallaşdırılması istiqamətində addımlarını qətiyyətlə davam edə bilərsə, bu seçkilər Gürcüstan dövlətçiliyi üçün tamamilə yeni dövrün başlanması kimi xarakterizə oluna bilər. İndiki məqamda Gürcüstan üçün arzu olunan situasiyanı reallaşdırmaq mürəkkəb görünsə də, Qərb imperializminin bütün təsir mexanizmlərini fiaskoya uğratmış, çoxsaylı “inqilab” cəhdlərini tam neytrallaşdırmış Azərbaycan nümunəsi göstərir ki, Cənubi Qafqazda situasiya nə qədər həssas olur-olsun, əslində qətiyyətli davranışlarla Qərbin müdaxilələrinə son qoymaq mümkündür”.
Sona Əliyeva
Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, budəfəki seçkilər Gürcüstan üçün yeni narahatlıqlar dalğasının əsasını qoyacaq: “Hazırda Qərb koalisiyası Ermənistandan sonra Gürcüstanda yeni inqilab etməyin yollarını axtarır. Artıq bu plan beş ilə yaxındır ki, masadadır. Amma Rusiya amili Qərbin planlarının önünə keçir. Səbəb sadədir, əgər Gürcüstanda narıncı inqilab reallaşsa, o zaman rəsmi Tiflis Abxaziya və Osetiyadan əlini birdəfəlik üzməlidir. Hələlik münaqişənin donmuş vəziyyətdə qalması Tiflisin də maraqlarına qismən uyğundur. Çox güman ki, seçkilərdə bu dəfə də Bdzina İvanişvilinin maliyyələşdirdiyi siyasi qrup qalib gələcək. İndiki mərhələdə Saakaşvili və yandaşlarının hakimiyyətə gəlmək üçün bütün yolları siyasi barrikadalarla əhatəlidir. Düşünürəm ki, budəfəki seçkilər Gürcüstan üçün yeni narahatlıqlar dalğasının əsasını qoyacaq. Çünki Qərb Gürcüstanı Rusiyaya elə-belə vermək istəmir. Gürcü xalqından fərqli olaraq indiki hakimiyyət ölkənin bütöv və sağlam gələcəyinin təminatı haqqında düşünür. Gürcüstandan fərqli olaraq Azərbaycan hər zaman balanslı siyasətinə sadiq qalacaq. Çox güman ki, rəsmi Bakı Avropanın buradakı dayaqlarına nəzarət mexanizmlərini bir qədər də gücləndirəcək və ölkəmizdə hər hansı xaosa, anarxiyaya imkan verməyəcək. Qərb Ermənistandan sonra Bakı və Tiflisi də öz caynağına keçirməyə çalışır. Amma son 30 ildə Azərbaycan Avropanın, ABŞ-ın qanlı caynağından ustalıqla xilas ola bilib”.