image-qanunla-reklam
image-d86bfe08-2dc3-3e53-b101-7ab9206305c9_850_1_1

İqtisadi müstəqillik və “Əsrin müqaviləsi”

image-lady-day-az

İqtisadi müstəqillik və “Əsrin müqaviləsi”

 1994 -cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir. Bu müqavilədə Böyük Britaniyanın “British Petroleum” (qoyulacaq investisiyanın 17,12 faizi) və “Ramco” (2,08 faizi), ABŞ-ın “Amoco” (17,01 faiz), “UNOCAL” (11,2 faiz), “Penzzoil” (9,81 faiz), “McDermott” (2,45 faiz), Rusiyanın “Lukoil” (10,0 faiz), Norveçin “Statoil” (8,56 faiz), Türkiyənin “Türk petrolları şirkəti”nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.

“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

Ümummilli Lider Heydər Əliyev neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir.

Hafizə Bədəlli – Zərdab rayonu Dəli Quşçu kənd tam orta məktəbinin müəllimi

 

 Azərbaycan xalqının sevgisini qazanmış Ulu Öndər.

 XX əsrin sonu Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşması mərhələsidir. Bu mərhələnin şəriksiz lideri unudulmaz şəxsiyyət Heydər Əliyevdir. Ümummilli lider şəxsiyyət kimi zamanın yaddaşında ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Dogrudan da,biz bu gün qürurla deyə bilərik ki,məhz Ali Baş Komandan İlham Əliyevin atdığı müdrik addımları sayəsində Ulu Öndərimizin görmək istədiyi bir Azərbaycan ölkəsi var. Ən böyük nailiyyət isə o oldu ki,biz müstəqilliyimizi müdafiə etdik,qoruduq,möhkəmləndirdik,inkişaf etdirdik və əbədi etdik. Onu da qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi keçirilməsi cox məqsədəuyğundur və inanırıq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə öz qiymətli töhfələrini verəcəkdir.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

15 iyun Milli Qurtuluş Günü

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı kuliminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü.

Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi.

1993-cü ilin 15 iyun tarixinin mahiyyətini hər bir gənc mükəmməl dərk edir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyində müstəsna əhəmiyyəti olan gündür, mahiyyəti 1991-ci ilin 18 oktyabrının mahiyyətini tamamlayan gündür. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Eşqin Məmmədov – Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi

 

 

Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan əsəri

Böyük şəxsiyyətlər yaşamasaydı, bəşəriyyətin tarixi təsəvvürə gəlməz dərəcədə kasıb və maraqsız olardı. Tarix özünün yaratdığı dahi insanların ideyalarının və əməllərinin üzərində qərar tutur. Xalqların və ölkələrin inkişafının əsasında şəxsiyyətlərin və ideyaların dayanması inancı ictimai düşüncəyə dərindən hakim kəsilmiş həqiqətlərdən sayılır. Azərbaycan xalqı özünü bütünlüklə xoşbəxt saya bilər ki, onun XX əsrin son 30 ilinə və XXI əsrin əvvəlinə təsadüf edən tarixi və taleyi Ümummilli lider Heydər Əliyev şəxsiyyəti və onun əzəmətli ideyaları üzərində qərar tutur.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının fəlsəfəsinə xas olan fərqləndirici cəhətlərdən birinin haqqında da fikir mübadiləsi aparılmasına ehtiyac duyulmaqdadır. Heydər Əliyev şəxsiyyətinin əzəməti və miqyası onun tarixi qayıdışının mənasını yalnız xilaskarlıq missiyası ilə məhdudlaşdırmağı qeyri-mümkün edir. Əslində, o, Azərbaycanın düçar olduğu vəziyyətdən xilasını geniş planda ölkədə nəinki yeni siyasi, həm də iqtisadi və mənəvi situasiyanın yaradılmasında görürdü. Başqa sözlə, Heydər Əliyev özünün xilaskarlıq missiyası dedikdə elə genişmiqyaslı, sistemli və ardıcıl həyata keçirilən islahatları başa düşürdü ki, bunları həyata keçirərək Azərbaycanın müstəqilliyinin əbədi, sarsılmaz və dönməz olduğunu, müstəqil Azərbaycan dövlətinin qurulduğunu bəyan etmək mümkün olsun. Buna görə müstəqil Azərbaycan dövləti quruculuğunun əsasını təşkil edən çoxsahəli və ardıcıl layihələrin təntənəsi həm də Heydər Əliyevin xilaskarlıq missiyasının gerçəkləşməsi kimi qavranılır. Beləliklə, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti indi güclü Azərbaycan dövləti kimi tanıtma nişanına sahib ola bilmişdir. Vaxtilə hər birimizin qürur mənbəyi olan müstəqil Azərbaycan indi bütün azərbaycanlıların iftixarına çevrilmiş güclü Azərbaycandır.

Dayangül Vəliyeva – Zərdab rayonu İsaqbağı kənd tam orta məktəbinin direktoru

 

 

Ulu Öndərin milli həmrəyliyin təmin olunmasının istiqamətində tarixi təşəbbüsü.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir.

Bu gün müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Yəni Heydər Əliyev siyasəti bu gün də Azərbaycanın hərtərəfli inkişafına xidmət etməkdədir. Dövlətimizin hazırkı parlaq və möhtəşəm nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir qlobal çağırışlara uyğun həyata keçirilən uğurlu siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, sabitlik adası və dinamik inkişafa malik olan ölkə kimi tanınır, qazanılan möhtəşəm nailiyyətlər ölkəmiz qarşısında yeni perspektivlər açır. Yüksək beynəlxalq nüfuza, müsbət reputasiyaya malik olan Azərbaycan təkcə iqtisadi inkişaf modeli ilə deyil, həm də özündə milli və ümumbəşəri dəyərləri ehtiva edən zəngin mədəniyyəti ilə diqqəti cəlb edir, dünyada multikulturalizmin ünvanlarından biri, tolerantlıq örnəyi kimi tanınır.

Rəşad İsmayılov – Zərdab rayonu Salahlı kənd ümumi orta məktəbinin direktoru

 

 

Ulu Öndərin dərin məntiqli nitqi və natiqlik məharəti onu dinləyənləri məftun edirdi.

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə indi də xidmət edir.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı. Ulu Öndərin dərin məntiqli nitqi və natiqlik məharəti onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndərin nitq və çıxışlarında artıq söz və ifadə, qeyri-dəqiq fakt və rəqəm olmur, fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi.

Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən biri hesab olunur. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. 2001-ci ilin 18 iyununda Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzaladı. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçdi. 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında Ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.

Əsmər Məhəmmədli – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 

 

Böyük xalqın qüdrətli Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyev

Ümummilli lider Heydər Əliyevin dövlət, cəmiyyət, eləcə də dövlət idarəçiliyi sahəsində böyük təcrübəsi, digər tərəfdən bu böyük şəxsiyyətin dahi praktik və güclü nəzəriyyəçi olması ordu quruculuğu məsələsində də müsbət nəticələr ortaya qoydu. Tarixi varislik ənənəsinə uyğun olaraq Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.  Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.

Bəli ulu öndərimizin müdrik siyasəti, Heydər Əliyev məktəbinin layiqli yetirməsi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün imkanları-siyasi və hərbi qüdrətini dünya ölkələrinə 44 günlük Vətən müharibəsində əyani sübut etdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlub edilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

İllər bir-birini əvəzlədikcə Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür. Əgər 1993-cü ildə Azərbaycan Ordusunun ilkin formalaşmasından söhbət gedirdisə, artıq bu gün regionun ən güclü silahlı qüvvəsi məhz Azərbaycan Ordusudur ki, Dünyanın ən güclü orduları sırasında olması ilə Ali Baş Komandanın döyüş əmrini yerinə yetirib alnımızdakı qara ləkəni sildi. Bu, Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı dahiyanə, düşünülmüş siyasi xəttinin və bu siyasətin hazırda Cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşdə nitqində səsləndirmişdir ki, “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli odumuzun yaradılması olmuşdur.” Bəli şübhəsiz ki, Azərbaycan xalqı bundan sonra da daim öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirməli, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirməli, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməli, dövlətimizin, cəmiyyətimizin daha da inkişafı üçün hər bir vətəndaş öz töhfəsini verməlidir.

Nərgiz Güliyeva – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi.

 

 

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır.

 90-ci illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr, yenicə müstəqilliyinə qovuşmuş ölkənin gələcəyi üçün təhlükə törədirdi. Belə bir vaxtda ölkəni bu bəladan xilas edərək, gələcək inkişafa doğru inamla apara biləcək bir liderə ehtiyac duyulurdu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Qısa bir müddət ərzində həyata keçirilmiş islahatlar, dövlət müstəqilliyinin qorunub saxlanılması üçün atılmış addımlar, Dünyanın və Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əlaqələrin qurulması və əməkdaşlığın uğurla davam etdirilməsi ölkəmizin inkişafı istiqamətində mühüm rol oynamışdır.

Bu gün ölkəmiz Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Cənab Prezident tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü  daxili və xarici siyasət, ordu quruculuğu sahəsində görülmüş işlər, vətənpərvər gənc nəslin yetişməsi yönündə həyata keçirilmiş tədbirlər Vətən müharibəsində ölkəmizin qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin, cənab Prezident tərəfindən  davamlı şəkildə inkişaf etdirilməsi, gənclərin daim diqqət mərkəzində saxlanılması haqq savaşımızda xüsusi şücaət göstərən gənclərə aşılanmış hərbi vətənpərvərlik sevgi­sinin təsdiqidir.  Gənclər əsl vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək canlarından keçdilər, şəhid oldular, sağlamlıqlarını itirdilər, lakin qarşıya qoyulan məqsədə nail oldular – Azərbaycan tarixinə şanlı, unudulmaz Zəfər səhifəsini yazdılar. Bu gün gənclərimiz fəxrlə, qürurla deyirlər ki, onlar qalib Azərbaycanın gəncləridir.

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.

Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməmişdir. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu Öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi.

Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Liderin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Bütün dünya ölkələri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır. Bu yöndə qəbul olunmuş sənədlər 2020-ci ildə 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad edilməsində hüquqi baza rolunu oynamışdır. Bütövlükdə, bu gün Azərbaycan Heydər Əliyev siyasi kursu əsasında yaşayır və irəliləyir. Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxmışdır.

Nailə Həsənova  – Zərdab rayonu Aşağı Seyidlər kənd ümumi orta məktəbinin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki