image-qanunla-reklam
image-1658230353_1658169888_ursula-von-der-leyen-ilham-aliyev-180722-03

İMZALANMIŞ MEMORANDUM GƏLƏCƏK ƏMƏKDAŞLIĞIMIZIN YOL XƏRİTƏSİDİR

image-lady-day-az

İMZALANMIŞ MEMORANDUM GƏLƏCƏK ƏMƏKDAŞLIĞIMIZIN YOL XƏRİTƏSİDİR

Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb kimi qarşıya qoyur. Qurumun tarixi Zəfərimizdən sonra bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin üç dəfə keçirilən görüşündən, bir sözlə, hazırda qurumun vasitəçiliyini neytrallığı qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə enerji sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır. Avropa İttifaqı hər zaman Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayır. Bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezidentimiz cənab  İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki, Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur. Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.

Bu  gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına işıq salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.

Bu gün qürur hissi ilə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərindən bəhs edirik. Həmçinin tarixi Zəfərimizin reallıqlarının qəbulu fonunda dövlətimizin başçısı İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün aparılmasını, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasını da qeyd etməliyik. Hər bir rayon özünəməxsus iqtisadi imkanlara malikdir. Onların potensialından səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı əsasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur ki, bunlardan biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Dövlətimizin başçısı bildirir ki, bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik”.

Dövlətimizin  başçısı cənab İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin təhlili fonunda bu əminliyi də ifadə edib ki, imzalanan Memorandum gələcək üçün yol xəritəsidir. Planlaşdırılan bütün məsələlər icra olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyanatında bildirmişdir ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji tərəfdaşıdır. İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur.

Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki