image-qanunla-reklam
image-1ti18h8d71_18

İcra başçıları daim insanlarla təmasda olmalıdır

image-lady-day-az

İcra başçıları daim insanlarla təmasda olmalıdır.

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmişdir. Yeni təyin olunan icra başçılarına bir çox tövsiyə və tapşırıqlar verən cənab Prezidentimizin toxunduğu məsələlərdən biri də icra başçılarının daim insanların yanında olması, onların qayğı və problemləri ilə maraqlanması məsələsi olmuşdur. O qeyd etmişdir ki, “siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.

Ölkə başçımız bir daha “məmur xalqın, vətəndaşın yanında olmalıdır” deyə mesaj verdi, xəbərdarlıq etdi. Cənab Prezidentin bir sıra məqamları açıq səsləndirməsi yeni kadrlar üçün çox ciddi bir siqnal olmalıdır. Yerlərdə məmurlar, rəhbər şəxslər vətəndaşlarla işləmək istəyində olmalıdırlar. Prezidentimizin yeni təyin etdiyi kadrların qarşısında qoyduğu əsas vəzifə də məhz bunlardan ibarət oldu. Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, o cümlədən son dövrlər korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar ictimaiyyət tərəfindən çox müsbət qarşılanır. Təbii ki, aparılan islahatlar, atılan addımlar ölkənin gələcək dayanıqlı inkişafının təmin edilməsinə yönəlib.

Qanunsuzluq edən məmurlar üçün vətəndaşlıq mövqeyi, dövlətçiliyə sədaqət yox, şəxsi mənafe birinci yerdə gəlir. Əgər dövlətin başçısı “məni Azərbaycan Prezidenti kimi xalq seçib və bu xalqın qarşısında məsuliyyət daşıyıram” deyirsə, o zaman digər vəzifə sahibləri də bundan nümunə götürməlidirlər. Şəhərlərdən tutmuş ucqar kəndlərə kimi hər bir ölkə vətəndaşı dövlətin qayğısı ilə əhatə olunub. İcra strukturlarının nümayəndələri də dövlətin həyata keçirdiyi islahatlardan hər bir vətəndaşın bəhrələnməsinə imkan verməlidir.

Hər bir icra başçısı Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin olunarkən onlara verilən əsas tapşırıq vətəndaşlara xidmət, onlarla bir yerdə olmaq, şəffaf işləmək, əhalini incitməmək, onlara kömək göstərmək, eyni zamanda, sahibkarlara dəstək verməkdir. Vəzifələrdən sui-istifadə etmək isə hər zaman insanlar arasında narazılıq, sosial gərginliyə gətirib çıxaracaq ki, bu da birbaşa dövlətin imicinə xələl gətirməkdir. Azərbaycan dövləti hər bir vətəndaşına arxa durur. İnanırıq ki, yeni təyin olunan başçılar Prezidentin etimadını doğruldacaq, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbin direktoru-Sabir Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki