image-qanunla-reklam
image-yumruq1

Hamilə arvadını boru ilə döyərək öldürən şəxs: “Qızımın marketdən oğurluq etməsindən anası xəbərdar idi”

image-lady-day-az

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun ibtidai istintaq zamanı verdiyi ifadəsi məlum olub.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilib.

O deyib ki, 2012-ci ildə arvadı, zərərçəkmiş  Səidə Nəmətova ilə ailə həyatı qurub, aralarında rəsmi nikah 19 fevral 2015-ci il tarixdə bağlanıb. Bu nikahdan iki övladları dünyaya gəlib.

Hadisə zamanı mərhum arvadı Səidə 6 aylıq hamilə olub. Hətta Səidə Abşeron Rayon Mərkəzi Xəstəxanasında ginekoloqun müayinəsində olub və onlar oğullarının olacağını biliblər. Vüqar şirkətlərin birində fəhlə kimi işləyərək pul qazanırmış. Ailədaxili münasibətləri normal olub.

Hadisə günü işdən evə gələn zaman oğlunun olacağı xəbəri münasibəti ilə evin yaxınlığında yerləşən “Hüseyn” marketə gedib, oradan nisyə tort, 3 ədəd şam və 5 ədəd dəmir bankada olan spirt tərkibli “Go” adlı enerji içkisini alaraq evə yollanıb. Evə gedən zaman yolda iki banka həmin içkidən qəbul edib. Evə gəldikdən sonra tortun bir hissəsini ailə üzvləri ilə yeyib, qalan 3 banka həmin spirtli içkini içib. Həmin gün saat 18 radələrində evlərinin yaxınlığında yerləşən “Al Market”də kassir işləyən bir qadın əməkdaş gələrək ona 7 yaşlı qızı Nigarın (şərti) hadisədən iki gün əvvəl mağazadan çörək alan zaman 37 manat miqdarında oğurluq etdiyini bildirib. Həmçinin həmin qadın onu mağazaya apararaq kamera görüntülərini göstərib. Bundan sonra qızının mağazadan oğruluq etməyinə əmin olub. Çünki videogörüntüdən qızını tanıyıb. Evə qayıdıb və qızından olanları soruşduqda Nigar olanları etiraf edib, lakin hərəkətinin səbəbləri barədə bir söz deməyib. Həmin vaxt Nigar qorxub və “ata, mən eləmişəm, ata qələt elədim, bir də etməyəcəm” deyib.

Bundan sonra pulu olmadığından yaxınlıqda yaşayan xalası oğlundan borc istəmək üçün onun yaşadığı evə gedib. Lakin xalası oğlu pulunun olmadığını bildirib. Bundan sonra “Al Market”ə gedib və orda noyabrın 18-i maaş alacağını və qızının borcunu artıqlaması ilə qaytaracağını söyləyib. Lakin onlar onun təklifini qəbul etməyiblər. Daha sonra yenidən evə qayıdıb. Həmin vaxt saat 22 radələrində Nigardan 37 manatlıq nə götürdüyünü soruşduqda qızı “ata, mən “Ozmo” şokoladı, qələm, dəftər, karandaş” götürmüşəm deyib. Nigardan anasının xəbəri olub-olmadığını soruşduqda qızı anasının xəbəri olduğunu bildirib. Anasının da bundan xəbəri olduğu üçün əsəbiləşib və yaşadığı evin giriş otağında televizor olan otaqda şillə ilə qızı vurub. Həmin vaxt oğlu da bunların şahidi olub, qorxub və qırağa çəkilib. Bundan sonra Nigar qorxub yataq otağına qaçıb. Həmin vaxt Nigarı daha da sərt cəzalandırmaq üçün evin koridoruna çıxıb və oradan dəmir materialdan olan təxmini 80 sm uzunluğunla düz formada qaz borusunu götürüb. Sonra da Nigarın olduğu yataq otağına qaçıb və orada götürdüyü dəmir boru ilə qızının ayaqlarına, qollarına 3 dəfə güclü zərbə vuraraq xəsarət yetirib. Nigar bu xəsarətlərdən yerə yıxılıb, sonra ayağa qalxıb. Sol əli ilə qızının sifətinə bir daha şillə vurub. Həmin vaxt Nigarın başı zərbənin təsirindən otaqda olan soyuducunun dəmir hissəsinə dəyib və onun başından qan açılıb. Bunu görən həmin otaqda olan arvadı Səidə onun qızın döyməyinin qarşısını almaq üçün aralarına girib. Vüqarı Nigardan uzaqlaşdırmaq məqsədi ilə itələyib. Vüqar arxası üstə yerə yıxılıb və Səidə əlindəki qeyd etdiyi borunu alıb kənara atıb. Sonra arvadı evdən həyətə çıxıb və su götürüb Nigarın yanına qayıdıb, qızının üzünə su vurub. Həmin vaxt anası və oğlu da evdə olublar. Anası ona “eləmə, eləmə” deyərək qışqırıb və sonra da heç bir söz demədən evdən çıxıb gedib.

Vüqar əsəbiləşib evin koridoruna gedib və oradan uzunluğu təxminən 2,5 metr olan baş hissəsində əyilmiş dəmir materialdan olan digər qaz borusunu götürüb. Arvadı Səidəni onu itələdiyinə görə ikinci uzun dəmir boru ilə Nigarın gözü qarşısında döyməyə başlayıb. Əlində olan qaz borusu ilə 6 aylıq hamilə vəziyyətdə olan Səidənin əvvəlcə ayaqlarına, sonra isə boyun nahiyəsinə xəsarətlər yetirb. Həmin vaxt xatırladığı qədər Səidəyə ümumilikdə altı zərbə vurub. Oğlu onun həm Nigara, həm də Səidəyə xəsarət yetirdiyinin şahidi olub. Özünə gəldikdə Nigar və Səidə hərəkət ediblər. Nigarın üz başını yuyub və uşaqlarla birlikdə televizora baxıblar. Səidə də digər otaqda oturub. Birdən-birə Səidə ondan su istəyib. Arvadına su verib, yenidən uşaqların yanına gedib. Birdən Səidənin xırıltısını eşidib. Həmin vaxt Səidə yerə yıxılmış vəziyyətdə ağzı üstə olub. Bundan sonra Vüqar arvadına ilkin tibbi yardım göstərməyə çalışıb, ona süni nəfəs verməyə başlayıb və üzünə su vurub. Səidəyə süni nəfəs verməyinə baxmayaraq, qadının heç bir reaksiya vermədiyini gördükdə öldüyünü başa düşüb. Anasını çağırsa da, onun evdə olmadığını görüb. Anası evdən çıxmış və qapını çöldən bağlamışdır.

Bir müddətdən sonra anası polis əməkdaşları ilə birlikdə evə gəlib. Vüqar isə polis əməkdaşları ilə birlikdə şöbəyə gedib. Bölməyə gedən zaman qızı, oğlu və arvadı Səidənin meyiti evdə olub. Yəni ki, Səidəyə kömək etmək üçün təcili tibbi yardım xidmətini çağırmayıblar.

Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi spirtli içkiləri içsə də, ona az təsir etdiyini və həm Nigarı, həm də Səidəni dəmir boru ilə döyən zaman hər şeyi aydın dərk etdiyini, törətdiyi əməli idarə edə bildiyini, onları bilərəkdən döydüyünü və etdiyi əməldən peşman olduğunu söyləyib.

O qeyd edib ki, əvvəllər də belə hallar olub, arvadı və qızına dəfələrlə əl qaldırıb.

Qeyd: 2022-ci il ktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki