image-qanunla-reklam
image-media-02-wkpbviauznf8q4h5g19e-300x225

Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığının göstəricisidir

image-lady-day-az

Dövlət başçısı İlham Əliyevin son xarici səfərlərinə, qatıldığı beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirməklə tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycanın  artan rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etmək mümkündür. Prezident İlham Əliyevin ötən  ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  6-cı Zirvə Toplantısında, noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı da deyilənlərin təsdiqidir. Hər bir tədbir mahiyyəti, mövzusu ilə yanaşı, həm də  keçirildiyi məkan,   hədəflərə nail olmaq üçün birgə səylərin göstərilməsi üçün iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatı baxımından  əhəmiyyət kəsb edir. Bu tədbirlər, eyni zamanda, tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbulunda öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev çıxışlarında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək BMT qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin olmamasının yaratdığı problemlərdən bəhs edir. Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfəri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. 1945-ci ildə Qahirədə təsis edilən, 22 dövlətin birləşdiyi Ərəb Dövlətləri Liqası  siyasi məsələlərə xüsusi diqqətlə yanaşan, Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən nüfuzlu təşkilatdır. Dövlət başçısı İlham Əliyevin təşkilatın tribunasından həm işğal, həm 44 günlük İkinci Qarabağ müharibəsi, həm də postmünaqişə dövrünün reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırması bir daha dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışı oldu.  Tədbirdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini önə çəkən Prezident İlham Əliyev bu dəvəti, eyni zamanda, dostluq və qardaşlığın təzahürü kimi dəyərləndirdi. Vurğuladı ki,  bu mötəbər Sammitdə iştirak və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir.

Ölkəmizin ərəb dövlətləri ilə əməkdaşlığının əsrlərə söykənən zəngin tarixi kökləri var. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələri inkişaf edən Liqa ölkələri ilə Azərbaycanın münasibətləri həm ikitərəfli, həm də beynəlxalq səviyyədə də qarşılıqlı hörmət əsasında davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi bunun bariz nümunəsidir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki