image-qanunla-reklam
image-299609833_583340663409393_9006511561550001286_n

“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu günbəgün artmaqdadır”

image-lady-day-az
“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu günbəgün artmaqdadır”
Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
Cənab Prezident çıxışında ölkələrimiz arasında fəal siyasi dialoqdan, ikitərəfli gündəliyimizə yeni, vacib mövzuların daxil olunmasından danışdı, ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüsləri diqqətə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmış, ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı davamlı şəkildə geniş müzakirələr aparılır.
Ölkəmizin İtaliya ilə önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır.
Bundan başqa, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.
İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Bunlardan biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.
Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Ölkəmiz böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Bunlar Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərləridir ki, o da İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.
Bu gün Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artmaqdadır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız isə 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var.
Bundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır və bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir. Artıq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri – xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.
Ölkəmizdə bərpaolunan enerji sahələrinin potensialı da yüksəkdir. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur və bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.
Qeyd etmək lazımdır ki, keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd edən Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub və bu siyasət beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində qurulub. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Bu gün müstəqil bir ölkə kimi xarici amillərdən müdafiə olunmaq əsas məsələlərdəndir.
image-302061343_593900895686703_7248106994911530367_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki