image-qanunla-reklam
image-bayden-putin-yeni

Dünya gücləri Bakıda toplanır: Qarabağ bitir…

image-lady-day-az

Laçın-Xankəndi yolunda olduqca ciddi proseslər gedir. Məsələyə sıradan sərhəd-keçid kontekstindən baxmayaq. Azərbaycanın bütövləşməsi istiqamətindəki proses növbəti mərhələyə keçid alıb. Sərhədçilər Laçın yolundakı sərhəd-keçid məntəqəsində Azərbaycan bayrağının ucaldılması ilə bağlı Prezident İlham Əliyevə məruzə edərkən “bununla da Vətən sərhədlərinin bütövlüyü təmin olunmuşdur” dedilər. Bu, özündə çox şeyi əks etdirir.

Hələ görüləsi çox iş var. Əsas odur ki, proses tormozlanmayıb. Hədəfə doğru gedirik. Hədəf isə bəllidir – Zəngəzur. Bununla da Azərbaycanın quzey hissəsi ilə bağlı problem həll edilir. Ona görə bu yol “Zəngəzur koridoru” adlandırılır. Bu, bir milli hədəfdir.

İranın isterik reaksiyasının səbəbini burda axtaraq. Tehran Zəngəzur dəhlizini niyə özünün qırmızı xətti elan edib? Bilir ki, Zəngəzur məsələsi ilə işğala son verilir, 200 illik savaş yekunlaşır, ermənilər şərtlərimiz qəbul edirlər. Quzey Azərbaycanın bütövləşməsi, böyüməsi yekunlaşır. Növbəti, daha ciddi bir hədəfə – Bütöv Azərbaycana doğru yol alırıq. Bölünmüş vətənin birləşdirilməsi üçün çalışırıq. SSRİ dağılan ərəfədə etnik münaqişə ilə başımızı qatmasa idilər, biz indi bu məsələdə xeyli yol qət etmişdik. İran bu perspektivi yaxşı bildiyi üçün əl atmadığı təxribat qalmadı. Fəqət elə proses start götürüb ki, İran qarşısında acizdir. İstəsə də (necə ki istəyir), prosesə mane ola bilməz. Ləngidər, amma tam mənası ilə bunu dayandırması mümkünsüzdür.

Azərbaycan dünya üçün olduqca ciddi önəmə malikdir. 2020-ci ilin 27 sentyabrından sonrakı proseslər ölkəmizin dünya üçün əhəmiyyətini artırıb. Artıq Azərbaycan amili dünya siyasətinin mərkəzində dayanıb. Rusiya da, Qərb də, Türkiyə də, İsrail də bu regionda tamam başqa maraqların izindədirlər. Azərbaycan müharibəni uddu, düşmən üzərində qələbə qazandı. Sonra da bu qələbəni beynəlxalq miqyasda legitimləşdirdi.

Prezident İlham Əliyevin ən böyük uğurlarından biri də bir-biriləri ilə ziddiyyətdə olan dövlətlərin maraqlarını Azərbaycanda uğurla birləşdirə bilməsidir. Artıq burda qarşıdurma, müharibə dünyanın marağında deyil. 30 illik siyasətdən imtina edilir. Yeni reallıqlar və maraqlar üzərindən siyasət qurulur, anlaşma əldə edilir. Dünya gücləri Qarabağ münaqişəsinin bir an öncə həllini tapmasını istəyir. Ona görə də Rusiya, Avropa, ABŞ bizə dəstək verməkdə maraqlıdırlar. Ara-sıra səsləndirilən bəyanatlara çox da əhəmiyyət vermək lazım deyil. Prosesə bütöv yanaşdıqda fərqli mənzərə görünür.

Gündəmdə başqa məsələlər var.

Beynəlxalq birlik üçün hədəflər, maraqlar dəyişib. Azərbaycanın işğaldakı torpaqları tam özünün nəzarətinə keçir, suveren haqlarımız bərpa edilir, ərazi bütövlüyümüz həllini tapır. Ermənistan rəsmi Bakının şərtlərinə boyun əyir, işğal siyasətindən, torpaq iddiasından əl götürür, sülh müqaviləsi imzalayır. Yekun olaraq da Zəngəzur dəhlizi açılır. Paşinyanın son bəyanatlarının arxasında ciddi, real iş var… Buna ötən məqalələrdə toxunmuşuq.

“Dünyanın bu bölgədə maraqları başqadır” yazdıq. Bəli, elədir. Ona görə də erməni separatizminə, “artsax” “ideologiyasına” son qoyulur. Azərbaycana öz ərazi bütövlüyü bərpa etməyə qlobal miqyasda əngəl yaradılmır.

Sual oluna bilər, Minsk Qrupu formatında birləşən və 1992-ci ildən bəri münaqişənin dondurulmasına, ya da Azərbaycanın Qarabağı ermənilərə güzəştə getməsinə çalışan bu üçlük niyə mövqeyini dəyişdi? Dünyada balans dəyişib, ona görə. Azərbaycandan işləri keçir. Rusiya Qərblə Ukraynada vuruşur, Azərbaycanda anlaşır. İlham Əliyev elə bir müstəvi və maraqlar toplusu yaratdı ki, Şərqi Avropada vuruşan iki nəhəng gücü Cənubi Qafqazda maraq şərikinə çevirdi. Rusiya ilə Qərbin yeganə anlaşa bilmədiyi məsələ İranın aqibəti ilə bağlı ola bilər. Rusiya fərqli düşünür və hərəkət edir. Onun maraqları İran ətrafında status-kvonun saxlanmasıdır. Rusiyanın hədəfi Azərbaycan üzərindən Cənub-Şərqi Asiyaya çıxış əldə etməkdir.

Qərb isə İranla bağlı fərqli mövqedədir. ABŞ-İsrail tandeminin əsas hədəfi İranın nüvə dövləti olmasının qarşısını almaqdır. Orda rejim dəyişməyincə, normal sistem bərqərar olmayınca İran dövlətini bu hədəfdən yayındırmaq mümkün görünmür. İran mütləq hegemon güclərin nəzarəti altına alınmalıdır – gedişat bunu söyləyir. İranla bağlı plan beynəlxalq birliyin masasındadır. Bu prosesdə Azərbaycanın zərər görməməsi üçün İlham Əliyev indidən tədbirlər görür. İran daxilində proseslər özünün pik həddinə çatarsa, Güney Azərbaycan ərazisi və əhalisi ilə birlikdə sahibsiz qalmamalıdır.

İlham Əliyev ən ali kürsülərdən Güney azərbaycanlılara dəfələrlə özünün və dövlətinin mesajını verib. Prezident deyib ki, İranda yaşayan 40 milyon azərbaycanlının hüququnu sona kimi qoruyacaq. Bu, yaxın illərdə başlayacaq prosesin ən üst səviyyədə anonsu hesab edilə bilər. Yəni İran hər hansı səbəbdən parçalansa, orda yaşayan azərbaycanlılar sahibsiz, köməksiz qalmayacaqlar. Müstəqil Azərbaycan dövləti öz soydaşlarına sahib çıxacaq. Bu da Azərbaycanın tarixi hədəfinin gerçəkləşməsi deməkdir.

Əsas odur İran və Azərbaycan xalqları bu prosesdən zərər görməsin. Ağrısız, qansız başa çatsın. Təəssüf ki, bu cür radikal dəyişikliklərin də öz gerçəklikləri olur.

Azərbaycan son aylar bunu da təcrübədən keçirib. Səssiz müharibə yolu ilə qələbə! Əslində bu təcrübə elə 2020-ci ilin sonlarında uğurla sınaqdan keçib. Ağdamın, Laçının, Kəlbəcərin müharibəsiz işğaldan azad edilməsini nəzərdə tuturuq. Bu təcrübə daha qlobal müstəvidə də reallaşa bilər…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki