image-qanunla-reklam
image-1777537823_64-13

Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir

image-lady-day-az

Bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir.

Azərbaycan idmanı tarix boyu xalqımızın milli qürur mənbələrindən biri olmuşdur. Bu gün də beynəlxalq arenalarda dalğalanan üçrəngli bayrağımız, səslənən dövlət himnimiz hər bir azərbaycanlının qəlbində böyük fəxarət hissi yaradır. İdmançılarımızın qazandığı uğurlar yalnız fərdi nailiyyət deyil, bütövlükdə xalqımızın gücünün, əzminin və birliyinin göstəricisidir. Hər dəfə bayrağımız yüksəklərə qalxanda, bu an təkcə idman meydanında deyil, ölkəmizin hər bir guşəsində yaşayan insanlar tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır.Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Çünki gənclər üçün real nümunələr hər zaman daha təsirli olur. Beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edən, qələbə qazanan idmançılarımız gənclər üçün örnək şəxsiyyətlərə çevrilirlər. Onların əzmkarlığı, zəhməti və qələbə əzmi gənclərə göstərir ki, uğur qazanmaq üçün ilk növbədə çalışmaq, iradəli olmaq və Vətənə bağlılıq hissini qorumaq lazımdır.İdman ümumilikdə cəmiyyətimizin ayrılmaz hissəsidir. Bu sahə yalnız fiziki inkişaf vasitəsi deyil, həm də mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Son illər ərzində Azərbaycanda idmana göstərilən diqqət və qayğı nəticəsində bu sahədə ciddi nailiyyətlər əldə olunmuşdur. Yeni idman komplekslərinin tikilməsi, mövcud infrastrukturların yenilənməsi, idmançıların beynəlxalq yarışlara hazırlanması üçün yaradılan şərait bu inkişafın əsas göstəricilərindəndir. Bu müsbət proseslər, əlbəttə ki, cəmiyyətin bütün təbəqələri tərəfindən böyük məmnunluqla qarşılanır.Federasiyaların fəaliyyəti də idmanın inkişafında xüsusi əhəmiyyət daşıyır. Xüsusilə qeyd olunmalıdır ki, bir çox federasiyaların rəhbərliyində tanınmış idmançılar, Olimpiya çempionları təmsil olunurlar. Bu isə idarəetmədə peşəkarlığın artmasına, təcrübənin düzgün tətbiq olunmasına şərait yaradır. Vaxtilə ölkəmizə böyük qələbələr qazandırmış idmançıların bu gün rəhbər və məşqçi kimi fəaliyyət göstərməsi idman sistemində sağlam varisliyin formalaşdığını göstərir.Məşqçilər arasında da tanınmış idmançıların olması xüsusi qeyd edilməlidir. Bu gün məşqçi kimi fəaliyyət göstərən bir çox idmançıların çıxışlarını vaxtilə həm ölkə daxilində, həm də beynəlxalq arenalarda izləmişik. Onlara azarkeşlik etmişik, uğurlarına sevinmişik. İndi isə həmin idmançılar öz təcrübələrini gənc nəslə ötürür, yeni çempionların yetişməsində mühüm rol oynayırlar. Bu, idmanda nəsillərarası əlaqənin davamlılığını təmin edən əsas amillərdən biridir.Bu gün onların yetirmələri beynəlxalq arenalarda uğur qazanaraq bizi sevindirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda idman ənənələri qorunur və inkişaf etdirilir. Nəsillər dəyişdikcə idman sahəsində yeni adlar meydana çıxır, lakin əldə olunan uğurların davamlılığı təmin olunur. Xüsusilə güləş kimi milli idman növlərimizdə bu inkişaf daha aydın şəkildə müşahidə olunur. Azərbaycan güləş məktəbi dünya miqyasında öz sözünü demiş və bu gün də deməkdə davam edir.Nəsillər dəyişir, amma bir şey dəyişmir – Azərbaycan idmanının uğurları. Bu uğurların arxasında isə dövlət qayğısı, düzgün təşkil olunmuş idman siyasəti və idmançıların zəhməti dayanır. İdman sahəsində əldə olunan nailiyyətlər ölkəmizin beynəlxalq nüfuzunun artmasına da öz töhfəsini verir. Bu baxımdan idman təkcə yarış meydanı ilə məhdudlaşmır, eyni zamanda ölkənin tanıdılması və təbliği üçün mühüm vasitəyə çevrilir. Əlbəttə, gələcək uğurların təmin olunması üçün görüləcək işlər də az deyil. Federasiyalar, xüsusilə bölgələrdə yaşayan gənc idmançıların aşkar olunması və onların inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Bu gün ölkəmizin hər bir bölgəsində müasir Olimpiya İdman komplekslərinin fəaliyyət göstərməsi gənclərin idmana cəlb olunması üçün geniş imkanlar yaradır. Eyni zamanda, müxtəlif idman növləri üzrə ixtisaslaşmış zalların mövcudluğu da bu prosesi daha da sürətləndirir. Seleksiya işinin düzgün qurulması gələcək uğurların əsasını təşkil edir. İstedadlı gənclərin vaxtında aşkar olunması, onların peşəkar məşqçilərin rəhbərliyi altında yetişdirilməsi, beynəlxalq təcrübə qazanmaları üçün şərait yaradılması bu sahədə prioritet məsələlərdəndir. Bu istiqamətdə görülən işlər nəticəsində yaxın gələcəkdə daha çox azərbaycanlı idmançının beynəlxalq yarışlarda uğur qazanacağına əminlik böyükdür. Bundan əlavə, idmanın kütləviliyinin artırılması da mühüm əhəmiyyət kəsb edir. Çünki geniş kütlələrin idmana cəlb olunması sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, fiziki və mənəvi inkişaflarının təmin olunması baxımından idman əvəzsiz vasitədir. Azərbaycan idmanı bu gün öz inkişaf mərhələsinin ən yüksək dövrlərindən birini yaşayır. Qazanılan uğurlar gələcəyə böyük ümidlər yaradır. Hər bir qələbə, hər bir qaldırılan bayraq xalqımızın birliyini, gücünü və əzmini nümayiş etdirir. Bu uğurların davamlı olması üçün isə hər birimiz öz sahəmizdə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

 

 

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki