image-qanunla-reklam
image-_1582272117

Azərbaycan xalqının qurtuluşu

image-lady-day-az

Azərbaycan xalqının qurtuluşu

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini elan etdi. Əsrin əvvəlindən fərqli olaraq, bu dəfə müstəqilliyin ömrü əbədi olmalı idi…
Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi.

Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Sonralar ümummilli lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Ümummilli lider Heydər Əliyev ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə başladı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

15 iyun müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.15 iyun günü təntənə ilə qeyd edilir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirilir. Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.

Tarixi günlər haqqında bilgilərimiz də bizim vətəndaş kimi formalaşmağımızda müstəsna rol oynayır. 15 iyun belə tarixi günlərdəndir. 1993-cü ilin 15 iyunun mahiyyətini hər bir gənc mükəmməl dərk edir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyində müstəsna əhəmiyyəti olan gündür, mahiyyəti 1991-ci ilin 18 oktyabrının mahiyyətini tamamlayan gündür.

1920-ci ilin 28 aprelində rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq etdi. Azərbaycan dövlət müstəqilliyini itirdi. Ancaq imperiya xalqın mübarizə əzmini ilhaq edə bilmədi, buna gücü çatmazdı. Heç bir qurum, heç bir dövlət min illərlə ölçülən dövlətçilik tarixi olan bir xalqın müstəqillik mübarizəsini məhv edə bilməz. Bütün tarixi boyu azadlıq, müstəqillik mücadiləsi aparan xalq SSRİ adlı bir imperiyanın siyasi təzyiqlərindən, repressiyalarından, sürgünlərindən çəkinmədi, qorxmadı. Xəlil Rza Ulutürkün bir şeiri xalqın mübarizə əzminin ifadəsi oldu:Qolumdakı  zəncirləri Gərək qıram, gərək qıram. 1991-ci il  oktyabrın 17-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, Xəlil Rza Ulutürkün dediyi ilhaq zənciri qırıldı, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. Hakimiyyət hərisliyi, idarəetmə səriştəsizliyi, separatçılıq meyilləri, siyasi ambisiyalar ciddi qarşıdurmalar yaratmışdı və bu qarşıdurmalar dövlətçilik üçün labüd təhlükə yaratmışdı. Lənkəranda dövlət çevrilişi cəhdi, Gəncə qiyamı bunun nəticəsiydi. Xalq bu vəziyyətin nələrlə nəticələnə biləcəyini duyurdu. Ona görə də yeganə çarə kimi ciddi təkidlə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə tələb etdi. Hələ sovetlər dönəmində də fəaliyyətinin mahiyyəti azərbaycançılıq olan, həmişə millətini düşünən dahi siyasətçi xalqın tələbiylə hakimiyyətə qayıtdı, Azərbaycan dövlətçiliyi xilas edildi – həmin gün Azərbaycan dövlətçiliyinin qurtuluş günü oldu və Qurtuluş Günü kimi tarixləşdi.

Lətif Şimşəkov
Saatlı rayon Varxankənd kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki