image-qanunla-reklam
image-zengezur

AZƏRBAYCAN QARABAĞI VƏ ZƏNGƏZURU YENİDƏN QURUR

image-lady-day-az

AZƏRBAYCAN QARABAĞI VƏ ZƏNGƏZURU YENİDƏN QURUR

İyulun 15-də Prezidentimiz cənab İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədəki çıxışında ölkəmizin cari ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlərə bir daha nəzər saldı. Cənab Prezident bildirdi ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir.

Ölkə başçısı ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına diqqət çəkərək, Qoşulmama Hərəkatındakı uğurları xüsusi qeyd etdi. Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər bir il də uzadılması, Azərbaycanın Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfəsi olaraq bu nüfuzlu qurumun Parlament Şəbəkəsinin yaradılması və Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı mühüm əhəmiyyətə malikdir.

Bundan başqa, Avropa İttifaqı ilə, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız inkişaf edir. Beynəlxalq əlaqələr, bölgədə və bütövlükdə dünyada aparılan siyasət Azərbaycana imkan verir ki, daxili problemləri daha böyük uğurla həll etsin. Cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, hələlik real nəticə yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Ölkəmizin təşəbbüsü ilə baş tutmuş delimitasiya üzrə işçi qruplarının birinci görüşünün keçirilməsi müsbət addımdır.

Ötən altı ay ərzində ölkəmizdə hərbi sahədə də islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb, yeni silahlı birləşmələr yaradılıb. Yeni müqavilələr imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq.

Azərbaycanda hərbçilərin sosial müdafiəsi məsələləri də diqqət mərkəzindədir və yüksək səviyyədə təmin edilir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb – hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s. yaradılıb. Hazırda Azərbaycan Qarabağı və Zəngəzuru öz vəsaiti və imkanları ilə yenidən qurur. Azərbaycanın enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır. Bu sahədə də işlər planlı şəkildə aparılır. Uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin.

Ötən bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək. Avropa tərəfindən Azərbaycana Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi üzrə yeni layihə təqdim edilib və ölkəmiz bu layihəyə maraq göstərir.

İşğaldan azad olunmuş ərazilərimizdə də işlər planlı şəkildə aparılır. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı, ərzaq təhlükəsizliyi də vacib məsələlərdəndir. Ona görə də həm azad edilmiş torpaqlarımızda, həm də ölkəmizin digər yerlərində təqribən 100 min hektarda buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir. Azad edilmiş ərazilərimizdə böyük su anbarlarının və su kanallarının tikintisi də içməli su və suvarma məsələlərini təmin etmək məqsədi daşıyır.

Bütün bu deyilən nailiyyətlər deməyə əsas verir ki, son illər ərzində aparılmış işlərlə Azərbaycan əsas məqsədlərə çatmışdır.

Zərdab rayon sakini, Təqaüdçü Hüseyn Həsənov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki