image-qanunla-reklam
image-11

Azərbaycan–Çexiya münasibətləri yeni strateji mərhələsi

image-lady-day-az

Azərbaycan–Çexiya münasibətləri yeni strateji mərhələsi

 

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında münasibətlər müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmət, suverenliyə ehtiram və praqmatik əməkdaşlıq prinsipləri əsasında formalaşaraq ardıcıl inkişaf yolu keçmişdir. Bu əlaqələr təkcə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycanın Avropa ilə siyasi və iqtisadi inteqrasiyasının mühüm istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsini xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Bu siyasət çərçivəsində Mərkəzi Avropa regionu ilə əməkdaşlıq getdikcə daha sistemli və məqsədyönlü xarakter almışdır. Bu kontekstdə İlham Əliyev tərəfindən həyata keçirilən balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu Azərbaycan–Çexiya münasibətlərinin inkişafına mühüm təkan vermişdir.

Çex Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, 1993-cü ildə isə diplomatik münasibətlər qurulmuşdur. Sonrakı dövrdə qarşılıqlı səfirliklərin yaradılması və fəaliyyətə başlaması əməkdaşlığın institusional əsaslarını gücləndirmişdir. Xüsusilə Azərbaycanın 2005-ci ildə Praqada səfirliyinin açılması və Çexiyanın 2019-cu ildə Bakıda diplomatik nümayəndəliyini təsis etməsi siyasi dialoqun davamlı xarakter almasına xidmət etmişdir.

2015-ci ildə Bakıda imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu sənəd yalnız siyasi-hüquqi bazanı möhkəmləndirməklə kifayətlənməmiş, eyni zamanda əməkdaşlığın uzunmüddətli prioritetlərini və strateji istiqamətlərini müəyyən etmişdir. Həmin bəyannamə çərçivəsində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və humanitar əlaqələr üzrə konkret fəaliyyət istiqamətləri formalaşdırılmışdır. Son illərdə qarşılıqlı səfərlərin intensivliyi münasibətlərin dinamik inkişafının bariz göstəricisidir. Bu baxımdan Çex Respublikasının Baş naziri Andrey Babišin Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən təkbətək və geniş tərkibli görüşlər, imzalanan sənədlər və aparılan müzakirələr göstərir ki, tərəflər əməkdaşlığın yeni mərhələsinə keçidi hədəfləyir.

Prezident İlham Əliyev və Baş nazir Andrey Babişin mətbuata bəyanatları isə bu əməkdaşlığın siyasi fəlsəfəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının vurğuladığı “çox fəal siyasi dialoq” ifadəsi təsadüfi deyil. Bu yanaşma göstərir ki, Azərbaycan–Çexiya münasibətləri artıq epizodik əməkdaşlıq çərçivəsindən çıxaraq sistemli və institusional xarakter almışdır. Bu dialoq xüsusilə dəyişən geosiyasi reallıqlar fonunda daha böyük əhəmiyyət qazanır. Cənubi Qafqaz regionunda formalaşan yeni vəziyyət, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, Orta Dəhliz layihəsinin aktuallığı və Avropanın enerji təhlükəsizliyi məsələləri Azərbaycan ilə Çexiya arasında əməkdaşlığın strateji məzmununu gücləndirir.

Azərbaycan–Çexiya münasibətləri müasir dövrdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş geosiyasi və geoiqtisadi kontekstdə mühüm əhəmiyyət kəsb edir. Mövcud dinamika göstərir ki, gələcəkdə bu tərəfdaşlıq daha da dərinləşərək strateji əməkdaşlıq modelinin nümunəsinə çevriləcəkdir.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəli Quşçu kənd tam ümumtəhsil orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki