image-qanunla-reklam
image-1630485997_bakuhava730072_df6d251032_k_361

Azərbaycan Avropaya yaşıl enerji ixracında da əsas dövlətlərdən biri olacaq

image-lady-day-az

Azərbaycan Avropaya yaşıl enerji ixracında da əsas dövlətlərdən biri olacaq

“Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələri ilə dünyanın diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etməklə tərəfdaşların coğrafiyasının genişlənməsində öz sözünü deyir. Bu fikir Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərin rəsmiləri tərəfindən xüsusi qeyd edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycanla Avropa İttifaqına üzv olan doqquz ölkə arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu mövcuddur. Mövcud geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyinin təminatına  ehtiyacın daha da artdığı hazırkı dövrdə  yeni enerji marşrutlarının müəyyənləşdirilməsinə, mövcud potensialın ortaya qoyulmasına zərurət duyulur.   Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən dövlət başçısı İlham Əliyev VIII iclasdan ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan, dünyanın enerji təhlükəsizliyinə töhfələrindən geniş bəhs etdi.  Onu da qeyd edək ki, ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.

Ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin toplantısında ötən ildə görülən işlərə yekun vurulur, qarşıdakı dövrün prioritetləri açıqlanır. Nəzərə alsaq ki, hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır, bu halda IX toplantının əhəmiyyəti, özündə ehtiva etdiyi çağırışlar daha aydın görünür. Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısına çevrilir. Bir mühüm məqamı da qeyd edək ki, Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu sahədə mövcud imkanlarımız Qarabağın və Şərqi Zəngəzurun tezliklə yaşıl enerji mərkəzinə çevriləcəyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə böyük imkanlara malik olduğunu statistik rəqəmlər əsasında diqqətə çatdırıb.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Cənub Qaz Dəhlizi Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən beynəlxalq enerji layihəsidir

Azərbaycan gələcəkdə də Cənub Qaz Dəhlizi kimi layihələri irəli sürəcək və uğurlu sonluqla başa çatmasına nail olacaq. İki il bundan öncə Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsi Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşına çevirməklə yanaşı ölkəmizin geosiyasi mövqeyini də gücləndirdi.

Ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə  “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”, dekabrın 17-də isə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Həmin mərasimdə  Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu əminliyi ifadə etdi ki,  bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək.

Azərbaycanın iştirakı ilə Avropaya istiqamətlənən enerji körpüləri ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun  aydın ifadəsidir. Sözügedən tədbirdə iştirak edən, Azərbaycana ilk dəfə  səfər etdiyini bildirən Rumıniya Prezidenti Klaus Yohannis dövlət başçısı İlham Əliyev ilə fevralın 2-də mətbuata bəyanatında bu reallığı bir daha diqqətə çatdırdı ki,  Cənubi Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Bununla yanaşı, Rumıniya Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıb. Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Azərbaycanın beynəlxalq mövqeyinə işıq salan bu kimi fikirlər bird aha təsdiqləyir ki, ölkəmizin siyasəti əməkdaşlığa heesablanıb. Yeni dostların, tərəfdaşların qazanılması əsasında gündəmə gətirilən layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir.  Dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, 2027-ci ilədək Avropaya öz qaz ixracımızı iki dəfə artırmağı planlaşdırmışıq. Bu, mümkündür, çünki  resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi görüşlər, günün aktual mövzusu olan enerji təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan müzakirələr, həmçinin imzalanan sənədlər ölkəmizin beynəlxalq nüfuzunun təqdimatıdır. Rumıniyanın  neft şirkəti “Romqaz” və SOCAR arasında imzalanan sazişə  əsasən, 2023-2024-cü illərdə Buxarestə  əlavə qaz nəql ediləcək. İmzalanan sənədlər  Avropa İttifaqında enerji təhlükəsizliyinin təmin edilməsinə nəzərəçarpan töhfə verəcək. Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Yaşıl enerjinin nəqli ilə bağlı Saziş Avropanın enerji təhlükəsizliyinə güclü imkan yaradacaq

Təbii qaz əslində dekarbonlaşma prosesinə dəstək verən bir haldır və Rumıniya Avropa İttifaqında fəal şəkildə təbii qazın və nüvə enerjisinin yaşıl enerji sahəsinə daxil olunmasını təşviq edir. Bununla da iqtisadiyyatlar karbondan azad oluna bilər. Bunun sayəsində uzun müddətdə təbii qazın istifadə edilməsi Avropa İttifaqında iqtisadiyyatı gücləndirəcək.

Bu fikirləri Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında səsləndirib.

Onun sözlərinə görə, hazırda Rumıniya karbohidrogenlərin, hidrogenlərin hasilatında və onların işlənilməsində öz rolunu oynayır. Qara dənizdə bununla bağlı yataqlar var və 2026-2027-ci illərdə əlavə həcmlər olacaqdır. Rumıniya birmənalı olaraq Avropada iqtisadiyyatların daha da güclənməsini təmin edəcəkdir.

Ötən il dekabrın 17-də Prezident Əliyevin Buxarestə səfəri zamanı yaşıl enerjinin nəqli ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Sazişin önəminə toxunan Klaus Yohannis deyib: “Bunun sayəsində Qara dəniz vasitəsilə çəkiləcək elektrik kabeli Avropanın enerji təhlükəsizliyinə daha güclü imkan yaradacaqdır. Bu, həmçinin sizin planlarınızın həyata keçirilməsində, iqtisadi rifahın təmin edilməsində, təhlükəsizlik və iqlim sahəsində müvafiq tədbirlərin görülməsində Avropa üçün və bizim tərəfdaşlığımız üçün yeni imkan açacaq.

Bir tərəfdən Avropa İttifaqının üzv dövlətləri arasında enerji əməkdaşlığı, digər tərəfdən isə Azərbaycan, – bunun strateji prioriteti var. Bundan əlavə, əslində bazarın məntiqi fəaliyyəti də tələb olunur. Mən sizi əmin etmək istəyirəm ki, mənim ölkəm regional əməkdaşlığa güclü və davamlı dəstək verəcək. Biz qarşımızda olan ümumi çağırışlara dayanıqlı həll yollarının tapılmasında səylərimizi əsirgəməyəcəyik ki, enerji təhlükəsizliyi daha da güclənsin”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Azərbaycan enerji ehtiyatları ilə Avropanın mərkəzinədək irəliləmək potensialına malikdir

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsi mühüm hadisədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsi baxımından xüsusi önəm kəsb edir. Bu sahədə yeni marşrutların qurulması və yeni resursların cəlb olunması dövlətimizin başçısı tərəfindən diqqətdə saxlanılır. Tədbir çərçivəsində, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş icrası üzrə Rəhbər Komitənin ilk iclası keçirilib. Bu layihə ölkəmizə yeni dividendlər gətirəcək.

Dünyanın nüfuzlu maliyyə institutlarının proqnozlarına əsasən, 2023-cü il bütün ölkələr üzrə iqtisadi artım tempinin aşağı düşməsi və inflyasiya həddinin yüksəlməsi ilə müşayiət olunacaq. Bunun başlıca səbəbi kimi məhz Rusiya-Ukrayna müharibəsi göstərilir. Yəni, dünyanın pandemiyanın nəticələrindən özünə gəlməyə başladığı bir dövrdə yeni böhran ağır fəsadlara səbəb olacaq. “Biz artıq görürük ki, Qərb Rusiyanın neft və qazından imtina edib. Avropada hazırda enerji böhranı yaşanır və ciddi qənaət rejimi hökm sürür. Bu reallıq məntiqi olaraq Qərbi vadar edir ki, yeni enerji mənbələri axtarışında olsun. Bu mənbələr bəllidir, ancaq o resursları Avropaya çatdıracaq infrastruktur başlıca müzakirə mövzusudur. Paytaxt Bakıda keçirilən mötəbər toplantıda da məhz bu məsələlər müzakirə edildi”, – deyə E.Allahverdiyev qeyd edib.

Rusiya-Ukrayna müharibəsinin qlobal logistika böhranına da səbəb olduğunu diqqətə çatdıran deputat bildirib ki, hazırda Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə, yaxud Gürcüstan-Qara dəniz istiqamətində daşınmalar mühüm aktuallıq kəsb edir. Xəzər dənizindən Türkiyənin Ceyhan limanına doğru neft kəmərimiz fəaliyyət göstərir. Qaz nəqliyyatına gəldikdə, TANAP kəməri fəaliyyətdədir, TAP da eyni qaydada. Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. Ölkəmiz “mavi yanacağ”ını Bolqarıstana, Yunanıstana, Rumıniyaya ixrac edir. Bu ölkələrin vasitəsilə şəbəkəyə Serbiya qoşulacaq, Albaniyanın qoşulması isə gündəmdədir. Yəni, bir sözlə, Azərbaycan Avropanın mərkəzinə qədər irəliləmək potensialına malikdir. Xəzərin Şərq tərəfindən Türkmənistan və Qazaxıstan bizim kəmər infrastrukturundan istifadə etməyə başlayıb və burada daha böyük potensial var.

Eyni yanaşmanı biz yük daşımalarına da tətbiq edə bilərik, çünki Azərbaycanın inkişaf etmiş avtomobil yolları infrastrukturu mövcuddur. Daxildəki dəmir yolları təmir edilir, Bakı-Tbilisi-Qars dəmiryolu xəttimiz işləyir. Başqa sözlə, biz bu layihənin böyük həcmlərdə işə düşməsi üçün lazım olan hər şeyə malikik. Bu artıq başqa məsələdir ki, həcmlər artdıqca, ötürücülük qabiliyyəti də çoxalmalıdır. Bu istiqamətdə hökumətin konkret yanaşması var, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu mövzuya toxunub və elə əslinə qalsa, Azərbaycan Rusiya ilə Ukrayna arasında müharibə başlamamışdan çox-çox illər qabaq bu istiqamətdə lazımi işlərə başlayıb. Məsələn, bizim Ələtdəki yeni liman Xəzər dənizi vasitəsilə yüklərin ötürülməsinə hazırdır və böyük həcmlər üçün əlavə tədbirlər də görülə bilər.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan Avropaya yaşıl enerji idxalında əsas tədarükçülərdən biri olacaq

Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının Bakıda keçirilməsi son səkkiz ildə Azərbaycanın reallaşdırdığı enerji strategiyasının qlobal əhəmiyyətini bir daha əks etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və zamanı qabaqlayan, səkkiz il əvvəl bu günün ehtiyaclarını nəzərə alan, strateji planlaşdırmanın uğurlu nümunəsi olan Azərbaycanın enerji ehtiyatlarının ixracı ilə əlaqədar layihələr qlobal müstəvidə enerji təhlükəsizliyi və dayanıqlığı problemlərinin həllinə mühüm töhfə verir. Rəsmi Bakının təşəbbüskarı olduğu transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanın strateji tərəfdaş kimi dəyərini artırır. 29 il əvvəl Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın suverenliyinin, sosial-iqtisadi tərəqqisinin qarantı oldu. Bu gün Prezident İlham Əliyev tərəfindən reallaşdırılan transmilli enerji, nəqliyyat layihələri isə ölkəmizin qlobal dəyişikliklər fonunda yeni inkişaf perspektivlərini yaradır.

2011-ci ildə başlayan Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrildi. Azərbaycanın bu təşəbbüsünün əhəmiyyəti illər sonra daha yaxşı dərk edilməyə başlayıb. Ötən il fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısında ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokştaynın çıxışını nümunə kimi qeyd etmək olar: “Çox şadıq ki, Cənub Qaz Dəhlizi vaxtında həyata keçirilib. Bu gün bu dəhlizin əhəmiyyəti daha yaxşı qavranılır. Layihə, nəinki Avropanın etibarlı qaz təchizatı, həmçinin qaz bazarının inkişafı üçün vacib layihədir. Biz bu layihəyə dəstək verdiyimizə görə məmnunuq”.

Azərbaycanın zamanı qabaqlayan daha bir təşəbbüsü Avropaya yaşıl enerji idxalıdır. Artıq bununla bağlı ilkin razılaşmalar əldə edilib. Bu unikal təşəbbüs Azərbaycanda əldə edilən yaşıl enerjini min kilometrlik sualtı kabel vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur. Avropa İttifaqının iki üzvü – Macarıstan və Rumıniya bu layihədə tərəfdaş kimi iştirak edir. Bu gün Bakıda işə başlayan Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da bu baxımdan tarixi bir hadisədir, 9 il əvvəl olduğu kimi daha bir mühüm transmilli layihənin konseptual məsələləri müzakirə edilir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyasını işləyəcəklər. Azərbaycanın pozitiv keçmiş təcrübəsi deməyə əsas verir ki, ölkəmiz Avropaya yaşıl enerji idxalında əsas tədarükçülərdən biri olmağı bacaracaq. Bu isə ölkəmizin inkişaf üçün növbəti strateji addımlardan biridir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Azərbaycanın həm Avropa, həm də dünya üçün önəmi daha da artacaq

Ötən 15 il ərzində Avropa bazarında neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini – Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqına qaz bazarına daxil oldu. 2021-ci ildə Azərbaycan Avropa regionuna səkkiz milyard kubmetr, 2022-ci ildə on bir milyard kubmetrdən çox qaz ixrac edib. Avropa İttifaqı ilə Azərbaycan arasında qaz nəqli sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması yanacağın ixracı üçün yeni fürsətlər yaradır. Razılaşmaya əsasən, Avropaya qarşıdakı illərdə daha böyük həcmdə qaz ixrac ediləcək. Proqnozlara görə, 2023-25-ci illərdə ölkəmizin qaz istehsalı 40% artacaq və Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetrədək artırıla bilər. Buna görə də TANAP-ın və TAP-ın buraxıcılıq qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur ki, bu da Cənub Qaz Dəhlizinin genişləndirilməsini gündəmə gətirir.

Son bir ildə regionda yaranmış yeni geosiyasi reallıqlar enerji siyasətində bir sıra mühüm dəyişiklikləri də meydana çıxarıb. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və enerji təhlükəsizliyi, həqiqətən, milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması təşəbbüsləri artıb. Bu reallıqlar Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən dövrdə keçirilmiş iclasından sonra bir sıra yeni tələbləri meydana çıxarıb. Avropa regionuna yeni qaz ehtiyatları üçün tələblər də artır və bu vəziyyət Azərbaycanın da rolunun artmasına səbəb olmaqda, Avropa İttifaqına daha böyük həcmdə qaz ixrac etməsinə zərurət yaratmaqdadır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası üzvləri rəsmi Bakı ilə əməkdaşlıq platformasının yeni istiqamətlərini müzakirə etmək üçün paytaxtımıza toplaşıblar.

Hazırda Azərbaycan alternativ enerji mənbələri üzrə Avropa ilə sıx inteqrasiya proseslərində fəal iştirak edir. Respublikamız yaşıl enerji layihələrinə qoşularaq regionda yeni enerji marşrutlarının yaranmasında da təşəbbüskar mövqeyini ortaya qoyub.

2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalayıblar. Bu ixrac marşrutu Azərbaycanın yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevrilməsini təmin edəcək. Eləcə də bu günlərdə Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Masdar” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında külək və Günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma sənədinin imzalanması ortamüddətli dövrdə regional enerji layihələrinin həyata keçirilməsinə və Azərbaycanın Şərqə enerji ixracına başlamasına səbəb olacaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Ölkənin bərpaolunan enerji gündəliyi

Müstəqil Azərbaycanın özünün enerji müstəqilliyini ənənəvi mənbələrdən alınan elektrik enerjisi hesabına təmin etməsi böyük nailiyyətdir. Hazırda isə qarşıya qoyulan hədəf respublikanın enerji müstəqilliyini daha da möhkəmlətməklə yanaşı, ixrac imkanlarını da genişləndirməkdir.

Yeni mərhələdə enerji istehsalı mənbələrinin şaxələndirilməsi, bərpaolunan mənbələrdən daha çox enerji alınması Azərbaycanın gündəliyinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Burada belə bir sual yaranır: Ənənəvi enerji resursları ilə zəngin olan və özünün enerji müstəqilliyini tam təmin edən Azərbaycan nə üçün yeni mənbələrdən elektrik enerjisi alınmasına belə güclü siyasi iradə ortaya qoyur? Prezident İlham Əliyev  Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında  ölkəmizin “yaşıl enerji” hədəflərinə aydınlıq gətirib. Dövlət başçımızın ifadə etdiyi fikirlərdən aydın şəkildə görünür ki, burada da Azərbaycan xoş məram nümayiş etdirir. “Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.

Ənənəvi enerji mənbələri ilə zəngin olan Azərbaycanda sudan, küləkdən, günəşdən, biokütlədən elektrik enerjisi istehsalı yeni bir istiqamətdir. Bu sahədə əsasən son 20 ildə aktiv fəaliyyətə başlanılıb. Azərbaycan müasir dövlət kimi inkişaf edir. Ənənəvi enerjidən “yaşıl enerji”yə keçid də dünyanın müasir mənzərəsini səciyyələndirir. Azərbaycan bu sahədə də öz yerini dünyanın qabaqcıl ölkələri sırasında görür. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiqləyib. Bu sahədə ilk dövlət qurumu 2009-cu ildə yaradılıb. Sonrakı illərdə dövlət başçısının imzaladığı sənədlər əsasında strukturda bir sıra dəyişikliklər edilib. Qısa müddətdə ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı üzrə çoxsaylı stansiyalar istifadəyə verilib.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın gündəliyinin yeni prioritet istiqaməti müəyyənləşdirilərkən ilk növbədə bu sahədə ölkəmizin zəngin potensialı əsas götürülüb. Respublikamızda həm quruda, həm də dənizdə belə potensial kifayət qədər böyükdür. Ölkənin bu sahədə proqnozlaşdırılan potensialı barədə məlumat verən Prezident İlham Əliyev vurğulayıb. “Potensialımıza gəldikdə, bəzi rəqəmləri diqqətinizə çatdırım. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni, 200 qiqavata yaxın potensial var. Əlbəttə ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün bu layihələri mərhələli şəkildə icra edirik”.

Son illərdə, xüsusilə də postmüharibə mərhələsində ölkəmizdə bərpaolunan mənbələrdən enerji istehsalı intensivləşib. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan edib.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Avropanın Azərbaycanla əməkdaşlığını daha da genişləndirməkdə marağı getdikcə artır

Bir dövləti siyasi, iqtisadi və hərbi baxımdan var edən məsələlərin əsasında imzalanan müqavilələr gəlir. Müasir Azərbaycan dövlətinin imzalanan ilk müstəqil sənədi 1918-ci ildə Cümhuriyyətin elanını təmin edən “İstiqlal Bəyannaməsi” olub. Lakin Azərbaycan müstəqil dövlət kimi siyasi, hərbi və iqtisadi tərəfdaşlıqları ehtiva edən anlaşmaları müstəqilliyin bərpasından sonra imzalaya bilib. Bu mənada ötən əsrin sonunda yenə Gülüstan sarayında imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin iqtisadi münasiblərinin formalaşması baxımından həlledici xarakter daşıyır. Burada müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin möhkəmlənməsini təmin edən Ulu Öndər Heydər Əliyevin töhfələrini xüsusi vurğulamaq lazımdır. Ümummilli Liderin böhranlı anlarda qərar qəbul etmək iradəsi və diplomatik zəkası nəticəsində həm atəşkəs, həm də neft müqaviləsi imzalandı.

İqtisadiyyat əldə olan ehtiyat əsasında formalaşmalı və sonradan şaxələndirilməlidir. Azərbaycanın zəngin təbii ehtiyatlara və hətta yaşıl enerji növləri üçün əlverişli iqlimə, coğrafiyaya sahib olması iqtisadi münasibətlərin əsasını təşkil etməyə davam edir. Fevralın 3-də yenə Gülüstan sarayında Prezident İlham Əliyevin ev sahibliyi ilə təşkil edilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Azərbaycanın sözügedən sahələrdə reallaşdırdığı layihələrin önəmli tərəfdaşlarından olan Rumıniyanın Prezidenti Klaus Yohannis və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson iştirak etdilər. Bu layihələrin reallaşması ilə Azərbaycanın Avropa enerji təchizatındakı rolu ikiqat artacaq.

Prezident İlham Əliyev tədbirdə çıxışında Azərbaycanın yaşıl enerji növləri üçün əlverişli tərəfdaş olmaqla yanaşı, növbəti 100 il üçün kifayət edəcək təbii qaz ehtiyatlarına sahib olmasına diqqət çəkdi. Digər məsələ isə dövlətimizin başçısının Naxçıvanı da enerji ixracatına daxil etmək planıdır.

Prezident İlham Əliyevin söylədiyi “Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha da artıq olacaqdır” fikirlərini xatırladan politoloq deyib ki, bu, özlüyündə Zəngəzur dəhlizi barədə də düşünməyi zəruri edir. Digər tərəfdən Prezident İlham Əliyev özəl şirkətlərin cəlb edilməsi ilə yanaşı, Rumıniya və Macarıstanın yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacağına əminliyini ifadə etdi. Yəni, rəsmi Bakı da Avropa ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Qısacası, Azərbaycanın Avropa ölkələri ilə son illərdə artan və yaşıl mahiyyət qazanan enerji sahəsində görüşləri, imzalanan anlaşmalar 1994-cü ildə başladılan iqtisadi tərəfdaşlığın genişlənərək davam edəcəyini göstərir. Kadri Simsonun çıxışında “uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsasını qoyuruq” söyləməsi isə bu anlaşmaların XXI əsrin Azərbaycanının qurulması baxımından həlledici olacağını deməyə əsas verir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Aydındır ki, Avropa üçün alternativ enerji təchizatçısı tapmaq mümkünsüz deyil, xüsusən Yaxın Şərq və Orta Asiyada ciddi mənbələr Qoca qitənin tələblərini tam ödəyə bilər. Lakin Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevlə birbaşa təmaslar Avropada Azərbaycan Liderini sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda, hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilmədi. Şəxsən dövlətimizin başçısı İlham Əliyevin nail olduğu daxili stabillik isə möhkəm təməl əsasında qurulub və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı bütövlükdə daxildə hər hansı təhdid yoxdur.

Ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni, sərvətləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir.

Sirr deyil ki, Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda Avropa İttifaqı enerji təhlükəsizliyi böhranı yaşayır. Yuxarıda sadalanan amillər, o cümlədən Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət nəticəsində formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu bu mənada Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə Azərbaycanı Avropa İttifaqı və Birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir.

Azərbaycanın imici Avropanın təhlükəsizliyində artan söz sahibi olması ilə bağlı İttifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Əksinə, Mərkəzi Avropa və Balkan ölkələrinin rəhbərləri Prezident İlham Əliyevə güvəndiklərini açıq mətnlə ifadə edərək bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə edirlər.

Azərbaycanın isə milli maraqları rəhbər tutaraq bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran deputat deyib: “Bu mənada Azərbaycan Prezidentinin Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərləri, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının davamı kimi Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının Bakıdakı iclasları proseslərin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir.

Bir sözlə, 30 il əvvəl özünün müstəqilliyi sual altında olan Azərbaycan bu gün Avropa dövlətlərinin müstəqillik və suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirməkdədir və elə yalnız bu fakt özü Heydər Əliyev siyasi kursunun bütövlükdə region üçün alternativsiz olduğunu göstərməkdədir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələr dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında bir daha səsləndirilib. İclaslarda Rumıniya Prezidenti Klaus Yohannisin, Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksəksəviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır.

Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə digər ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi yanacaq” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişlənəcəyinə əminlik formalaşır.

Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Prezident İlham Əliyev çıxışında da bildirdi ki, bizim təbii qaz ixracımız artır. Biz nəinki hasilatı, o cümlədən ixracı artıracağıq və onun coğrafiyasını genişləndiririk. Əminəm ki, bu gün layihəyə qoşulmuş ölkələr bunun faydasını artıq görürlər və görəcəklər. Həmçinin biz digər interkonnektorlarla Avropada daha çox ölkəni layihəyə qoşa biləcəyik”, – deyə S.Fətəliyeva qeyd edib. Onun fikrincə, yeni iştirakçıların tədbirə qatılması isə yeni bazarlarda Azərbaycan qazına və “yaşıl enerjisinə” ehtiyac olduğunu göstərir. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir. Dövlətimizin başçısının da vurğuladığı kimi, ölkəmiz yeni əməkdaşlıqlara hazırdır.

Toplantıda Rumıniya Prezidenti Klaus Yohannisin dediyi kimi Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson isə vurğulayıb ki, Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edirlər: “Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni anlaşma memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi”. Bu kimi amillər Azərbaycanın iqtisadi baxımdan qazancını artırmaqla yanaşı, ölkəmizə siyasi dividendlər də gətirir. Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirən faktorlar sırasındadır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki