image-qanunla-reklam
image-1679384824_ac41d40c-425d-3840-971b-8f4deac2005c_850

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

image-lady-day-az

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.

İkinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarını azad edən Azərbaycan Respublikasının qələbəsi ilə başa çatmışdır. Bu 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təmini üçün müsbət nəticələnmişdir.

Türkiyə hərbi əməliyyatların ilk günündən Azərbaycanı ədalətli mübarizəsində dəstəkləmiş, ona siyasi və diplomatik dəstək göstərmişdir. Son hadisələr bir çox regional vəzifələrin həllində Azərbaycanın, Rusiyanın və Türkiyənin qarşılıqlı əməkdaşlığının effektliyini bir daha göstərmişdir.

Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etməsindən sonra istər daxili, istərsə də xarici siyasətində aparıcı yer alan məsələ – Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların azadedilməsi məsələsi olmuşdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribat və terror fəaliyyətlərinin durduğu şübhəsizdir.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Bu zirvənin ən yüksək nöqtəsi isə ötən il iyunun 15-də iki ölkə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amili tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır: “Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi”.

Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bundan başqa, sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq. Digər bir vacib məqam ondan ibarətdir ki, bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və Şuşa Bəyannaməsi bu qardaşlığı daha da gücləndirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş Zəfər paradında çıxışını bütün türk dünyası üçün qürur kimi dəyərləndirmək olar. Prezident çıxışında Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya göstərdi. Türkiyə mediası bu tarixi çıxışı geniş işıqlandırdı. Rəcəb Tayyib Ərdoğan çıxışında bunları dedi: “Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün  burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır. Bundan sonra Türkiyə və Azərbaycan olaraq hədəfimiz bu torpaqları firavan, inkişaf etmiş, övladlarımız üçün yaşana bilən bir yerə çevirmək uğrunda mübarizə aparmaqdır. Türkiyə  və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir”.

Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın mövqeyini dəstəkləməsi Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstək oldu, gücümüzə güc qatdı.  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir. Bu iki qardaş dövlət məsuliyyətli tarixi məqamlarda bir yumruq kimi birləşərək bu birliyin sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirə bilir. Bu, tarixən də belə olub, illər keçsə də belə olacaq. Türkiyənin regionda gücü postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır.

 

Hüseyn Eynullayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki