image-qanunla-reklam
image-1679258585_1647720451_1616144062_8277514_1616143923_7588909e8d279b0-09c6-4c45_rgyb6os

Dörd ünsür, dörd bayram çərşənbəsi

image-lady-day-az

Dörd ünsür, dörd bayram çərşənbəsi

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır. Azərbaycan xalqının bayram mədəniyyəti qədim və zəngindir.Bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün dayanması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan “dörd ünsür” nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərmişdir. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.

Çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən qədim əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini bayram edirdi. Bunlara “Oğru üzgü”, “Doğru üzgü” və “İlaxır çərşənbə” də deyilib. Bu çərşənbələrin hərəsinə görə öz adət-ənənələri olub: “Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisi “Birinci çərşənbə”, “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Su çərşənbəsi” adlandırılıb. Çərşənbələrin adlandırılmasında yerli adlar da mövcuddur. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə “Yalançı çərşənbə”, digər dörd ilaxır çərşənbəyə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib.

Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir.  Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi-Aliyə Rüstəmova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki