image-qanunla-reklam
image-1655627600_2022-06-19_10-44-03

Yazıçı Təranə Məmmədin yaradıcılığı haqqında düşüncələrim – Nizami Təhməzov

image-lady-day-az

(Üçüncü hissə)
Təranə Məmmədin yaradıcılığında milli – mənəvi dəyərlər, insani və bəşəri duyğular, həqiqi sevgi və məhəbbət əsas yer tutur və ictimai mahiyyət kəsb edir. Onun qəhrəmanları lazımi məqamda milli və ictimai maraqları öz maraqlarından üstün tutur. Bu məziyyət Təranə xanımım yaradıcılığında bir qırmızı xət təşkil edir. İnsanın fəlsəfi- psixoloji konsepsiyasının yaradıcısı, rus psixoloqu Sergey Leonidoviç Rubinşteyn bədii yaradıcılıq haqqında demişdir: “ Yaradıcılıq insanın xüsusi növ fəaliyyəti olub ictimai əhəmiyyəti olan maddi və mənəvi dəyərlərin yaradılması deməkdir. Yaradıcılıq da mahiyyət etibarilə idrakdır. Yaradıcılıq insan fəaliyyətinin xüsusi formasıdır”. Mənim fikrimcə, iki cür yazarlar var, əlbəttə, bu, mənim subyektiv fikrimdir. Birincilər şan- şöhrət üçün, tanınmaq, ad- san qazanmaq üçün zor gücünə yazanlar. İkincilər isə yazmaya bilmədikləri üçün yazanlardır. Bu cür insanlar yazmayanda rahat ola bilmir, dərin narahatlıq keçirir, bir yerdə qərar tutmurlar. Sanki nəsə çatışmır, sanki nəyisə gözləyirlər, elə bil nəyəsə xəyanət edirlər. Özlərini suçlu, günahkar sayırlar… Bax, bu istedaddır. Istedadın daxili narahatlığı, daxili təlatümüdür. Bu, fikirdi, sözdü, düşüncədi. Fikrin, sözün, düşüncənin yeri, məqamı gələndə yazmayanda insanı incidir, narahat edir, içini cırmaqlayır,yuxusunu qeybə çəkdirir. Təranə Məmməd də belədir. O, yazmaya bilmədi. Narahat günlər, yuxusuz gecələr keçirdi. Təranə xanımın o qədər güclü. zəngin, dərin təxəyyülü var ki, səmimi desək, mən bunu yalnız Allaın vergisi hesab edərdim. Təbii ki, bədii yaradıcılıqda təxəyyül böyük əhəmiyyətə, mən deyərdim ki, lap müstəsna dərəcədə əhəmiyyətə malikdir. Hər bir bədii əsərin öz ideya xətti vardır ki, yazıçı bu ideyanı konkret obrazların vasitəsilə həyata keçirir. Bu obrazları yaradan isə bədii təxəyyüldür. Təxəyyülün mahiyyəti və əsas vəzifəsi, yeni- yeni müxtəlif xarakterli obrazlar yaratmaq və bu obrazlar vasitəsilə yazıçının, müəllifin ideyalarını, fikir və düşüncələrini həyara keçirmək funksiyasından ibarətdir. Fransız psixoloqu “ Xalqlar və kütlə psixologiyası” əsərinin müəllifi Qustav Lebon deyir ki, “…hətta təxəyyül fəaliyyətinin yeri, elmi- texniki yaradıcılıqda bədii yaradıcılıqda olduğundan daha artıqdır”.
Bütün bunları yazmaqda məqsədim odur ki, Təranə Məmməd bədii yaradıcılığa çox gec başlasa da, onun zəngin təxəyyülü və potensiyalı daha məhsuldar işləməyə, hər zaman oxucularının marağına səbəb olacaq bir-birindən maraqlı, müxtəlif xarakterli, müxtəlif xasiyyətli obrazların yaradılması üçün nəinki yetərlidir, hətta, mən deyərdim ki, daha artıqdır.
Təranə xanımın yaradıcılığını ardıcıl və diqqətlə izləyən hər bir oxucu bu dediklərimin canlı şahidinə çevrilər. Onun öz dili,öz üslubu,öz yazı manevrası var.O,heç kəsin yolunu təkrar etmir,heç kəsin getdiyi yolu getmir.Təranə xanımın öz orjinal yaradıcılıq yolu var.Təsvirçilikdə,sözçülükdən çox uzaqdır.O,ən çox fikrə düşüncəyə üstünlük verir.Təxəyyül çox mürəkkəb psixi bir proses olduğundan Təranə Məmməd ən kiçik bir hekayəsində ele psixoloji məqamlar verir ki,həssas oxucular hisslərini cilovlaya bilməyib kövrəlir və bir müddət onun təsiri altından çıxa bilmir.Bu fikrin,sözün,düşüncənin bacarıqla yerində və məqamında işlədilməsinin nəticəsidir.Çəkinmədən deyərdim ki,Təranə xanım bütün yazılarında, bu istər iri həcmli əsərlər, istərsə də kiçik həcmli hekayələr olsun,yalnız oxucularında xoş duyğular, xoş hisslər oyatmır, bu ədəbi nümunələr həmdə onları düşündürür, yaxın dostuna, məsləhətçisinə çevrilir.Təranə xanım bunları obrazların dili ilə demir. Heç müəllif təsvirində də vermir.Bunu hadisələrin gedişində real həyat həqiqətlərini əks etdirən təsvirlərdə elə canlı,elə təbii və elə inandırıcı verir ki,sanki oxucular baş verənləri öz gözləri ilə görür gah kədərlənir gah acıyır ,dərin iztirablar keçirir,gah da gülür,sevinir,xoş hisslər,duyğular yaşayır.Hər iki halda oxucu özü üçün nəticə çıxarır, ibrət götürür .
Müasir dünya ədəbiyyatının ən orjinaı müəlliflərindən biri,məşhur türk yazışısı Əlif Şəfəq bədii yaradıcılıq haqqında öz fikirlərini belə izah edir:”Elə əsər yazın ki,özünüz də onu sevəsiniz.Əgər yazdığınız şeydən zövq alırsınızsa (bu onu yazarkən sıxıntı keçirməyiniz demək deyil) ehtimal ki,insanlar da o əsəri oxuyarkən eyni hissləri keçirəcək.Yazıçı ilə əsəri arasında bir eşq hekayəsi yoxdursa,oxucu ilə o əsər arasında da sevgi olmayacaq.”
Tamamilə düzgün fikirdir.Bu yaxınlarda İçərişəhərdə ”Book house” – kitab evində Təranə Məmmədlə oxucularının görüşü keçirildi.Bəlkə də bəzi dostlarımız inanmaz. Görməsəydim, bəlkə heç mən də inanmazdım. Çünki indiki vaxtda, çağdaş Azərbaycan cəmiyyətində kitab oxuyanlarımızın sayının xeyli azaldığı bir zamanda Göyçay şəhərindən xüsusi olaraq Təranə Məmmədin görüşünə gələn var idi. Bu, şair Qalib Nuri Arif idi. Onu bura gətirən Təranə Məmməd yaradıcılığının möhtəşəmliyi, onun ecazkar sənətinin təsir gücü idi. Qalib Nuri Arif çıxışında etiraf etdi ki, bu qədər uzaq yolu gəlməyə vadar edən Təranə xanımın qələminin gücü, onun yaradıcılığına olan sonsuz sevgisi və məhəbbıtidir. O, böyük coşğu ilə, böyük emosiya ilə deyirdi: “ Mən Təranə Məmmədin əsərlərini, o cümlədən “ Sirr” romanını həyacansız oxuya bilmədim, səbrim çatmır, tələsirdim. İstəyirdim tez sona çatsın. Hətta telefonumu da söndürürdüm. Kimsənin mane olmasını istəmirdim. Təranə xanım elə istedadlı, elə güclü bir yazıçıdır ki, o, öz füsunkar qələmi ilə, mənə elə gəlir ki, hər bir oxucuya təsir göstərə bilir”.
Təranə Məmmədin öz sənətinə, öz əsərlərinə olan böyük sevgisi Türk yazıçısı Əlif Şəfəqin fikirlərinin aydın təzhürü və real nümunəsidir. Təranə xanım bədii yaradıcılıqla bağlı öz fikir və düşüncələrində Əlif Şəfəqə çox yaxınlaşır və deyərdim ki, lap bəzi məqamlarda onunla oxşarlıq təşkil edir. Əlif Şəfəq yazır: “ Yazmaq yalnızlığa sayqı, ehtiramdır. Xaricə yönəlik deyil, içəriyə – daxilə yönəlikdir. Əyləncə və sosiallaşmanı deyil, yalnız keçiriləcək saatları, günləri, həftələri, illəri seçməkdir”.
Təranə xanımım əsərlərini oxuduqca biz bu daxili tənhalığı aydın şəkildə görür və o qənaətə gəlirik ki, Təranə xanım qələmə aldığı hadisələrlə, yaratdığı obrazlarla yaşayır, onların ağrı- acılarını çəkir. Bu zaman sanki özünü unudur, tənhalaşır, yalqızlaşır. Tənha və yalqız olaraq obrazların daxili aləmini, mənəvi dünyasını, onların taleyini düşünür.
( Ardı var)

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo