image-qanunla-reklam
image-1655443130_63018f93-fe87-40d1-b27b-dbb833ec82ff

YAZIÇI TƏRANƏ MƏMMƏDİN YARADICILIĞI HAQQINDA DÜŞÜNCƏLƏRİM – Nizami Təhməzov

image-lady-day-az
(Birinci hissə)
İndi yazmaq da bir dərddi, ağrıdı, əzabdı. Bu dərdin,əzabın altında yazmağın özü də bir əzabdır, xəstəlikdir. Ağrıyırsan, için-için yanıb qovrulursan, amma yenə də yazırsan.Çünki yazmaya bilmirsən.Çünki yazmaq yaşamaqdır.Yazıçının yaşamağı yazmağındadır. Ağrımayan,acımayan,gecəni səhərə qədər diri gözlə açmayan yazıçı yaxşı yazıçı ola bilməz.Cild-cild,qalaq-qalaq kitabları çıxa bilər,amma kimsənin fərqində ola bilməz. Kimsənin yadına düşməz.Çünki o yazılar ağrı-acılı,keşməkeşli,təlatümlü yollar keçməyib.Çünki o yazılar müəllifi haldan- hala salmayıb,əzablı günlər yaşatmayıb.Çünki yazıçı tək öz həyatını yaşamır,içində,fikrində,düşüncəsində yaranan,meydana gələn neçə-neçə müxtəlif tipli,müxtəlif xarakterli obrazların həyatını, dünyasını, daxili aləmini, taleyini yaşayır. Onların əzabını, ağrısını çəkir. Bu əzabı,bu ağrıları çəkə-çəkə həyatını qurban verir.
Yazıçı Təranə Məmməd də belədir. Özünün rahat, kübar, elit həyatını yaşaya bilmədi.Ağrı-acıları,narahat günləri.yuxusuz gecələri seçdi. Daha doğrusu,bu seçimi ona Allah vermişdi. Allah seçdiyi insanlara lütfkarlıq edir.Ona xüsusi istedad,bacarıq verir. Elə dəyərlər verir ki,bu dəyərlər insanların qarşısında bir mayaka çevrilir,onlara yol göstərir,dostuna,yoldaşına,sirdaşına çevrilir.
Mən Təranə Məmmədi uzun illərdir tanıyıram, bəlkə də qırx ilə yaxındır.Əvvəllər haqqında çox eşitmişdim, amma üzünü görməmişdim.Bilirdim ki, Universitetin şərqşünaslıq fakültəsini bitirib. Bakı Dövlət Universitetində və Xarici Dillər İnstitutunun iki illik ərəb dili kursunda dərs deyir. Mənim ərəb dilindən fərdi qaydada dərs dediyim Respublikanın xalq artisti, dövlət mükafatı laureatı, görkəmli kinorejissor Tofiq İsmayılov diplom almaq üçün Təranə xanımın qurupuna, yəni ikinci kursa qəbul olunur.Tofiq İsmayılov çox ciddi adam idi. Deyim ki,xasiyyəti elə idi ki,hər kəsi bəyənməzdi. Amma Təranə xanım haqqında elə həvəslə, elə maraqla danışırdı ki, yalnız fədakar insanlar öz əzizləri haqqında belə ürəkdolusu,məhəbbətlə söhbət açardı.”O qədər savadlı, o qədər gözəl,o qədər zərif, incə və təvazökardır ki,hətta qrupumuzun ən zəif tələbəsi belə ona diqqətlə,heyranlıqla qulaq asar,verilən tapşırıqları həvəslə yerinə yetirərdi.” Tofiq İsmayılov sanki yeni bir dünya kəşf etmişdi. Hər dəfə görüşəndə Təranə xanım haqqında mütləq söhbət açar,böyük məmnunluqla danışardı. Bəlkə də Tofiq İsmayılov biz jurnalistlərə belə insanlar haqqında yazmaq mesajı verirdi.Ancaq mən bunu çox sonralar başa düşdüm. Onda 1985-ci il idi və Moskvada böyük beynəlxalq tədbir –Dünya tələbələrinin və Gənclərinin 12-ci Beynəlxalq Festivalı keçirildi. Başqa həmkarlarımız kimi biz də bu möhtəşəm tədbirə ərəb dili tərcüməcisi kimi rəsmi dəvət olmuşduq. Mən və hörmətli Təranə xanım Mən yalnız orda Təranə xanımı yaxından tanıdım .Bu beynəlxalq festivala, demək olar ki dünyanın bütün ölkələrindən bütün xalqların nümayəndələri- gəncləri gəlmişdi.Lap Afrikanın Qəbilə başçısının da nümayəndəsi iştirak edirdi.Amma səmimi deyim ki,orda yalnız bir Təranə Məmməd var idi.Və mən orda Tofiq İsmayılovun o vaxt dediyi bir həqiqətin şahidi oldum ki,minlərlə insanın içərisində Təranə xanım tamam fərqlənirdi.O,öz gözəlliyi,zərifliyi,danışığı,münasibəti,rəftarı ilə insanları məftun edir,onların sonsuz sevgisini qazanırdı. Biz ərəb ölkələri nümayəndələri ilə işlədiyimizdən onlar Təranə xanımın tərcüməsinə danışığına,səsinə,diqqətlə qulaq asır,öz təəccüblərini, heyranlıqlarını gizlədə bilmirdilər. Emosional şəkildə “Çox gözəldir”, “ Hamıdan gözəldir”, “Yaşasın Azərbaycan!” deyir və kollektiv şəkildə rəqs edirdilər.
Mən orada bildim ki,gözəlliyin vətəni olmur.Milliyətindən,dinindən,irqindən asılı olmayaraq gözəllik hər yerdə,hamı tərəfindən qəbul edilir, sevilir. Əlbəttə,burda söhbət yalnız cismani gözəllikdən getmir. Kantın fikrincə desək “…Gözəllik əxaqlığın,fəzilətliliyin simvolu rolunu oynayır. ” Mən bunu yazmaqla hesab etmirəm ki,Təranə xanımın belə təriflərə ehtiyacı var.Əsla! Bu, tamamilə yanlış fikir olardı. Feyerbaxın bir fikri çox xoşuma gəlir ki, sitat:”Əgər gözəllik görünməyəcəksə, gizli qalacaqsa, hərəkət və xarakterlərdə duyulmayacaqsa, heç zaman özünü büruzə verməyəcəksə, bu heç kəsə gərək deyildir,əslində bu heç gözəllik deyildir.” Əgər belə gözəllik və insani fəzilətlər uzaq-uzaq ölkələrdən gəlmiş gəncləri ehtizasa gətirib,coşdurub əl- ələ tutub “Yaşasın gözəl Azərbaycan” deyə-deyə rəqs edirdilərsə,mənə elə gəlir ki,bu vətənini xalqını sevən hər bir Azərbaycanlıda qürur hissi yaratmaya bilməzdi. Bu,gözəlliyin gücü,qüdrəti idi! Aristotel deyir ki, “gözəlliyin əsas vəzifəsi insanları qəbahətlərdən,pis vərdişlərdən,yaramaz hərəkətlərdən,alçaq ehtiraslardan təmizləməkdir.Gözəllik əxlaqı saflaşdıran,fəzilətləri təkmilləşdirən qüvvədir.”
Moskvadan, Festivaldan qayıdandan sonra mən bir daha Təranə xanımı görmədim.Amma heç vaxt yadımdan çıxmadı.Vətəndən uzaqlarda,qısa bir tədbirdə öz mənəvi və cismani gözəllikləri, əxlaqı fəzilətləri ilə yüzlərlə insanın qəlbinə yol alan,onların sevgisini qazanan bir adamı unutmaq olardımı? Filosoflar deyirlər ki, “gözəllik gələcək nemetlərin və uğurların əlamətidir”. Təranə xanımla ilk tanışlıqdan hiss etdim ki, o. adi bir xanım deyil,vergili insandır.Allah heç nəyi ondan əsirgəməyib.Gözəl linqivistdir. Beş dildə sərbəst və mükəmməl danışır və yazır.İstedadlı rəssam və musiqiçidir.Yüksək ağıla,savada,idraka,intellektə malik modern düşüncəli bir Azərbaycan ziyalısıdır. Hardasa oxumuşam ki,insani gözəlliyin təsirinin mühüm təzahür formalarından biri yalnız insanlarda zövq vermək,xoş təsir bağışlamaq,duyğulandırmaq deyil, həm də,ən əsası insanların ürəklərində başqa insanlara sevgi,məhəbbət,xeyirxahlıq,yaxşılıq hissləri yaratmaq, onları yad meyllərdən,pis əməllərdən çəkindirməkdir. Başqalarının sevinci ilə sevinmək,kədəri ilə kədərlənmək qabiliyyətini dərinləşdirmək, adamlarda bir-birinə yaxşılıq etmək,xeyirxahlıq göstərmək istəyini və tələbatını yaratmaqdır. Təranə xanım da belədir.Amma o,hədsiz dərəcədə təvazökardır.Özü haqqında danışmağı, nəsə deməyi,bilik və bacarığını nümayiş etdirməyi qətiyyən sevmir.Bu cür insanlar bir növ kölgədə qalırlar.Biz onları görmür,tanımırıq.Onlar özlərini biruzə verməyi sevmirlər.Təranə xanım da bu cür insanlardandır.Moskvada olanda hiss edirdim ki,onun güclü bədii yaradıcılıq potensialı,zəngin söz ehtiyatı,dərin təxəyyülü və güclü fantaziyası var.Bu barədə bir söz deyəndə,nəsə soruşanda sadəcə gülümsünürdü və xoş təbəssümlə cavab verirdi.Sanki nədənsə qorxur,nədənsə ehtiyat edirdi.Bəlkə də özünə inanmır,güvənmirdi.Bəlkə də hesab edirdi ki,yazıçılıq,şairlik elə uca zirvədir ki,hər adam o ucalığa yüksələ bilməz.Qəti şəkildə hiss edirdim ki,onun içində nəsə bir təlatüm,bir fırtına var.Amma bu təlatüm və bu fırtına nə idi bilmirdim. ( Ardı var).
DogruXeber.az

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki