image-qanunla-reklam
image-vekil1

“Vəkilə verilən mükafatın məbləğinə hədd qoyulmamalıdır”

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev Konstitusiya Məhkəməsinə müraciət edib. Məhkəmə sədri müraciətində hüquqi yardıma görə haqqın və ya mükafatın ödənilib-ödənilməməsinin konkret iş üzrə məhkəmənin qərarı və ya məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı gəldiyi nəticə ilə şərtləndirilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olub-olmaması, habelə hüquqi xidmətin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu həllinə (nəticəsinə) görə əlavə haqqın ödənilməsinin nəzərdə tutulmasının hansı hallarda və həmin haqqın hansı həddinin hüquqdan sui-istifadə kimi təfsir edilə biləcəyi konteksində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrini və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsini Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 560.2 və 560.3.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsini xahiş edib.

Müraciətdə R.Əliyev qeyd edib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cü maddəsinin 1 və 3-cü hissələrinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu ödəniş işin nəticəsindən asılı deyil. Yəni öz təşəbbüsü ilə hüquqi yardım almaq üçün vəkilə müraciət etmiş şəxs işin nəticəsinin onun arzuladığı kimi olub-olmamasından asılı olmayaraq, mütləq qaydada ödəniş etməlidir. Ödənilən haqqın məbləği isə tərəflərin razılığı ilə tənzimlənir. Lakin sözügedən ödənişdən əlavə, hüquqi yardımın göstərilməsi barədə müqavilələrdə işin uğurlu həlli nəticəsinə görə vəkilə müəyyən miqdarda mükafatın ödənilməsini nəzərdə tutan müddəalara geniş rast gəlinir.

Hakim bildirib ki, bu halda vəkillərin hüquqi yardım göstərdiyi şəxsə işin hüquqi perspektivi barədə yanlış məlumat verməklə, işin uğurlu həlli nəticəsinə görə özünə tənasübsüz surətdə böyük qonorar tələb etməsi ehtimalları ortaya çıxır.

Qanunla.az mövzu ilə bağlı vəkillərin fikirlərini öyrənib.

Vəkil Şaiq Mirzəyev deyib ki, işin uğurlu nəticəsinə görə vəkilə verilən mükafatın aşağı və yuxarı həddini müəyyən etməyə ehtiyac yoxdur. O bildirib ki, vətəndaşla vəkil arasında bağlanan müqavilə sərbəst müqavilədir.

“Azərbaycan Respublikasının qanunvericiliyi bu mükafatın həddini müəyyən etmir. Tərəflər müstəqil şəkildə bu məbləği müəyyən edirlər. Təbii ki, burada ağlabatan məbləğdən söhbət gedir. Əlbəttə, 1000 manatlıq məhkəmə mübahisəsinə görə 10 min manat mükafatın ödənilməsi real deyil. Həm də vəkillər hər iş üçün mükafat istəmirlər. Lakin mən hesab edirəm ki, xüsusən də kommersiya və mülki işlərdə mükafatın tələb olunması normaldır. Tutaq ki, vətəndaş vəkilə müraciət edir və deyir ki, bir nəfərin ona 1 milyon manat borcu var və qaytarmır, ona görə də məhkəməyə müraciət etmək istəyir. Bu zaman vətəndaş vəkillə müqavilə bağlayır və ona xidmət haqqı kimi 1000 manat ödəniş edir. Eyni zamanda vəkilə vəd verir ki, əgər bu iş onun xeyrinə nəticələnsə, geri qaytarılan puldan vəkilə 10 min manat verəcək. Yəni, göründüyü kimi, mükafat heç də həmişə vəkillərin öz təşəbbüsləri ilə deyil, bəzən vətəndaşların da istəyi ilə müəyyən olunur. Vətəndaş vəkilin işə daha ciddi yanaşması və arzuladığı nəticəni əldə etməsi üçün onu bu yolla həvəsləndirir. Böyük məbləğdə məhkəmə mübahisələrində vətəndaşlar daha çox özləri mükafat verməkdə maraqlı olurlar ki, təki istədikləri nəticə əldə edilsin. Düşünürəm ki, bu normaldır. Axı vəkil də vaxt və enerji itirir, bir işin üzərində uzun müddət çalışmalı olur. Ona görə vəkilin haqqıdır ki, çəkdiyi zəhmətin qarşılığında mükafat alsın. Hesab edirəm ki, önəmli olan vəkilin müştərini aldatmadan, işin nəticəsi barədə vəd vermədən və vicdanla yüksək keyfiyyətli hüquqi xidmət göstərməsidir”, – deyə o bildirib.

Vəkillər Kollegiyasının üzvü Elvin Səlimov da vəkilə verilən mükafatın məbləğinə hədd qoyulmasının əleyhinə olduğunu bildirib.

“Biz hüquqi yardıma görə işin nəticəsindən asılı olmayaraq xidmət haqqı alırıq. İşi uduzsaq belə, hüquqi yarım göstərdiyimizə görə xidmət haqqı müəyən olunur. Lakin tərəflər arasında qarşılıqlı razılaşma əsasında vəkil işin uğurlu nəticəsinə görə müəyən mükafat almaq hüququna malikdir. Bu dünya təcrübəsində də var və geniş istifadə olunur. Hüquqi yardıma görə ödənilən haqqın aşağı və yuxarı həddi yoxdur. Bir vəkil nikahın pozulması işinə görə 200 manat, digər vəkil isə 5 min manat xidmət haqqı ala bilər. Vətəndaş o vəkilin hüquqi yardımından istifadə etmək istəmirsə, müqavilə bağlamasın. Onsuz da müqavilədə şərtlər müəyyən olunur, bütün detallar göstərilir. Eyni zamanda məbləğ də öncədən müəyyən edilir. Vəkil müraciət edən vətəndaşa əvvəlcədən deyir ki, hüquqi yardımla bağlı müəyyən etdiyi xidmət haqqının məbləği, tutaq ki, 5 manatdır. Amma işin nəticəsinə hər hansı zəmanət vermir. Lakin işin hüquqi perspektivini nəzərə alıb deyə bilər ki, bu iş vətəndaşın xeyrinə nəticələnsə, yəni iddia təmin olunsa, müəyyən məbləğdə mükafat alacaq. Əgər bu şərt vətəndaşı qane etmirsə, əvvəlcədən müqaviləni poza bilər. Ona görə də burada aşağı və yuxarı həddi müəyyən etməyə ehtiyac yoxdur”, – deyə vəkil qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki