image-qanunla-reklam
image-t2_items_1315814381_4_b

Son illərdə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib

image-lady-day-az

Ana dili hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biridir. Dil sosial hadisə olduğuna görə hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən mühüm göstəricisi kimi də qəbul olunur. Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun mənsub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Dilçilik İnstitutunda Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək istiqamətində bir sıra işlər görülüb. İlk növbədə, Dilçilik İnstitutunda bir neçə yeni şöbə (Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılıb. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə də Azərbaycan dili ilə bağlı iki mühüm dövlət sənədinə imza atıb. Onlardan birincisi “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamdır. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” 2018-ci 1 noyabr tarixli Fərmanıdır. Fərmana əsasən, reklam daşıyıcılarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Qeyd olunan bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışmağa əsas verir. Söz yox ki, ana dilimiz haqqında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini etibarlı şəkildə təmin edir.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki