“Dövlət orta ümumtəhsil məktəblərində cari və ya əsaslı təmir işləri üçün şagirdlərdən pul yığılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə görə, dövlət məktəblərində təhsil pulsuzdur və dövlət tərəfindən maliyyələşdirilir”.
Qanunla.Az bildirir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, dövlət məktəblərində təmir və ya digər məqsədlər üçün şagirdlərdən pul yığılması qanuna ziddir və belə hallar aşkar edildiyi təqdirdə hüquqi məsuliyyətə səbəb ola bilər.
“Azərbaycan Respublikasının Konstitusiyasına əsasən (Maddə 42), hər bir vətəndaşın pulsuz orta təhsil almaq hüququ var. Eyni zamanda, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Maddə 13) görə, dövlət təhsil müəssisələrində təhsil alan şagirdlərdən təhsil haqqı və ya digər ödənişlər tələb edilə bilməz. Məktəbin təmiri və digər texniki təminat məsələləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilməli və maliyyələşdirilməlidir.
Elm və Təhsil Nazirliyi və digər dövlət qurumları məktəbin təmirinə dair ehtiyacları müəyyən edir və bu işlər üçün dövlət büdcəsindən vəsait ayrılır. Bu səbəbdən, şagirdlərdən və onların valideynlərindən bu məqsədlə pul yığılması qanunsuzdur. Dünya təcrübəsinə gəldikdə, bir çox ölkələrdə dövlət məktəblərində təhsil pulsuzdur və məktəbin maliyyə xərcləri dövlət büdcəsindən qarşılanır. Məsələn, Avropa ölkələrinin əksəriyyətində, ABŞ-da və Kanadada dövlət məktəblərində təhsil tamamilə pulsuzdur, və məktəbin təmiri, texniki avadanlıqların təminatı və digər xərclər dövlət tərəfindən qarşılanır. Bununla belə, bəzi ölkələrdə valideyn komitələri müəyyən könüllü ianələr toplaya bilərlər, lakin bu, məcburi deyil və valideynlərin razılığına əsaslanır. Azərbaycanda isə belə bir rəsmi fondlar məktəblərdə yoxdur. Nə kağız pulu, nə printer pulu, zibil pulu, fond pulu, təmir pulu yığıla bilməz”,- deyə ekspert qeyd edib.