Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2022-2023 tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqlar 16.02.2023-ci il tarixindən başlayıb. Dərs cədvəlləri elektron formada tərtib olunub dekanlıqlara, kafedralara göndərilib, həmçinin tələbələri şəxsi kabinetində yerləşdirilib.Yaz semestrində verilən tapşırıqlar üçün konkret zamanın müəyyənləşdirilməsi və göstərilən zaman müddətində tapşırıqların icrasına nəzarət gücləndirilib. Bu semestrdə 1039 tələbə alt dərsə yazılıb.

Bunu “Qanunla.az”a açıqlamasında AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov deyib.

Akif Qasımovun sözlərinə görə, fənlərin imtahan formaları fakültələrlə birgə müəyyənləşdirilib və ixtisas fənləri istisna olmaqla digər fənlərin attestasiyasının test formasında aparılmasına üstünlük verilib.

“437 fəndən 154 fənn (35%) yazılı, 256 fənn (59%) test üsulu ilə və 27 fənn(6%) imtahanları fakültədə keçirilməsi planlaşdırılıb. Bu tədris semestrində I kurslarda aylıq aralıq imtahanlar mərkəzləşmiş formada test üsulu ilə keçirilməsi davam edəcəkdir. Artıq bütün fənlərdən testlər test mərkəzinə göndərilib”, – deyə, prorektor əlavə edib.